Əsas Səhifə > Cəmiyyət, Manşet > Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı?
Səlim Müslümovun təriflədiyi kadrları bunlardımı?23-01-2014, 12:27 |
Bildiyiniz kimi bir müddət əvvəl Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bütün rayonların tibbi-sosial ekspert komissiyaları (TSEK) sədrlərinin iştirakı ilə iclas keçirmişdir və 14 sədri elə iclasdaca işdən çıxararıb, zaldan qovmuşdur.İşdən azad olunanlar sırasında 30 saylı zona Biləsuvar-Cəlilabad TSEK-in sədri də var idi. Bolgexeber.com bildirir ki, işdən azad olunmuş 30 nömrəli keçmiş TSEK sədrinin əvəzinə Xöşbəxt xanım təyin olunub. Qeyd edək ki, sədr vəzifəsinə keçməzdən əvvəl Xöşbəxt xanım Biləsuvar Mərkəzi Xəstəxanasının terapiya şöbəsində işləyib. Deyilənlərə görə TSEK sədri Xöşbəxt xanımın elə əvvəllər də TSEK-lərlə yaxşı əlaqələri , olub və münasibətlərin isti olması səbəbindən xəstəlik və əlilliyə görə sənədlərin verilməsində vasitəçilik edib. Bu səbəbdən də onun TSEK sədri təyin olunması heç də təsadüfi deyil. Deyilənə görə Xöşbəxt xanım bildirib ki, məni vəzifəyə xahiş edib gətizdiriblər. Maraqlıdır ki, Səlim Müslümov 30 nömrəli TSEK sədrini və oranın bir neçə əməkdaşını işdən kənarlaşdırsa da əməkdaşımızın çəkdiyi görüntülərdən də aydın görünür ki, onlar özlərini əməkdaş kimi aparırlar. Bildirilir ki, bunun səbəbi işdən çıxarılan köhnə əməkdaşların indi orada qeyri-rəsmi, makler kimi işləmələridir. Bildirilir ki, sədr dəyişilsə də 30 nömrəli TSEK-də problemlər əvvəlkitək qalmaqdadır. Qanuni surətdə buradan sənəd ala bilməyən vətəndaşlar artıq neçə vaxtdır ki, yerli TSEK-in qabağına yığışaraq öz narazılıqlarını bildirirlər. Əməkdaşımız adıçəkilən yerdən reportaj hazırlayarkən binanın qabağına toplaşan sakinlər bildirdilər ki, yeni nazir Səlim Müslümov deyib ki, mən hər şeyi şəffaf şəkildə quracam, ancaq belə şəffaflıq olmaz , köhnə hamam köhnə tasdır. 30 nömrəli TSEK-in qanunsuz əməllərindən, burada mövcud olan süründürməçiliyindən boğaza yığılan yerli vətəndaşlar artıq binanın qarşısına toplaşaraq öz narazılıqlarını açıq şəkildə bildirirlər. Sakinlərin Bolgexeber.com –un əməkdaşına dediyinə görə 30 saylı TSEK-in köhnə işçiləri hal-hazırda idarədə dəllalıq edirlər və buranı əsl bazara çeviriblər. Sakinlər bildirirlər ki, köhnə sədrin zamanında burada xəstəlik və əlilliyə görə təqaüdə çıxmaq üçün görülən bütün işlərin hamısı saxtakarlıq və rüşvət üzərində qurulmuşdur.. Hansı ki, pul verməyən, həqiqətən xəstəliyi olan adamlar üzdəniraq TSEK rəhbərinin qəzəbinə tuş gəlib, süründürməçiliyə məruz qalırdı. Belə vəziyyətdə sağlam və iş qabiliyyətli şəxslər isə pul müqabilində tək şəxsiyyət vəsiqəsini verməklə istədikləri əlillik qruplarını alırlar. Etibarlı mənbənin deməsinə görə,TSEK- də hər bir sənədin öz qiyməti var. O cümlədən xəstəlik və əlilliyə görə təqaüdə çıxmaq üçün verilən rüşvətin də öz “tası” vardır. Xatırladaq ki, Səlim Müslümov bir müddət əvvəl demişdi ki, bu gün tamamilə çirkaba bulaşmış komissiyaların fəaliyyəti şəffaf və təmiz əsaslarla yenidən bərpa olunacaq: “Bugünkü iclasda işini itirəcək insanların sayı çox olacaq. Bizim şəhər və rayonlarda elə Tibbi Sosial Ekspert komissiyaları var ki, onlar hər kəsə əlillik dərəcəsi verir. Bu sadəcə dəhşətli bir hadisədir. Bütün bunlar da insanlarda yalnız nifrət hissi oyadır. Lakin bütün cəmiyyət də bilir ki, həmin komissiyalar nələrin hesabına min oyunlardan çıxırlar”. Ancaq reallıq odur ki, deyilənlər söz olaraq qalıb. Biz Səlim Müslümovun niyyətinin təmizliyinə şübhə etmirik. Görünür nazir bəzi işçilərlərini yenidən vəzifədən çıxartmalı və onları cəzalandırmalı olacaq. Çünki əməkdaşımızın 30 saylı TSEK-də gördükləri onu göstərir ki, yeni təyin olunmuş sədr nazirin dediklərindən düzgün nəticə çıxartmayaraq köhnə sədrin yolu ilə getməkdə israrlıdır . Yaxın zamanlarda əməkdaşımızın məsələ ilə bağlı hazırladığı videomaterialı oxuculara təqdim edəcəyik. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Geri qayıt |