Əsas Səhifə > Cəmiyyət, Manşet > "İsa müəllim, hansı addımlar və hansı alimlər?"

"İsa müəllim, hansı addımlar və hansı alimlər?"


30-03-2023, 09:53
"İsa müəllim, hansı addımlar və hansı alimlər?"
DİA.AZ: - "Alimlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün addımlar atılır". Xatırladaq ki, bu açıqlama ilə bir neçə gün əvvəl yerli KİV-də Azərbaycan Milli elmlər Akademiyasının prezidenti İsa Həbibbəyli çıxış etmişdi. DİA.AZ bildirir ki, AMEA prezidenti fikrini belə yekunlaşdırmışdı: "Alimlər güzəştli faizlərlə ev almaq imkanına malik olacaqlar".

Qeyd edək ki, AMEA şefinin bu açıqlaması elə sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. Ən diqqətçəkəni isə tanımış professor İdris Abbasovun AMEA rəhbərliyinə xitabən müraciəti oldu.

DİA.AZ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun açıqlamasını təqdim edir:

"İsa müəllim, hansı addımlar və hansı alimlər? Özünüzü və ətrafınızı, yaxınlarınızı, sizə "ləbbeyk" deyənləri, ölkənin gələcəyini məhv etməklə akademiyada pul qazanmağın qara yollarını bilənləri deyirsinizsə, düz deyirsiniz. Bu barədə çox yazıb, çox demişik.

Özünüzün mülkədara çevrilmənizi bildik. Zəhmət olmasa, deyə bilərsinizmi, sizinlə bağrıbadaş olan alim-professorlar 150-200 minlik mənzili, maşını və s. 500-600 manat maaşla necə alıblar?!

Özünüzün, dostlarınızın, yaxınlarınızın xeyrinə bu həqiqətləri gizlətdikcə, bilirsinizmi, ölkəyə nə qədər böyük ziyan vurursunuz?!

Gənc alimləri qoyaq bir tərəfə, mənim kimi "qoca" alimlər o maaşla, dediyiniz o "güzəştli" mənzili ala bilərlərmi? Ona görə də, illüziya yaratmağa ehtiyac yoxdur.
Bu sualı sizə verən elmi töhfələrini bəh-bəhlə dilə gətirdiyiniz elmlər doktoru, şöbə müdiridir. O şöbə müdiri ki, akademşəbəkənin yalanları və yolsuzluqları ucbatından aldığı maaşla dərmanını ala bilmir, nəinki mənzil. O şöbə müdiri ki, onun aldığı aylıq maaşı siz uşaqlarınızın, nəvələrinizin 3 gün oynayacağı oyuncağa xərcləyirsiniz. Sözün düzünü deməyə tutduğunuz yol imkan vermədiyi üçün bu milləti rəzil edib zillətə yuvarlandırırsınız. "Səmərəli" fəaliyyətinizin bəhrəsi göz qabağındadır: savadsızlıq, riyakarlıq, baş alıb gedən yaltaqlıq, vecsizlik, gözə kül üfürmə, inamsızlıq, ümidsizlik, qarşılıqlı nifrət, qısqanclıq, düşmənçilik, nəhayət, ölkədə başlayan terror hadisələri... Sizə dəxli yoxdur, eləmi?!

PS. Sovetin bacarmadığını bacardınız. Bu xalqı bir-birinə düşmən etməyə müvəffəq oldunuz. Allah cəzanızı versin!"

Məsələ ilə bağlı dia-az.life olaraq qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt