Əsas Səhifə > Cəmiyyət, Manşet > Binanı tikən dələduz çıxıb... zülmü çəkən camaatdır!

Binanı tikən dələduz çıxıb... zülmü çəkən camaatdır!


5-04-2023, 09:50
Binanı tikən dələduz çıxıb... zülmü çəkən camaatdır!
Bakının Yeni Günəşli ərazisində tikintisi yarımçıq qalan, sahibi dələduzluğa görə həbs edilən "Sahil - S İnşaat" MTK-ya məxsus binasının sakinləri yeni bir cəncəl və ciddi problemlə üzləşiblər. Sakinlər indi də kredit ödənişi etmək üçün maliyyə arayışlarını əldə edə bilmir. Bununla bağlı I vitse prezident Mehriban Əliyevaya və Baş Prokuror Kamran Əliyevə müraciət edən sakinlərin sözlərinə görə, bu məsələyə dövlətin müdaxiləsi olmasa, vətəndaşlara köməklik göstərilməsə probpem həllini tapmayacaq. "Çünki şirkətin dələduz əməllərinə görə həbsdə olan rəhbəri Taley Alaverdiyev ödənişlərlə bağlı qəbzlərə imza atmır, möhür vurmur. Bu adam istintaq altında olduğu dövrdə biz ödənişləri edirdik, sonra göndərilirdi, o da təsdiqləyirdi, sonra həmin vəsaitlə binanın tikinti işləri görülürdü, liftlər quraşdırılırdı. İndisə şirkətin sahibi qol çəkməkdən imtina edir, biz də qeyri-müəyyən vəziyyətdə qalmışıq, binadakı işləri tamamlaya bilmirik. Bu günlərdə Baş Prokurorluq yanında Korrupsiya ilə Baş Mübarizə İdarəsinə müraciət etdik, oradan cavab verildi ki, istintaq yekunlaşıb, iş məhkəməyə göndərilib. Yəni Taley Alaverdiyev istintaq altında deyil, hər arayışlara möhür vurmaqdan imtina edir. Deyir ki, vətəndaşlar məni həbs etdirib, acığa qol çəkməyəcəm. Beləcə, 165 ailənin illərdir ki, çəkdiyi əziyyətin üstünə daha bir problem gəlib"- deyə şikayətçilər müraciətdə üzləşdikləri çətinliyi qeyd ediblər. Onlar Mehriban xanımdan və baş prokurordan bu məsələnin yoluna qoyulması üçün xahiş ediblər: "Taley Alaverdiyev dələduzluğa görə həbs edilsə də, faktiki şirkətin sənədləri ona aiddir, səlahiyyət sahibidir. Biz də ondan asılı vəziyyətə düşmüşük. Nəyə görə belə olmalıdır ? Bu adam fırıldaq edibsə, cinayətə yol veribsə, onun MTK üzərindəki səlahiyyətlərinə xitam verilməlidir. Bəs, dövlət vətəndaşa hansı şəraitdə kömək etmək üçündür? Biz kimdən dəstək gözləməliyik? Bu şəxs Azərbaycan vətəndaşıdır, Azərbaycan qanunları ilə mühakimə olunursa, biz gedib başqa dövlətə müraciət etməli deyilik ki?! Onun dələduzluğu ucbatından onsuz da mənzillərimizə köçə bilmirik, indi öz gücümüz hesabına işləri tamamlamaq istəyirik, amma dövlət bizi bir dələduzdan asılı vəziyyətə salıb. Həbsdə də adam dövlətə , vətəndaşlara, qanunlara meydan oxuyur. Ona görə bu işlə Prezident Administrasiyası, Baş Prokurorluq, məhkəmə sistemi təcili məşğul olmalıdır. Biz artıq bilmirik ki, Taley Alaverdiyev arayışlara qol çəksin. Bu adama belə çıxır ki, qanunların, dövlətin gücü çatmır? Bəs, dövlət vətəndaşa nə zaman yardım edir? Bizə cavab verilir ki, bu dələduzun şirkət üzərində səlahiyyət hüquqları qalır deyə ondan asılı vəziyyətdəsiz. Təsəvvür edin ki, həbsdə olan dələduz orada belə qanunlardan əleyhimizə istifadə edir. Bu nə məhkəmə-hüquq sistemidir? Bu nə yanaşmadır? 165 ailə lift qoydurub binada normal yaşayışını təmin edə bilmir, bir cinayətkar isə dövlət orqanları qarşısında "at oynadır". Ona görə Mehriban xanıma və hörmətli Baş prokurora ümidimizi bağlamışıq. Biz dövlətin ali rəhbərliyinə və ali qanunlarına inanırıq. İnanırıq ki, illərdir yaşadığımız bu müsibətlərə, bitməyən problemlərə dövlətin iradəsi nəticəsində kökündən son qoyulacaq. Faktiki 165 ailə bir dələduzun əlində qalıb və bizi yalnız dövlət rəhbərliyi bu cinayətkarın cəngindən xilas edə bilər. Dövlət bu şirkəti nəzarətə götürsün, himayə etsin, cinayətkar şəxsin səlahiyyətlərinə xitam verilsin, o, MTK üzərində hüquqlardan məhrum olunsun, binadakı işlər ya rəsmi şəkildə sakinlərin kollektiv idarəçiliyinə verilsin, ya dövlət özü himayə edib problemlərə son qoysun. Ümid edirik ki, bizim müraciətimiz eşidiləcək, hörmətli Mehriban xanım və cənab prokuror səsimizə səs verəcək".
Anaxeber.info

Geri qayıt