Əsas Səhifə > Cəmiyyət, Manşet > “Putyovka”lardan qazanılan milyonlar necə bölüşdürülür?
“Putyovka”lardan qazanılan milyonlar necə bölüşdürülür?7-04-2023, 10:51 |
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinin fəaliyyəti ilə bağlı narazılıq artmaqdadır. Sosial yardımların (ÜSY) və əlilliyin müəyyən edilməsi məsələsində vətəndaşların kütləvi etirazına yol açan Agentlik indi də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda sağlamlıqlarını itirmiş qəhrəman vətən övladlarının qəsdinə durub. Sosial şəbəkələrdə və mətbuatda qazilərlə şəhid ailələrinin Sosial Xidmətlər Agentliyinin fəaliyyətinə yönəlik şikayətlərin son dərəcə intensivləşdiyi müşahidə edilməkdədir. Şikayətçilərin ölkə başçısına ünvanlanmış müraciətlərində Agentliyin sədri Vüqar Behbudovun fəaliyyətindən, onun əlil və qazilərə, şəhid ailələrinə sayğısızlıq etdiyi bildirilir. Qazilərin, həmçinin sağlamlığını itirmiş digər vətəndaşların reabilitasiyası və müalicəsini təşkil etməli olan Sosial Xidmətlər Agentliyinun bu sahədə ciddi qanun pozuntularına yol verməsi də edilən şikayətlər sırasındadır. Qeyd edilir ki, son zamanlar Agentlik əlil və qaziləri tibbi xidmətləri ilə qidalandırma səviyyəsinin yüksək olduğu sanatoriyalara deyil, tibbi personalı olmayan, pasiyentlərə keyfiyyətsiz yemək verilən, ümumi xidmət göstəricilərinin çox aşağı olduğu bərpa mərkəzlərinə göndərir. Şikayətçilər qeyd edirlər ki, qazi və şəhid ailələrinin kurort mərkəzlərinə göndərilməsi üçün dövlət büdcəsindən on milyonlarla manat həcmində vəsait ayrılsa da, bu pul təyinatı üzrə tam xərclənmir. İddia olunur ki, Agentliyin rəhbəri özünə yaxın şirkətləri tenderlərdə qalib edərək, dövlətdən ayrılan vəsaitləri “silməklə” məşğuldur. Şikayətçilərin bildirdiyinə görə, qazi və şəhid ailələrinin adlarına sənədləşdirilən göndərişlərdə (putyovka) tibbi xidmətlər üçün qiymətlər iri məbləğlərdə göstərilsə də, onlar reallıqda xidmətləri zəif olan pansionatlara göndərilirlər. Şirkətlərin hesabına köçürülən vəsaitlərin böyük hissəsinin isə sonradan geri alındığı deyilir. Qeyd edək ki, belə neqativ hallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş rəhbərliyinin dövründə də baş verib. Diqqətə çatdıraq ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2021-ci ilin fevral ayında həbs edilməsi uzun illərdir əhalinin kasıb və imtiyazlı təbəqəsinə dövlət büdcəsindən ayrılan yüz milyon manatlarla vəsaitin qurumun yüksək vəzifəli şəxsləri tərəfindən mənimsənildiyi faktını aşkara çıxardı. DTX-nin həmin dövrdə sabiq nazirin həbsi ilə bağlı açıqladığı məlumatda Səlim Müslümovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsində işlədiyi müddətdə nazirliyin fəaliyyət istiqamətləri üzrə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsinin təşkil edilməsi, işəgötürənlərin əmək, məşğulluq və sosial müdafiə məsələləri ilə bağlı fəaliyyətlərinə dövlət nəzarətinin həyata keçirilməsi və digər səlahiyyətlərin yerinə yetirilməsi zamanı çoxsaylı sui-istifadə hallarına yol verməsinə dair faktların aşkarlandığı, aparılmış yoxlamaların nəticələri ilə bağlı onun həmin nazirliyin müxtəlif ərazi şöbələrinin rəhbərlərinin hər birindən 10 mindən 30 min manatadək külli miqdarda təkrar rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi bildirilirdi. Səlim Müslümovun sonralar davam etdirilən məhkəmələrində şəhid ailələrinə və qazilərə dövlət tərəfindən inşa edilən evlərin həmin şəxlsərə növbədənkənar verilməsi üçün rüşvət alındığı da şahid ifadələrində öz əksini tapıb. Şikayətlərdən göründüyü kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu qurumunda baş verən qanun pozuntuları və digər maxinasiyalar əvvəlki dövrlərdən daha geniş vüsət alıb. Bildirilir ki, Naftalan şəhərində fəaliyyət göstərən bir sıra sanatoriyaların nazirlikdəki bəzi şəxslərlə “otkat” etdiyi məlum olub. Bu barədə faktlar Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə araşdırması zamanı aşkarlanıb. APA-nın yaydığı məlumatda hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda iş üzrə bir sıra şahidlərin ifadələrində deyilir: “Məhkəmədə ilk olaraq Ehtiram Əhmədov dindirilib. “Sehrli Naftalan” sanatoriyasında çalışmış Ehtiram Əhmədovun sözlərinə görə, işlədiyi müddətdə imtiyazlı şəxslər “putyovka” ilə sanatoriyada istirahətdə olublar. Hər “putyovka”dan isə müəyyən məbləğ “otkat” kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Şəlalə Cəfərovaya verilib: “Sanatoriyanın rəhbəri Dilsuz Əzizov idi. Pulu verirdi, aparıb Şəlalə Cəfərovaya çatdırırdım. “Putyovka”lardan ümumilikdə 1 milyon manat “otkat” çatdırmışam”. Məhkəmədə “Möcüzəli Naftalan” sanatoriyasının rəhbəri də ifadəsində nazirliyin onlardan pul aldığını bildirib. İttihama əsasən, istintaqın araşdırma apardığı dövrdə “putyovka” xərcləri üçün sanatoriyaya 3 milyon manat pul köçürülüb. Həmin vəsaitin 1 milyon manata yaxın hissəsi isə “otkat” kimi geri qaytarılıb: “Sanatoriyaya göndərişlər olurdu. Bir “putyovka” təxminən 600-700 manatlıq idi. Hər “putyovka” üçün isə 150 manat “otkat” verilib. Həmin pulları isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcovun əli ilə maliyyə və icmal büdcə şöbəsinin müdiri Şəlalə Cəfərovaya vermişik. Sonuncu dəfə isə 29 min 509 manat “otkat” verməli idik, sonradan eşitdik ki, Səlim Müslümov işdən çıxıb. Həmin pul bizdə qalıb”. Kürdəmir rayonunda yerləşən sanatoriyada işləmiş Elçin Ağayev isə nazirliyin iqtisadiyyat şöbəsinin sektor müdiri Dəyanət Fərəcova 4 ildə 204 min manat “otkat” verdiyini deyib. Həmin pullar da “putyovka”lar üçün köçürülən vəsaitdən nağdlaşdırılıb. İddialara görə, nazirliklə bir sıra kurort mərkəzləri arasında olan “otkat” münasibətləri hələ də davam etməkdədir. Mövzu ilə bağlı araşdırmalarımızı davam etdirəcəyik. www.yenicag.az Geri qayıt |