Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvan Vasif Talıbovun LƏPİRLƏRİNDƏN TƏMİZLƏNİR...

Naxçıvan Vasif Talıbovun LƏPİRLƏRİNDƏN TƏMİZLƏNİR...


18-04-2023, 10:24
Naxçıvan Vasif Talıbovun LƏPİRLƏRİNDƏN TƏMİZLƏNİR...
Naxçıvanda yeni struktur dəyişiklikləri gözlənilir

Son zamanlar Naxçıvanda kadr və struktur islahatlarına ara verilməsi mən də daxil olmaqla bir çox insanlarda daxili narahatlıq yaratmışdı.
Bu gün etibarlı mənbələrdən aldığımızı bir məlumat isə ortadakı narahatlığı qismən azaltdı. Məlumata görə, bu həftədən etibarən Naxçıvanda islahatlara yenidən start veriləcək.
Bildirilir ki, yaxın günlərdə Naxçıvanda xan rejimindən qalan və Azərbaycandakı mövcud idarəetmə sistemi ilə qətiyyən uzlaşmayan iki qurumun ləğv edilməsi, onların bazasında yeni bir struktur yaradılması gözlənilir. Söhbət Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyi və Dövlət Nəqliyyat Xidmətindən gedir.
Qeyd edim ki, Azərbaycanda bu iki qurumu bir nazirlik əvəz edir: Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi. Naxçıvanda isə Vasif Talıbov, məşhur atalar sözündə deyildiyi kimi, bir kündəni yarıya bölüb 2 çörək bişirirdi. Rəsmi Bakı isə ondan həmin strukturları birləşdirməyi Azərbaycan idarəetmə sisteminə uyğunlaşdırmağı tələb edirdi. Bakının tələblərini qulaqardına vuran “xan” həzrətləri bürokratik aparatı mənasız yerə böyüdürdü. Sözsüz ki, onun Azərbaycana tabesizlik nümayişində özünün korrupsioner maraqları da vardı.
“Xan” həzrətləri birdəfəlik istirahətə göndərildikdən sonra “kiçik torpaq”da aparılacağı gözlənilən əsas struktur dəyişikliklərindən birinin bu iki strukturun birləşdirilməsi idi. Üzərindən 4 ay keçməsinə baxmayaraq, bu istiqamətdə konkret addımların atılmaması istər-istəməz bəzi müəmmalı suallara yol açırdı.
Əldə etdiyim məlumata inansaq, hazırda sözügedən strukturlarda maliyyə yoxlamalarına başlanılıb. Təxmin edilir ki, yoxlamalar nəticəsində ciddi korrupsiya faktları ortaya çıxarıla bilər. Azərbaycan reallığından çıxış edərək korrupsionerlərin nə cür cəzalanacağı barədə bir söz demək mümkün olmasa da, yoxlamalardan sonra bu iki qurumun birləşdirilməsi barədə konkret iddialar var.
““Xan”ın yaratdığı qondarma qurumların ləğv ediləcəyi və Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə uyğun qurumun yaradılacağı və ora Bakıdan bir rəhbər təyin ediləcəyi gözlənilir. Yeni qurumun adı isə böyük ehtimalla, “Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Naxçıvan Baş İdarəsi” adlanacaq”, - mənbəmiz bildirir.
Onun iddiasına görə, rəsmi Bakı yalnız Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə aid struktur dəyişikliyi ilə kifayətlənmək fikrində deyil. Ondan sonra növbənin Naxçıvanın boz kardinalı ləqəbilə məşhuri-cahan olan Azər Zeynalovun nəzarət etdiyi Naxçıvan Dəmir Yolları və Naxçıvan Hava Limanına gələcəyi və həmin strukturlarda da ciddi dəyişikliklərin aparılacağı istisna edilmir.
//ovqat.com//
Geri qayıt