Əsas Səhifə > Cəmiyyət, Manşet > Səfərbərlikdəki korrupsiya: ÖRTÜK QALXACAQMI?

Səfərbərlikdəki korrupsiya: ÖRTÜK QALXACAQMI?


19-04-2023, 09:27
Səfərbərlikdəki korrupsiya: ÖRTÜK QALXACAQMI?
Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin rəisi Arzu Rəhimov vəzifədən azad edildi və onun yerinə Mürsəl İbrahimov təyinat aldı.

1964-cü il oktyabrın 1-də Naxçıvan şəhərində anadan olan Arzu Rəhimov 2012-ci ildən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi işləyirdi. 2012-ci ildə general-leytenant, 2021-ci ildə general-polkovnik hərbi rütbəsi alıb.

58 yaşlı general-polkovnik Arzu Rəhimov vəzifədən azad edildikdən sonra yeni təyinat almayıb. Onun vaxtından əvvəl ehtiyata buraxılıb-buraxılmayacağı da bəlli deyil. Maraqlıdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan üzrə baş idarəsinin rəisini cəmi 3 gün əvvəl işdən çıxardıqdan sonra özü də vəzifədən kənarlaşdırıldı.

DİA.AZ bildirir ki, Manset.az-ın əməkdaşı Arzu Rəhimovla əlaqə saxlayıb. O, vəzifəsindən azad edilməsinə belə münasibət bildirib: “Cənab Prezident məni işdən azad edibsə, deməli, belə lazımdır. Prezidentin hər bir əmrini, sərəncamını icra etmək borcumuzdur. Mən xahiş edirəm, gəlin bunu heç nəyə yozmayaq”. “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində rüşvət halları aşkar edilə bilərmi” sualına sabiq xidmət rəisi qısa cavab verib: “Biz hüquqi dövlətdə yaşayırıq. Kim qanunvericiliyimizi pozursa, qanun qarşısında cavabdehdir, məsuliyyət daşıyır”.

Arzu Rəhimovin rəhbərlik etdiyi qurum yarananda bir sıra hərbi ekspertlər ölkənin hərbi səfərbərlik və xidmətə çağırış sistemində müsbət dəyişikliklərin olacağını ehtimal edirdilər. Bu illər ərzində Arzu Rəhimov rəhbərlik etdiyi xidmətin fəaliyyəti dövründə bu qurumda rüşvət və korrupsiya halları barədə mediada xeyli yazılar dərc olunub. Dövlət Xidmətinin rəhbərliyinin çağırış prosesindəki rüşvətxorluq, qanunsuzluq halları, xidmət daxilində həyata keçirdiyi kadr siyasəti ilə bağlı problemlərdən bəhs edən çoxsaylı materiallarla internet üzərindən axtarış verərək tanış olmaq mümkündür.

Məlumdur ki, hər il Azərbaycan dövlətinin büdcəsindən Dövlət Səfərbərlik Xidmətinə də milyonlarla pul ayrılır. Bildirilirdi ki, bu pulların öz təyinatı üzrə xərclənməsi sahəsində də ciddi maliyyə maxinasiyaları həyata keçirilir və nəticədə dövlət vəsaiti korrupsiyanın qurbanına çevrilir. O da iddia olunurdu ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi 44 gün davam edən müharibə dövründə məmurlardan, oliqarxlardan, biznesmenlərdən və imkanlı adamlardan külli miqdarda rüşvət alaraq, onların övladlarını hərbi çağırışdan gizlədib, bir qrupunu döyüş bölgəsindən kənar hərbi hissədə saxladıb, digər hissəsini “koronavirusa yoluxub” bəhanəsi ilə döyüşdən yayındırıb.

Arzu Rəhimovun ölkə daxilində və xaricdə böyük biznes şəbəkəsinə malik olduğu barədə mediada çoxsaylı məlumat və materiallar dərc olunub. İstisna deyil ki, A.Rəhimovun işdən çıxarılmasından sonra hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılsın. Generalın “Milyonçular məhəlləsi”ndə çoxsaylı obyekt və bir neçə milyonluq malikanəsi olduğu da iddialar sırasındadır.

DİA.AZ-ın məlumatına görə, “Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində “hər şey qanun çərçivəsində olub” demək sadəlövhlük olar: “Bundan əvvəl "voyenkomat" sistemi idi. Rəhbəri də Əliağa Hüseynov idi. Bu gün Əliağa Hüseynovu balaca silkələsələr, 5-10 milyon ortaya çıxar. 2011-ci ildə “voyenkomat” sistemi ləğv olundu, əvəzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradıldı. Arzu Rəhimov da rəis təyin olundu. Bu qurum yarandığı gündən “voyenkomat” sistemində baş verən yarıtmaz fəaliyyəti, bu yarıtmazlığın birbaşa olaraq rəhbərlikdən qaynaqlanmasını davam etdirdi. Yarandıqdan 5 il sonra, 2016-cı il dövlət büdcəsində “Müdafiə” bölməsinin “Müdafiə Qüvvələri” köməkçi bölməsinin “Ordu və donanma” paraqrafı üzrə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saxlanması üçün nəzərdə tutulmuş vəsait mənimsənildiyi üzə çıxdı. Arzu Rəhimov susdu, bu məsələyə münasibət bildirmədi. Məlum oldu ki, təkcə 2016-cı ildə SHXÇDX-yə büdcədən 20 milyon 189 min 929 manat pul ayrılıb. Bu vəsaitin yarıdan artığı, yəni 10 milyon 452 min manatı ştatda olan işçilərin əmək haqqına nəzərdə tutulub. Ştatdankənar işçilərin əmək haqqı məbləğı 22 min 500 manat qeyd edilib. Amma SHXÇDX-də ştatdan kənar işçilər mövcud deyil. Həmin il Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 761 min 646 manat vəsait nəzərdə tutulub. Halbuki 2012-ci ildə Səfərbərlik Xidmətinə dərman preparatları və sarğı materiallarının satın alınması üçün 20 min manat vəsait ayrılıb. 20 min manat hara, 761 min 646 manat hara? Bu qədər sarğı materialını Arzu Rəhimov neyləyib?"

Yada salaq ki, ehtiyatda olan polkovnik Ağa Fəttahov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin uçuruma getməsi barədə “Yeni Müsavat”a açıqlama vermişdi. Demişdi ki, Arzu Rəhimov Səfərbərlik Xidməti idarələrinin təmirinə ayrılan pulları şişirdilmiş formada göstərir. Məsələn:

1) Sumqayıt şəhərinin şöbəsinə 3 milyon manat;

2) Bakı şəhəri, Nizami rayon idarəsinin tikilməsinə 3 milyon manat;

3) Ağsu rayonunun Miqrasiya İdarəsinin balansında olan bina qeyri-qanuni Səfərbərlik Xidmətinin balansına keçirilib və onun təmirinə 7 milyon manat pul xərclənib.

Polkovnik qeyd etmişdi ki, vaxtilə Hərbi Komissarlıqdan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə keçən bütün şəxsi heyətin adına kartlara pul keçirilmişdi. Arzu Rəhimov bu pulları mənimsəyib. Kartlardan pullar çıxarılıb. Həmçinin Arzu Rəhimov göstəriş verib ki, bütün şöbələr şöbə rəislərinin hesabına təmir olsun. Özü isə həmin şöbələrə ayrılmış pulu mənimsəyib. Həmçinin həmin anonim şəxs bildirdi ki, Arzu Rəhimov bu yaxınlarda Ukrayna dairəsinin yanında dəyəri 3 milyon manat olan villa alıb..."

Geri qayıt