Əsas Səhifə > Cəmiyyət, Manşet > Yasamalın başçısı yolsuzluğa hansı 'faiz' lə icazə verib?!

Yasamalın başçısı yolsuzluğa hansı 'faiz' lə icazə verib?!


23-04-2023, 10:26
Yasamalın başçısı yolsuzluğa hansı 'faiz' lə icazə verib?!

Unudulmaz dahi rəssam Rəşid Şerif bir karikatura çəkmişdi və adını belə qoymuşdu: "Əcəb epoxaya düşmüşük!"


"Rahatlığın məkanı" MMC Yasamalda tikdiyi yaşayış kompleksinə kanalizasiya çəkir və yolları dağıdıb, töküb. Şəkildəki açıq kanalizasiya quyusunu görəndə Rəşid Şerifin o məşhur karikaturası düşür. Şəhərimiz onsuz da yarımadada yerləşir; giriş-çıxışlar azdır. Şimal və şimal-qərb tərəflərdən gələn yolun bir qolu da burdan keçir: 1 saylı Vərəm Əleyhinə Dispanserin qarşısından. Yəni Müzəffər Həsənov küçəsindən.

Onsuz da dünyanın düz vaxtı bu küçədə tıxac olur; indi bayramdır deyə seyrəklik var. Adi vaxtlarda buralardan keçib getmək əsl məşəqqətdir. Üstəgəl "Rahatlığın məkanı" MMC adlı tikinti şirkəti burda söküntü işləri ilə məşğul olub. Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun "mübarək" imzası ilə icazəni alıb ki, camaata zülm eləsin. Yolu dağıdıb, kanalizasiya xətti çəkiblər. Mübarək imza sahibləri, kim bilir, bu kanalizasiya icazəsindən nə qədər "bəhrələnib" və özünü də, özgələri də Şerifin dediyi həmin o "epoxa"ya salıb. Hansı məmur bu kanalizasiya olayından nə qazanıb, nə yeyib, nə səfa sürüb, məlum. Ancaq naməlum olan budur ki, o yol söküntüsü nə vaxt düzələcək? Bu tıxaclı küçənin başına açılan bu oyun nə vaxt bitəcək?!

Adı tikinti, özü, deyəsən, söküntü şirkəti olan o MMC-nin adını təsisçiləri "Rahatlığın məkanı" qoyublar. Rahatlığın məkanı budursa, gör, indi bu şirkət sahiblərinin düşüncəsinə görə narahatlığın məkanı nə olar! MMC - məhdud məsuliyyətli cəmiyyət deməkdir. Bu şirkətin məsuliyyət anlayışı və hissi nəinki məhdud ölçüdədir, hətta belə görünür ki sıfırın altındadır. Bir neçə saata, lap uzağı bircə günə söküb-çəkib-tikib gedə biləcəyi işdir, günlərlə acı bağırsaq kimi uzadır. Qazdığı yeri yüngülcə torpaqlayıb çıxıb gedib. Sürücülər açıq kanalizasiya quyusundan və şinləri doğraya biləcək dərəcədə sərt asfalt kəsiklərindən yan qaçmaq üçün öz avtomobillərini o yana-bu yana səyridir. Təbii ki, qəza vəziyyətləri yaradırlar. Səkilərdə yeriyən piyadaların həyatına və sağlamlığına təhdid sovururlar. Bunu edən şirkət isə heç nə olmamış kimi öz rahatlığının məkanında dincəlir. Asdığı reklam lövhəsində hələ yarımçıq tikintisində aşağı kredit faizləri ilə rahat mənzillər vəd edir. Yolların halına baxın: bir kanalizasiya xəttini bu cür "məhdud məsuliyyətlə" çəkən - küçəni söküb qoyub gedən, gör indi o binaları necə məsuliyyətsizcəsinə "tikib" qoyub gedəcək! "Mübarək" imzalı, aşağı ayarlı məmurları, "başsız" başçıları "yuxarı" "faiz"lərlə yemləyərək...

Millət bu cür şəhər quldurlarından, görəsən, nə vaxt canını qurtaracaq?! Kim bilirsə, desin.

Qara şəhərli,
//Bizimyol.info//
Geri qayıt