Əsas Səhifə > Cəmiyyət, Manşet > Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub

Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub


28-01-2014, 10:56
Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub
DİA.AZ: - Cəmi bir il - 2000-ci ildən 2001-ci ilə qədər baş nazirin müavini postunu tutmuş, ardından da Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyin edilən Hacıbala Abutalıbov 13 ildir ki, paytaxtı idarə etməkdədir. Əslində vəzifəsində o, kifayət qədər uğurlu bir kadr olaraq diqqətə gəldi. Ən azından kiçik «budka»ların əsarəti altında qalan Bakının hazırki durumunun ərsəyə gəlməsində Hacıbala Abutalıbovun müstəsna xidmətlərinin olmasını hər kəs etiraf edər.

BŞİH rəhbəri keçəndən sonra təxminən 40 ticarət köşkünü Bakı küçələrindən təmizləyən Hacıbala Abutalıbov bu gün bir çox məmurların maraq dairəsində deyil. Elə buna görə də iki gündən-bir mətbuatda «Hacıbala Abutalıbovu vəzifəsindən alırlar» başlıqlı xəbərlərə - sonradan təkzib olunan xəbərlərə rast gəlmək mümkündür.

O isə duruş gətirir. Üzərinə edilən basqılara rəğmən Hacıbala Abutalıbov hakimiyyətə olan sədaqətində sapmadığından bu gün də məşhur «91-lər»in sonuncu nümayəndəsi kimi karyerasını davam etdirir.

Sonuncu dəfə keçən ilin sonlarına yaxın onun görəvdən alınacağı ilə bağlı xəbərlər yayıldı. Doğrudur, bu, yenə də baş vermədi. Hacıbala Abutalıbov əvvəlki mövqelərini qorudu. Amma aldığımız məlumatlardan aydın olur ki, sən demə, rəqibləri həmin ərəfədə Bakı meri postunda dəyişikliyə çox yaxın imişlər. Yəni Hacıbala Abutalıbov vəzifəsini itirəcəkmiş. Sadəcə olaraq hadisənin - planlanan olayların ictimailəşməsi, vaxtından əvvəl məlumata çevrilərək ictimai diqqətə çatdırılması Bakı merinin işinə yarayıb. Ona qarşı olanlar bir növ, ifşa olunublar…

Bu barədə danışan məlumatlı mənbə DİA.AZ-a bildirir ki, hətta rəqibləri sonradan məlumatın mətbuata hansı şəkildə, kimlərin araçılığı ilə ötürülməsini də ciddi şəkildə araşdırıblar. Aydın olub ki, bu barədə Hacıbala Abutalıbovun başqa bir düşməni müstəsna rol oynayıb: «Maraqlıdır ki, bu gün Bakı meri postunu ələ keçirməyə çalışan bütün tərəflər plan cızır. Və konkret olaraq iki iqtidariçi cinah bu işdə maraqlıdır. Və keçən ilin sonlarına yaxın bu cinahlardan biri üstün mövqe qazansa da, əks cinah baş verənləri sükutla qarşılamayaraq, hadisəni mətbuata ötürməsi ilə bir növ Hacıbala Abutalıbovun mövqelərinin qorunmasına nail olur. Halbuki həmin cinah da Hacıbala Abutalıbovla problem yaşayır. Lakin burada vəzifənin başqa birisinin əlinə keçməsindənsə, Hacıbala Abutalıbovun qorunub saxlanılması mövqeyi daha önəmli məqam kimi rol oynayır».

Mənbəmiz iddia edir ki, hələ də rəqabət davam edir: «Hacıbala Abutalıbov gec-tez vəzifəsindən alınacaq. Amma onun yerinə təyinatla bağlı məsələlər qaranlıqdır. Və bu, mübarizə aparan qüvvələrin mövqeyindən birbaşa asılıdır». Məlumata görə, yaxın günlərdə dəyişiklik qərarı verilə də bilər…

Geri qayıt