Əsas Səhifə > Cəmiyyət, Manşet > BU NƏDİ BELƏ: 23 günün MMC-si ilə 225.000 manatlıq müqavilə

BU NƏDİ BELƏ: 23 günün MMC-si ilə 225.000 manatlıq müqavilə


23-05-2023, 09:27
BU NƏDİ BELƏ: 23 günün MMC-si ilə 225.000 manatlıq müqavilə
Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsi bərk inventarların satın alınması ilə bağlı keçirdiyi tenderə yekun vurub. Dövlət satınalmalarının vahid internet portalında açıqlanmış məlumata görə tenderin qalibi “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında bağlanılmış satınalma müqaviləsinin maliyyə dəyəri 225.000 manat təşkil edir.

Apardığımız araşdırma zamanı məlum oldu ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bir çox satınalma prosedurlarında olduğu kimi bu tenderdə də çox ciddi qanun pozuntularına yol verib. Belə ki, bir mənbədən keçirilmiş tender müsabiqəsinin başlanma tarixi 17.05.2023-cü il göstərilib. Tenderdə iştirak üçün tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və zərflərin açılış tarixi göstərilmədiyindən belə məlum olur ki, Bakı Baş Səhiyyə Mərkəzinin 225.000 manat məbləğində satınalma müqaviləsi bağladığı MMC cəmi 23 gün əvvəl dövlət qeydiyyatına alınıb.

Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “M-KONTAKT” Məhdud Məsuliyyətli Cəmiyyətinin 24.04.2003-cü il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ XƏTAİ RAYONU, İLQAR HƏBİBOV, ev 50C, qanuni təmsilçisi kimi isə Bayramalıyev Mübariz Qəşəm oğlu qeyd olunub.

Göründüyü kimi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası tenderin bir mənbədən satınalma metodu ilə həyata keçirildiyini açıqlayıb. Amma gəlin görək “Dövlət Satınalmaları Haqqında” Azərbaycan Respublikası Qanunu bir mənbədən satınalma metodunu hansı hallarda keçirməyi tələb edir?

Maddə 21. Bir mənbədən satınalma metodundan istifadə şərtləri: 21.1. Aşağıdakı hallarda müvafiq icra hakimiyyəti orqanının təsdiq etməsi şərti ilə satınalan təşkilat bu Qanunun 50-ci maddəsinə uyğun bir mənbədən satınalma üsulundan istifadə edə bilər: 21.1.1. satın alınan mallar yalnız hər hansı konkret malgöndərəndə (podratçıda) və ya hər hansı konkret malgöndərən (podratçı) həmin mallar (işlər və xidmətlər) üzərində xüsusi hüquqlara malik olduqda, onların əvəzedicisi və alternativi olmadıqda; 21.1.2. mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda və tender prosedurlarının keçirilməsi və ya satınalmanın hər hansı digər metodundan istifadə edilməsi məqsədəuyğun olmadıqda; tələbatın təcili olmasına gətirib çıxarmış halları qabaqcadan görmək qeyri-mümkün olduqda və ya bu hallar satınalan təşkilatın ləngiməsinin nəticəsi olmadıqda; 21.1.3. fövqəladə hallarla əlaqədar həmin mallara (işlərə və xidmətlərə) təcili tələbat yarandıqda, satınalmanın digər metodlarından istifadə onlara sərf ediləcək vaxt baxımından məqsədəuyğun olmadıqda; 21.1.4. satınalan təşkilat hər hansı malgöndərəndən (podratçıdan) malları, avadanlıqları, texnologiyanı və ya xidmətləri satın aldıqdan sonra standartlaşdırma mülahizələrinə və ya mövcud mallara, avadanlıqlara, texnologiyaya və ya xidmətlərə uyğunluğunu təmin etmək zərurəti baxımından onları həmin malgöndərəndən (podratçıdan) satın alınması qənaətinə gəldikdə.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi barəsində heç bir məlumat yoxdur. “Dövlət Satınalmaları Haqqında” Qanuna görə satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığın olması şərtdir. Göründüyü kimi Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası sözügedən Qanunun tələblərini hərtərəfli, bir yox bir neçə maddəsini kobud şəkildə pozub.

Xatırladaq ki, Bakı Baş Səhiyyə Mərkəzi publik hüquqi şəxsin Tender Komissiyası bir müddət əvvəl də bir mənbədən satınalma metodu ilə “GÜVƏN CN” MMC ilə 50.002,54 manat, 22.05.2023-cü il tarixdə “MOBİLE GROUP” MMC ilə 198.864,22 manat şübhəli satınalma müqavilələri bağlayıb. Qurumun tabeliyində olan tibb müəssisələrinə barkod və kassa aparatları üçün çeklərin satın alınması üzrə keçirdiyi tenderdə diqqət çəkən məqam isə ondan ibarətdir ki, Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında “MOBİLE GROUP” MMC barəsində məlumat yoxdu. MMC-nin VÖEN-i ( 1403121291 ) kimi təqdim edilmiş nömrə “VENTTO ELECTRONİCS” MMC-yə məxsusdur.

Aktualinfo.org

Geri qayıt