Əsas Səhifə > Cəmiyyət, Manşet > Şirvan sakinləri Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindən narazıdırlar

Şirvan sakinləri Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindən narazıdırlar


4-02-2014, 13:56
Şirvan sakinləri Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətindən narazıdırlar
DİA.AZ: - Redaksiyamıza daxil olan məktublarda yerli sakinlər Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsində yer almış bir sıra ciddi nöqsanlardan, qanunazidd əməllərdən şikayətlənirlər.

DİA.AZ-a bu barədə daxil olan şikayətlərdən belə anlaşılır ki, vəziyyət elə hazırda əmək və əhalinin sosial müdafiəsi naziri postunu tutan Səlim Müslümovun dövründə olduğuq qədərində bərbaddır. Qeyd edək ki, bu gün ən çox şikayətlər Şirvan şəhərindən gəlməkdədir. Məlumatlarda qeyd olunur ki, DSMF-nin Şirvan Şəhər Şöbəsinin müdiri Çingiz Əhmədov işinin öhdəsindən layiqincə gələ bilmədiyindən rayon sakinləri müavinat alarkən süni əngəllərlə qarşılaşmalı olurlar.

Çingiz Əhmədovun rəhbərlik etdiyi şöbədə vətəndaşların səbəbsiz yerə get-gələ salındığını, əhalinin incidilərək, onlardan müxtəlif bəhanələrlə rüşvət tələb olunduğunu qeyd edən şikayətçilər iddia edirlər ki, artıq Şirvan sakinləri DSMF-nin yerli şöbəsinə olan inamlarını tamamilə itirmək üzrədirlər:

“Heç bir sənədə və iqtisadi göstəriciyə əsaslanmadan, ödənişlərin tətbiq edilməsi, əhaliyə zəhmli məktubların göndərilməsi, cərimə sanksiyalarının tətbiq olunması artıq Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsində adi hal alıb. Şöbənin müdiri Çingiz Əhmədov maraqlarını təmin etmək, məqsədini reallaşdırmaqdan ötrü az qala hər vasitədən, hətta rayonun güc sturukturlarının adından da istifadə etməkdən çəkinmir. Heç şübhəsiz ki, təqaüdlərin bəzi yollarla artırılması qanunazidd əməl, dövlətə vurulan ziyan kimi qiymətləndirilməlidir. Lakin görünür, bu, Çingiz Əhmədovu zərrə qədər də olsun maraqlandırmır. Əks halda Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsində heç kim əlavə «staj» artırmaqla məşğul olmazdı. Artıq təqaüd almaq arzusunda olanlar bu istəklərini çox asanlıqla reallaşdıra bilərlər. Bunun üçün Dövlət Sosial Müdafiə Fondunun Şirvan Şəhər Şöbəsi tərəfindən irəli sürülən «tələb»lərə əməl etmək kifayətdir. Əminliklə deyə bilərik ki, əgər müvafiq dövlət orqanları tərəfindən Çingiz Əhmədovun rəhbərlik etdiyi şöbənin fəaliyyəti yoxlanılarsa, o zaman bir sıra mətləblərin üstü açılar.”

Etiraf etmək lazımdır ki, müvafiq yoxlamalar aparılacağı təqdirdə DSMF-nin bir çox rayon şöbələrində bu kimi faktların mövcudluğu aşkar oluna bilər. Belə vəziyyət isə ölkənin sığorta-pensiya sisteminin effektivliyini ən azından mübahisəli edə bilər. Konkret DSMF-nin Şirvan şəhər şöbəsindən olan şikayətlərə gəlincə isə, ümid edirik ki, əlaqədar orqanlar yerli sakinlərin şikayətlərini nəzərə alaraq bu qurumun fəaliyyətini ən ciddi şəkildə təftiş edəcəklər.

Qarşı tərəfi də dinləməyə hazırıq...

Geri qayıt