Əsas Səhifə > Cəmiyyət, Manşet > Yasamal İcra və Probasiya Şöbəsi KİMİN ƏMRİNDƏDİR?
Yasamal İcra və Probasiya Şöbəsi KİMİN ƏMRİNDƏDİR?15-07-2023, 10:10 |
“Yasamal İcra və Probasiya Şöbəsində kiminsə göstərişi Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qərarından üstündür. Məhkəmə icraçısı Erol Kazımlı açıq-aşkar deyir ki, mənə rəis göstəriş verib ki, Mövlam Şıxəliyevgilin, Sahib Ələkbərovun işi üzrə hər hansı bir icra işi görmə, icra işi dayandırılsın”. “MTN işi” üzrə zərərçəkənlərdən olan Qulam Bağırov belə deyir. DİA.AZ-ın məlumatına görə, “Yeni Müsavat”a müraciət edən zərərçəkən bildirib ki, 2023-cü ilin aprel ayında Bakı Apelyasiya Məhkəməsi Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digər iki şəxsin cinayət işi üzrə qərar verib: “Həmin qərarla bir daha təsdiqləndi ki, MTN-in keçmiş şöbə rəisi Sahib Ələkbərov Mövlam Şıxəliyevin rəhbərliyi altında, mütəşəkkil cinayətkar quldur dəstə şəklində mənə qarşı cinayət törədiblər. 2009-cu ildə məni qanunsuz olaraq həbs ediblər, həbsdə olduğum dövrdə yaşlı anamı aldadaraq mənim ölüm ayağında olduğumu bildiriblər. Bunu edən birbaşa Sahib Ələkbərov olub. Anam məcbur olub mənim ailəmi 2 azyaşlı övladımla bərabər öz evinə köçürüb mənim evimi, maşınımı, bütün ələ gələn əmlakımı sataraq 135 min dollar pul toplayıb. Həmin pulu Sahib Ələkbərov ailəmdən alandan sonra barəmdə saxta ekspertiza rəyi verilib ki, guya ağır xəstəyəm. Həmin rəyə istinad edib məni zaminə buraxıblar. Üstəlik, qondarma ittiham üzrə barəmdə məhkəmə hökmünün çıxmasına nail olublar. Mən həbsdən azad olandan sonra mənə qarşı cinayət törədilməsindən şikayət etmişəm. Lakin Eldar Mahmudov vəzifədə olduğu müddətdə şikayətimə baxan olmayıb. 2015-ci ildə cənab Prezident İlham Əliyev MTN-dəki cinayət yuvasını darmadağın edəndən sonra şikayətim üzrə araşdırma başladı, Mövlam Şıxəliyev başda olmaqla Sahib Ələkbərov və digərləri istintaqa cəlb olundular, həbsə alındılar. Mən zərərçəkən qismində tanındım. Bakı Hərbi Məhkəməsində Mövlam Şıxəliyev, Sahib Ələkbərov və digərlərinin cinayət işinə baxıldı və barələrində ittihamedici hökm çıxarıldı. Eyni zamanda mənim Mövlam Şıxəliyevin rəhbərlik etdiyi mütəşəkkil cinayətkar quldur dəstəyə - özəlliklə Sahib Ələkbərova qarşı 135 min dollarlıq mülki iddiam da tam şəkildə təmin edildi. Bunu Bakı Apelyasiya Məhkəməsi də öz qərarı ilə həmin hökmü və mülki iddiamı qüvvədə saxladı. Bakı Apelyasiya Məhkəməsinin 4 aprel 2023-cü il tarixli qərarında yazılır: "Zərərçəkmiş şəxs Bağırov Qulam Davud oğlunun mülki iddiası təmin edilməli, 135.000 ABŞ dollar (tutulduğu gün Mərkəzi Bankın məzənnəsi ilə manatla) və iddianın təmin edilmiş hissəsinə mütənasib 519,50 manat dövlət rüsumu təqsirləndirilən Sahib Ələkbərovdan tutularaq Qulam Bağırova qaytarılmalıdır. Yasamal İcra və Probasiya Şöbəsində isə icraçı Erol Kazımlı deyir ki, rəis göstəriş verib ki, məhkəmənin qərarını icra etmə! Yasamal İcra və Probasiya Şöbəsi məhkəmə hökmünə əsasən cinayətkar elan olunan Sahib Ələkbərova faktiki olaraq havadarlıq edir. Onun məndən cinayət yolu ilə aldığı pulun qaytarılmasını təmin etməkdən qanunsuz şəkildə yayınır. Bu adamlar cənab Prezidentin məhkəmə-hüquq islahatları ilə bağlı sərəncamlarını, çağırışlarını sanki heç eşitməyiblər, prezidentin ardıcıl çıxışlarına məhəl qoymurlar". Zərərçəkən deyir ki, məhkəmə qərarının qanunsuz şəkildə icra edilməməsi ilə bağlı Yasamal Rayon Məhkəməsinə şikayət təqdim edib: “Bakı Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1-1 (103)-1/2023 saylı 04.04.2023-cü il tarixli qərarı aidiyyəti üzrə təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlunun qeydiyyatda olduğu Yasamal rayon icra şöbəsinə həvalə olunub. Son qərara əsasən 135 000 (yüz otuz beş min) ABŞ dolları və 519,50 (beş yüz on doqquz manat əlli qəpik) təqsirləndirilən şəxs Ələkbərov Sahib Yunis oğlundan tutulub mənə qaytarılmalıdır. Amma əfsuslar olsun ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin icraçısı Erol Kazımlı bu günə kimi mənə ödənişlə bağlı boş vədlər verdi, 11.07.2023-cü il tarixdə isə mənim işimin icrasının dayandırılmasına rəhbəliyi tərəfindən göstəriş verildiyini bildirdi. Səbəbini soruşduqda cavab verə bilmədi. Yasamal Rayon İcra və Probasiya Şöbəsi məhkəmə qərarını qəsdən icra etməməsi, mənim qanuni hüquq və mənafeyimi kobud surətdə pozur. Möhtərəm cənab Prezidentdən xahiş edirəm ki, Yasamal Rayon İcra və Probasiya Şöbəsinin məhkəmə qərarını icra etməməsi ilə bağlı qanuni tədbir görülməsinə göstəriş verilsin”. Geri qayıt |