Əsas Səhifə > Cəmiyyət, Manşet > “`Texnika Şuşa zonasındadır` deyib, bizi yola verirlər”
“`Texnika Şuşa zonasındadır` deyib, bizi yola verirlər”9-08-2023, 10:51 |
Xaçmazın Qımılqışlaq kəndi rayon mərkəzinə yaxın olan kəndlərdən biridir. Lakin sakinlər deyirlər ki, kənd rayon mərkəzindən 10 dəqiqəlik uzaqlıqda olsa da, ən azı 25-30 dəqiqəyə gedib rayona çata bilirlər. Səbəb isə kəndə gələn 9 kilometrlik yolun tamamilə dağılmasıdır. Çala-çuxur yollar sakinlərin cibinə də ziyan vurur. Avtomobil idarə edən kənd sakinləri deyir ki, yolun ucbatından hər 3 aydan bir 300-400 manat xərcə düşürlər. Ən pisi isə yolun dağılmasına görə kəndə çağırılan təcili tibbi yardım maşınlarının gecikməsidir, kənd sakinləri bildirib. Xaçmaz rayon icra hakimiyyətinin birinci müavini Bəxtiyar Osmanov BBC-yə açıqlamasında Qımılqışlaq yolundakı vəziyyətdən xəbərdar olduqlarını və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə yolun yenidən əsaslı təmir olunması istiqamətində danışıqlar apardıqlarını bildirib. İcra hakimiyyətinin rəsmisi yolun nə zaman çəkiləcəyi ilə bağlı Agentlikdən onlara dəqiq məlumat verilmədiyini deyib. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən səslənən fikirlərlə bağlı cavab almaq mümkün olmayıb. Kənddə olarkən sakinlər elektrik xətlərinin yaratdığı təhlükə barədə də danışdılar. Onların sözlərinə görə, kəndin transformatoru 40 il əvvəl quraşdırılıb və həmin tarixdən sonra elektrik xətləri və elektrik dirəkləri yenilənməyib, heç əlavə transformator da qoyulmayıb. Xaçmaz rayon icra hakimiyyətindən bildirilib ki, kəndlərin elektrik xətləri Sovet dövründən qaldığı üçün onların mərhələli şəkildə yenilənməsinə başlanılıb. Yenilənmə işlərinin Azərişıq tərəfindən aparıldığını deyən Bəxtiyar Osmanov Qımılqışlaq kəndi ilə bağlı da quruma müraciət edildiyini bildirib. Azərişıq sakinlərin şikayətləri ilə bağlı suallarımızı cavablandırmayıb. Sakinlər deyir əgər aidiyyatı qurumlar qış aylarına kimi kəndin problemlərini həll etməsələr onların yaşayışı daha acınacaqlı vəziyyətə düşəcək. //BBC Azərbaycanca// Geri qayıt |