Əsas Səhifə > Cəmiyyət, Manşet > “Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb”

“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb”


26-08-2023, 11:40
“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb”
“Deyirlər ki, uşağım silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi? Silah otağının rəisi harada idi?”

Bu sözləri bu ilin iyul ayında Laçında xidmətdə olduğu hərbi hissədə intihar etdiyi bildirilən kiçik çavuş Telman Eyyubovun anası Əfsanə Macanova deyir.

Rəsmi məlumatlarda 2004-cü il təvəllüdlü T.Eyyubovun özünü silahla vurduğu bildirilsə də, anası Əfsanə Macanova oğlunun intihar etdiyinə inanmır. O, deyir ki, iş yenidən və ədalətli araşdırılmalıdır:

“Hərbi hissənin batareya komandiri səhər saatlarında atasına zəng edib ki, oğlun burada əsgərlə dalaşıb, raport yazıb onu tutduracam. Biz atasından ayrı idik, atası 8 yaşından uşağı görməyib. Qaynım oğlu zəng elədi ki, belə məsələ var, hərbi hissə ilə danışacam. Batareya komandiri ona da eyni şeyləri deyib. Elə bu anlarda Qazax Rayon İcra Hakimiyyətindən anama (mərhumun nənəsinə) zəng ediblər ki, uşaq hərbi hissədə ölüb. Gah deyiblər dağdan düşüb, gah deyiblər özünü asıb. Anam deyib ki, o uşaq çox çətinlik görmüş uşaqdır, özünü asa bilməz. Necə oldu, 1 il 4 ay dözdü, 2 ay qalmış dözməyib özünü asdı? Sonra batareya komandirinə zəng çatmadı”.

“Deyirlər, əsgər yoldaşı ilə şokolad yağına görə dalaşıb, sonra da özünü öldürüb”

Əfsanə Macanova deyir ki, bundan sonra uşağı ilə bağlı məlumat almaq üçün Qazax rayon Hərbi Komissarlığına gedib, ancaq onu içəri buraxmayıb, suallarını cavablandırmayıblar. Qadının sözlərinə görə, ölüm dəqiqləşəndən sonra atası (mərhumun babası) meyiti görmək üçün gedib:

“Atam deyir, açdılar üzünü göstərdilər ki, boğazının altından özünü vurub, güllə yarası var. Deyirlər ki, 2 əsgər şokolad yağına görə dalaşıb, bu da gedib silah otağından silah götürərək özünü vurub. Silah otağı niyə açıq idi, silah otağının rəisi harada idi? Orda silahı götürəndə qol çəkib götürürsən, mənim uşağım necə silah götürdü? Bu iş üzrə heç kim həbs olunmayıb. Mən batareya komandirindən şikayətçiyəm. Prokurorluqda soruşdular inanırsan uşaq özünü öldürüb? Dedim, yox. Ölən gününə kimi narazılıq etməyib. Qazax Rayon İcra Hakimiyyətindən camaata deyiblər ki, heç kim yasa getməsin, uşaq özünü öldürüb, vətən xainidir”.

Əfsanə Macanova deyir ki, oğlu həmişə ona arzularından danışıb, planları olub. Ona görə də, hadisənin intihar olmasına inanmır:

“Hər gün danışırdıq, uşağım heç vaxt problem yaşamırdı. Mən inana bilmirəm ki, mənim oğlum intihar edib. O bilirdi ki, evdə iki qadın qoyub gedib. Böyük arzuları var idi, deyirdi ki, ana, qayıdacam, hərbçi olacam, ev tikəcəm. 1 il 4 ayı getmişdi, 2 ayı qalmışdı. Laçında xidmət edirdi. Rütbəsi kiçik çavuş idi, dəstə komandiri idi, 12 əsgəri var idi. Mən onu atasız böyütmüşəm, uşağımı tanıyıram. Bilmirəm, özünü öldürər, ya yox?!” – deyə o, bildirib.

Məsələ ilə bağlı Müdafiə Nazirliyindən Abzas Media-ya bildirilib ki, sorğu ilə Hərbi Prokurorluğa müraciət edək. Hərbi prokurorluğun mətbuat xidmətinin rəhbəri Firad Əliyev isə bildirib ki, qeyd olunan məsələlər istintaq sirri olduğu üçün sualları cavablandırmırlar.
//Abzas Media//
Geri qayıt