Əsas Səhifə > Cəmiyyət, Manşet > "Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər"

"Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər"


30-08-2023, 11:02
"Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər"
Bakının Badamdar qəsəbəsində fəaliyyət göstərən “Kİds Smile” uşaq tədris mərkəzindən şikayət var.

KONKRET.az-a mərkəzdən narazılığını Aydın Məmmədov adlı vətəndaş bildirib. Valideyn deyir ki, hazırda adıçəkilən müəssisədə nizamsızlıq hökm sürür, azyaşlı uşaqlara qarşı kobud rəftar edilir, hətta fiziki təzyiq göstərilir. Şikayətçi bu faktları mərkəzlə birbaşa əlaqəsi olan şəxs kimi sadalayır. Belə ki, dediyinə görə, onun əkiz qız övladları iki ilə yaxın bir müddətdə adıçəkilən müəssisədə hazırlıq keçib. Lakin bir-iki həftə öncə kursun xidmətlərindən imtina etmək məcburiyyətində qalıb. “Övladlarım həftənin iş günlərində günorta saat 12:00-dan axşam saat 17:00-a qədər burada hazırlıq keçiblər. Əvvəl hər şey öz qaydasında gedirdi. Mərkəzdə fəaliyyət göstərən Günəş adlı dil-ədəbiyyat müəllimindən, Tamara adlı rəsm müəllimindən, tərbiyəçi Səidə xanımdan çox razı idik. Onların bəziləri işdən çıxdılar. Sonra mərkəzə Bahar adlı yeni müəllimə gəldi. Narazılıqlar da bundan sonra başladı. Ona görə ki, həmin xanım uşaqlarla kobud davranır, üstlərinə qışqırır, onlara fiziki təzyiq göstərirdi. Övladlarım bizə həmişə bu müəllimədən şikayət edirdilər”.

Valideyn deyir ki, sözügedən xanım əslində mərkəzin təsərrüfat işlərinə nəzarət etsə də, çox vaxt müəllimləri əvəz edir. Və uşaqların test tapşırıqlarının həllində kömək istəməsinə “başım çıxmır, mən müəllimə deyiləm” cavabını verir. “Deyilənə görə, həmin xanımın ali təhsili də yoxdur. Əgər belədirsə, onda nəyə görə hazırlıq kursuna işə götürülüb?”.

A.Məmmədov mərkəzdə çalışan Elnurə adlı müəllimənin də uşaqlarla hədə-qorxu dililə danışdığını, onlara şiddət göstərdiyini bildirir. “Burada ümumilikdə əsas problem mərkəzə son vaxtlar təhsili olmayan şəxslərin işə cəlb olunması və bununla da nəzarət mexanizminin sıfıra enməsidir”.

Valideyn deyir ki, müəssisədəki nizam-intizamsızlıqla bağlı həm müdiriyyətə, həm də müəllimlərə irad bildirib. Bununla belə uşaqların nəzarətsiz buraxıldığının dəfələrlə şahidi olub. Şikayətçi bildirir ki, hətta bir dəfə nəzarətsizlik üzündən övladlarından biriylə başqa bir uşaq dalaşıb. Bu barədə müəllimlərə şikayət edəndə isə həmin uşağın autizimli xəstə olduğunu deyiblər. A.Məmmədov müəssisədəki ən ağır neqativ hal kimi övladının başqa birisi ilə mübahisə zəminində yıxılaraq ayağından xəsarət alması faktını dilə gətirib. Rəhbərliyi və müəllimlərə bununla bağlı irad bildirəndə isə onların laqeyd münasibəti ilə qarşılaşıb. Və elə bu səbəbdən də son anda kursdan imtina edib.

Əməkdaşımız A.Məmmədovun səsləndirdiyi iddialarla bağlı müəssisə rəhbərliyinin də mövqeyini öyrənməyə çalışıb. “Kids Smile”ın direktoru Kəmalə Ağayeva valideynin iradları ilə razılaşmayıb: “Deyilənləri bir-bir araşdırsaq, görərsiniz ki, heç birinin əsası yoxdur. Həmin valideynlərin övladları bizim kursda iki il yarım hazırlıq keçib. Nə səbəbə görə birdən-birə narazı oldular? Övladları olduqca hiperaktiv idilər. Uşaqlar arasında da çox şey olur. Amma heç bir səbəb həmin valideynlərə gəlib başqasının uşağının üstünə qışqırmağa əsas vermir. Bu insanlar hətta müəllimlərimizi belə təhqir etməkdən çəkinməyiblər. Yenə də biz bütün hallarda onlarla kompromisə getmişik, dil tapmağa çalışmışıq. Son dəfə isə biz valideynlərə elan etdik ki, təmirə dayanırıq və buna görə də qrupu bağlayırıq. Növbəti tədris ilində proqram dəyişikliyi ilə əlaqədar kursa məktəbli uşaqları qəbul etməyəcəyik. Administratorumuz bununla bağlı həmin valideynlərə zəng edib normal şəkildə bildirdi ki, övladlarını kursdan çıxarıb başqa bir müəssisəyə yönləndirsinlər. Onlar da kursdan kənarlaşdılar, lakin görünən odur ki, bundan narazı qalıblar ki, dolayısı ilə bizdən şikayət edirlər”.

Direktor müəssisədə ali təhsilsiz insanların fəaliyyət göstərməsi barədə deyilənlərə də aydınlıq gətirib: “Bizdə savadsız insan yoxdur, hamı ali təhsillidir. Təkcə xadimədən başqa. Bahar müəllimənin özü də Mədəniyyət və İncəsənət Universitetini bitirib. Bundan başqa, illərlə metodist müəllim kimi çalışıb”.

Şikayətçi valideynin övladının mərkəzdə yıxılaraq ayağının əzilməsi məsələsinə gəlincə, K.Ağayeva bu faktı da inkar edib: “Bu hadisə bizim mərkəzdə baş verməyib. Müəllimləri də uşaqlardan nə vaxt yıxıldıqlarını soruşanda demişdilər ki, dünən olub. Onlar hazırlıqdan sonra başqa yerə getmirlər? Bəlkə evə gedəndə yıxılıb uşaq?! Yəni bizim qapıdan ayağı zədələnmiş şəkildə çıxmayıb”.

Qeyd edək ki, valideyn direktorun son açıqlaması ilə razılaşmayıb və redaksiyamıza övladının mərkəzdə başqa bir oğlan uşağının dalaşması nəticəsində ayağını zədələdiyini təkidlə bildirib. Onu da əlavə edib ki, bununla bağlı müəllimlərə Votçap vasitəsilə yazılı iradlarını da çatdırıb. Onlar tərəfindən isə belə cavab alıb ki, məsələni mütləq rəhbərliyə və digər uşağın valideyninin də diqqətinə çatdıracaqlar.

Görünən odur ki, səsləndirilən iddialarla bağlı özəl müəssisə kimi fəaliyyət göstərən “Kids Smile” hazırlıq kursunun fəaliyyəti ciddi şəkildə araşdırılmalıdır. Ümid edirik ki, aidiyyəti dövlət orqanları bu məsələdə laqeydlik göstərməyərək, faktların təftiş olnması istiqamətində lazımi addımlar atacaqlar.

KONKRET.az

Geri qayıt