Əsas Səhifə > Cəmiyyət, Manşet > Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ...
Masallı zibil içində: İCRA BAŞÇISI DA ÖZ ALƏMİNDƏ...6-09-2023, 09:34 |
Masallı rayonun Hacıtəpə və Həsənli kəndlərinin düz sərhəddində ta qədimdən su kanalı var. Mənbəyini dağlardan götürən Ağqobu çayından qidalanan kanalın suyu bu iki kəndin yaxınlığında yerləşən Çandıq su anbarına tökülür. Anbara yığılan su yay aylarında ətraf kəndlərin təsərrüfat işlərində, iribuynuzlu və xırdabaş mal-heyvanın suvarılmasında müstəsna əhəmiyyətə malikdir. Kanalın Hacıtəpə kəndinə aid hissəsindən ta Hacıtəpə kəndinə qədər şose yolunun kənarı ilə kəndin Xeyriyyə Cəmiyyəti Xan Çinar ağacları əkmişlər. Lap başlanğıcda kəndin adını göstərən lövhə, ətrafında gül kolları və həmişəyaşıl küknar ağacları əkilmişdir. Bütün bu kol və ağaclar bu kanalın suyu ilə suvarılır. Kanalın bu biri sahilində isə əsl dəhşət yaşadan acınacaqlı mənzərə adamda ikrah yaradır. İllərdir bu əraziyə tökülən zibillər ən azı yarım hektar sahəni üfunətli zibil girdabına çevirib. “Zibilim var xanə-xanə...” Həsənli camaatının dediyinə görə, illər öncə bu ərazidən qonşu kəndlər torpaq aparırmışlar. Elə bu qazıntılar zamanı yaranan çalalar buraya zibilin tökülməsinə rəvac vermişdir. Ətraf kəndlərin camaatı əllərinə keçən atılmalı nə varsa, gətirib buradakı çalalara töküblər. Beləliklə, ərazi zibilxana kimi fəaliyyətə başlayıb. Hər çala dolduqca yenisinə tökərək bu ərazini böyük bir zibil meydanına çeviriblər! “Qoxusu nə yamandır...” Bu çalalarda nə yoxdur? Nə desən, var! Yeyilmiş ərzaq tullantılarından tutmuş uşaq bezlərinə qədər, butulkalar və digər su qabları, kəsilmiş heyvanların başları, qarın və bağırsaqları, ölmüş qoyun-quzu, toyuq-cücə, mal cəsədləri!!! Daha nələr, nələr... Bu ərazidən keçərkən bir neçə dəqiqə adama saat kimi gəlir – iydən nəfəs çəkmək olmur! Maraqlıdır, rayonun və ərazuinin rəhbərləri dəfələrlə bu yoldan keçirlər, nə əcəb heç bir münasibət göstərməyiblər?!! Ərazinin iyrənc hala düşməsi, başçatladan qoxu sancması bir yana, ən qorxulusu onun antisanitariya mühiti yaratmasıdır. Belə ki, ora atılmış müxtəlif heyvan cəsədləri və qalıqları qalıb iylənir, çürümüş cəsəd qalıqlarından yaranan milçəklər müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilir. Zibilxanada “yaşayan” itlər, mış-siçovullar, çaqqalllar və digər “sakinlər” qoxumuş və iylənmiş “qidaları” ətrafa səpələyir, hətta yaxındakı kanala tökərək suyu da çirkləndirirlər ki, bu su da yaxındakı su anbarına töküldüyündən o sudan istifadə edən mal-heyvanların ağır xəstəliklərə tutulmasına səbəb olur. O sudan istifadə edən yaxın kəndlərin əhalisinin də zərər görməsi heç də çətin deyil. Hələ bura atılan zibillərin yandırılmasından yaranan tüstünün başçatladan iyindən cana gələn Hacıtəpə kənd camaatının çəkdiyi əzabları da əlavə eləsək, bu zibilxananın üzdəniraq “fəaliyyətinin” nə qədər böyük olduğunu təsəvvür eləmək çətin olmaz! Yerli təşkilatların müraciəti Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsinin əraziyə diqqətinə səbəb oldu. Amma necə? Əvvəlcə gəlib ərazidə bir neçə əlavə çalalar da qazdılar. Bu da heç bir əhəmiyyət kəsb eləmədi, həmin iy-qoxu, həmin iyrənc səhnə! Çünki əslində ərazidən daşınmalı olan zibilllər yerindəcə qaldığından daha da çoxaldı, zibil tayalarına çevrilirdi. Bunu “görən” İdarə yeni bir “layihə” işləyib hazırladı və burada zibilin yığılması üçün 2X2 metr ölçüdə ağ daşdan bir zibil “anbarı” tikdi. Lakin heç bir gün keçmədi ki, bu “nəhəng anbar” da doldu və daşınmadığı üçün camaat zibili yenə də çalalara atmalı oldular. Yeni zibil tayaları yaranmağa başladı. Bu əcayib vəziyyətin – iy-qoxunun, anti-sanitar vəziyyətin yaxındakı kəndlərə olan təsiri kənd camaatını hövsələdən çıxardığına görə Masallı Rayon Kommunal Təsərrüfat İdarəsindən tədbir görməsini tələb edirlər. Buna Masallı Rayon Epidomoloji Stansiyası da münasibət bildirməlidir. Əks təqdirdə kənd camaatı daha yuxarı instansiyalara müraciət edəcək. Camaatın tələbi isə bu ərazidə yerləşən zibilxananın ləğv edilməsidir. Zibilxanalar hər kəndin özündə təşkil olunsa və xüsusi zibildaşıyan maşınlarla mütəmadi daşınsa, belə yarıtmaz nəticələr də olmaz. Redaksiyadan: Yaranmış problemə aydınlıq gətirmək üçün Masallı Rayon Kommunal Təsərrüfatı İdarəsinin Məhərrəm müəllimlə əlaqə saxladıq. Məhərrəm müəllim etiraf etdi ki, həmin ərazidə vəziyyət doğrudan da acınacaqlıdır. Lakin həmin işləri sahmana salmaq bizim təşkilatın yox, birbaşa həmin kəndlərin ərazi dairələrinin və bələdiyyələrinin səlahiyyətlərinə daxildir. Kənd sakinləri isə dözülməz şəraitə görə Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinə kütləvi şikayət etmək niyyətindədir. //CENUB.AZ// Geri qayıt |