Əsas Səhifə > Cəmiyyət, Manşet > Təhsil sisteminə köhnədən qalan PROBLEM...
Təhsil sisteminə köhnədən qalan PROBLEM...9-09-2023, 11:25 |
Sentyabrın 6-da keçirilmiş brifinqdə elm və təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi “Təhsildə güzəşt eləmək Vətənə xəyanət etmək kimi bir şeydir” ifadəsi geniş ictimai rezonansa səbəb olub. İlk baxışda bu ifadə bir qədər ağır ittiham kimi səslənsə də, mahiyyət etibarı ilə tamamilə doğru bir fikirdir. Əgər nəzərə alsaq ki, təhsil millətin və dövlətin gələcəyini təmin edəcək strateji sahədir, bu sahədə ən xırda bir güzəştin belə yolverilməz olduğunu aydın görmək olar. Buna görə də, nazir Emin Əmrullayevin bu fikri ilə cəmiyyətin bütün mütərəqqi təmsilçiləri birmənalı olaraq razılaşır və onu alqışlayırlar. Lakin məsələnin başqa bir tərəfi də var. Əgər biz sadəcə şüarlar səsləndirməklə kifayətlənəcəyiksə, bunun nə təhsilimizə, nə də gələcəyimizə heç bir xeyri olmayacaq. Təhsil sisteminin təkmilləşdirilməsi, problemlərin aradan qaldırılması üçün bu sahədə “Vətənə xəyanət edənlər”i müəyyənləşdirib cəzalandırmaq lazımdır. Gəlin bu deyilənləri elə indi, konkret bir nümunə əsasında həyata keçirməyə çalışaq. Söhbət bu gün ölkənin həm təhsil sahəsində, həm də media sahəsində kifayət qədər tanınan Fərzəli və Kəmalə Qədirovlardan gedir. Kəmalə xanım Bakının Nəsimi rayonu ərazisində yerləşən 164 saylı tam orta məktəbin direktoru, onun həyat yoldaşı Fərzəli müəllim isə Elm və Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini vəzifələrində çalışırlar. Bu iki şəxsi ictimaiyyətə ən çox tanıdan məqam da bu günə qədər ölkə mətbuatında onların öz işlərində yol verdikləri ciddi qanun pozuntularına dair iddiaların əks olunduğu çoxsaylı materialların dərc olunmasıdır. Amma biz bu ittihamlar barədə danışmaq niyyətində deyilik. Az öncə də qeyd etdiyimiz kimi, konkret nümunə əsasında “Təhsildə güzəşt eləmək Vətənə xəyanət etmək kimi bir şeydir” prinsipinin işləkliyini sınamaq istəyirik. Məsələ bundadır ki, Kəmalə Qədirovanın oğlu Fərid anasının direktor olduğu orta məktəbi qızıl medalla bitirib. Gözəl nəticədir? Əlbəttə. Bəs görəsən niyə bu “medalçı” qəbul imtahanlarında cəmi 473 bal toplayaraq, heç 500-lük həddi belə keçə bilməyib? Nəyə görə Nazirlik səviyyəsində yaranmış bu absurd vəziyyətlə maraqlanıb “qızıl medalçının” təltifini şübhə altına alan, onun bilik səviyyəsinin təkrar qiymətləndirilməsini həyata keçirmək təklifini edən kimsə tapılmayıb? Hə, az qala unutmuşdum, Fərzəli Qədirov faktoru… Həmin dönəmdə Fərzəli müəllim nazirlikdə başqa bir məsul vəzifədə idi. Yeri gəlmişkən, bu gün də Fərid Qədirov İngitərədə doktoranturada dövlət proqramı üzrə təhsilini davam etdirir ki, bu da dövlətimizə külli miqdarda vəsaitin xərclənməsi hesabına başa gələcək. İndi biz çox istərdik ki, Elm və Təhsil Nazirliyində bu məsələni tam ciddiliyi ilə araşdırsınlar və baş verənlərin kökündə kiçik güzəştlərinmi, yoxsa böyük xəyanətlərinmi durduğunu dəqiq və birmənalı müəyyən etsinlər. //aktualxeber.az// Geri qayıt |