Əsas Səhifə > Cəmiyyət, Manşet > Azərbaycan hakimiyyəti İranla məxfi danışıqlara gedir
Azərbaycan hakimiyyəti İranla məxfi danışıqlara gedir14-02-2014, 13:42 |
DİA.AZ: - İranla Azərbaycanın münasibətlərini sanki hansısa sirli qüvvə pozmağa çalışır. Əslində burada sirr adında bir şey yoxdur. Hələ də Şimalda bir müstəqil Azərbaycan dövlətinin varlığını həzm edə bilmədiyini gizlətməyən rəsmi Tehran ən yaxın qonşusu olan Azərbaycana hətta cümhuriyyət olaraq adında ehtiva etdiyi İslami dəyərlər açısından belə yanaşmağa cəarət etmir. Halbuki əhalisinin böyük əksəriyyəti şiə müsəlman olan Azərbaycan dövləti İranla xoş münasibətlərdə olmalı idi. Lakin bu belə deyil… İranda fars millətçiliyi hökmrandır Bunun əsas səbəbini yuxarıda qeyd etdik. Müstəqil Azərbaycan dövlətinin varlığı rəsmi Tehran tərəfindən həzm edilmir və hər zaman bu varlıq İrana qarşı təhdid kimi qəbul olunur. Hər halda, bu gün onlar belə düşünür. Və hətta bizim bir dövlət və millət olaraq Güney Azərbaycana qarşı hər hansı iddiada bulunmayacağımız təqdirdə belə İranda bərqərar olan fars millətçiliyi yenə də bugünkü münasibətlərini yaşadacaq. Nə etməli? Təbii ki, istənilən halda Azərbaycanla İran qonşudur və qonşu olaraq da yola davam etməlidir. Elə bunun nəticəsidir ki, Azərbaycan bir dövlət olaraq İranla normal qonşuluq münasibətlərini qorumağa çalışır. Amma hər dəfəsində məhz Tehran tərəfindən bu münasibətlər təhlükə altına alınır. Buna dəfələrlə şahidlik etmişik. 3 dəfə eyni məzmunlu anlaşmanın əldə edilməsinə baxmayaraq bu gün İranın xüsusi xidmət orqanları Azərbaycan əleyhinə xəfiyyə şəbəkəsi çalışdırır. Bu gün dəfələrlə anlaşma əldə olunmasına baxmayaraq, İrandakı fars-molla rejiminin ayrı-ayrı qolları Azərbaycan dövlətini və Azərbaycan dövlətinin başında gələn simaları açıq şəkildə təhqir edirlər. Və bütün bu proses birbaşa olaraq İran dövləti tərəfindən maliyyələşdirilir, dəstəklənir. Yəni bu baş verənlər İranın bir növ dövlət siyasəti kimi də qəbul edilməlidir. Amma bu vaxta qədər Azərbaycan dövlətinin hansısa hətta cavab xarakterli bir addımı maliyyələşdirməsi və yaxud da dəstəkləməsi faktına rast gəlinməyib. Nə vaxta qədər səbir olacağıq… Təbii ki, istənilən bir səbrin də öz limiti var. Və bu gün hələlik Azərbaycan bir dövlət olaraq ayrı-ayrı ayətullahların, İranın ayrı-ayrı rəsmi şəxslərinin, deputatlarının dili ilə söyülməsinə, həqarət olunmasına səbr edir. Amma son olmalıdır. Və elə DİA.AZ-a daxil olan məlumatlardan da anlaşılanı budur. Məlumatlı mənbələr bildirir ki, artıq rəsmi Bakı İranla münasibətlərinə yeni müstəvidə baxmaq qərarını verib. Əslində bu normal bir hadisədir və həm də günü gündən güclənməkdə olan Azərbaycan dövlətçiliyi baxımından zəruri bir haldır. Çünki Azərbaycan bir dövlət olaraq regiondakı maraqlarını kiminsə qıcıqdan doğan yanlış təəssüratlarına qurban vermək fikrində deyil. Məlumatı verən mənbə bildirir ki, yaxın günlərdə Bakı ilə Tehran arasında məhz bu baxımdan danışıqlar aparılacaq. Amma burada maraqlı bir məqam da var: «Məlumdur ki, hətta 1-ci Qarabağ savaşı zamanı İran Azərbaycanın yox, minlərlə şiə-müsəlmanı xüsusi vəhşiliklə qətlə yetirmiş Ermənistanı dəstəklədi. Günü bu gün də İranın Ermənistana dəstəyi davam edir. Elə buna görə də artıq rəsmi Bakı İran-Ermənistan münasibətlərinin həddini rəsmi Tehranla müzakirə etmək fikrindədir. Bəlkə də bu Azərbaycanın müharibə tədarükünün tərkib hissəsidir. İstənilən halda müharibə baş verəcəksə, bu regionda baş verəcək və İran da bu regionda böyük güc sahiblərindən biri olduğundan onun kimin tərəfində dayanacağı da xüsusi önəm daşıyır. Hələlik onlar rəsmi qaydada müsəlman Azərbaycanın yanında olduqlarını deyirlər. Amma faktiki olaraq Ermənistanla eyni səngərdə yer alıblar. Mümkün Qarabağ savaşında isə erməni tankları üçün İran benzini xüsusi əhəmiyyət daşıdığından rəsmi Bakı bu məsələni çözmək məcburiyyətindədir». Mənbə danışıqların yaxın günlərdə başlayacağını da qeyd edərək, əlavə edib ki, eyni məzmunlu danışıqlar daha bir neçə ölkə ilə də aparılacaq: «Azərbaycan Qarabağı azad etməkd israrlıdır. Kiminlə yola çıxacağını bu sarıdan müəyyən etməyin zamanı yetişib». Geri qayıt |