Əsas Səhifə > Cəmiyyət, Manşet > Şərurda məmurlardan ANTİTERROR üçün PUL YIĞILIB

Şərurda məmurlardan ANTİTERROR üçün PUL YIĞILIB


19-10-2023, 10:53
Şərurda məmurlardan ANTİTERROR üçün PUL YIĞILIB
“Qarabağda aparılan son antiterror tədbirlərinə maddi yardım” adı altında Şərur rayonundakı əksər dövlət idarə və müəssisə əməkdaşlarının hər birinin maaşından məcburi 100 manat tutulub. DİA.AZ bildirir ki, bu haqda “Gündəlik Naxçıvan”a maaşı tutulan işçilərdən bir qrupu məlumat verib. Onlar tutulan pulların rayon rəhbərliyi tərəfindən mənimsənildiyini iddia edirlər. Söhbət dövlət büdcəsindən maaaş alan minlərlə işçidən gedir.
Rayondakı dövlət müəssisələrinin birində çalışan A. Bayramov deyir ki, öncə sentyabr ayının maaşları on gündən artıq yubadılıb. Maaşlar veriləndə isə məlum olub ki, onların hər birinin aylıq məvacibindən 100 manat kəsilib:
“Maaşım 600 manatdır. Sentyabr ayı üçün 500 manat verdilər. Səbəbini soruşanda dedilər ki, „Qarabağda anti-terror tədbirləri görüldü, həmin pullar oraya, orduya dəstək üçün göndərildi”. Lakin heç kim buna inanmır. Çünki, 44 günlük müharibə zamanı da orduya yardım edənlər olmuşdu. Sonradan bəlli oldu ki, yardım üçün verilən mal-qaranın, maddi yardımın heç də hamısı orduya göndərilməyib, böyük hissəsni rayon rəhbərliyi mənimsəyib. Azərbaycan ordusu qüdrətli bir ordudur və büdcədən ora kifayət qədər pul ayrılır. Nəyə görə əlavə yardıma ehtiyac olmalıdır? Bu ad altında bizim pullarımızı mənimsəyirlər. Biz inanmırıq ki, przidentimiz belə bir işə qol qoya, bizim maaşlardan ordu üçün tutulmasına icazə verə. Aldığımız maaş onsuz da bizə yetmir ”.
dia-az.life qeyd edir ki, adının çəkilməsini istəməyən başqa bir şikayətçi də maaşından tutulan pulun həqiqətən də orduya verildiyinə inanmır:
“Maaşlarımızdan 100 manat saxladılar. Öyrəndik ki, bütün idarə və müəssisələrdə işçilərin hər birindən bu qaydada pul yığılıb. On minlərlə işçi var. Biz ordumuza, dövlətimizə, əsgər və zabitlərimizə yardım etməyin əleyhinə deyilik. Daha da artığını etməyi özümüzə borc bilirik. Lakin, hər şey şəffaf olmalıdır. Verdiyimiz yardımın ünvanına çatdığından əmin olmalıyıq. Lakin bu əminlik yoxdur. Çünki, 44 günlük müharibə zamanı edilən yardımlarla bağlı ciddi söz-söhbət yarandı. Orduya verilən mal-qaranın bəzilərinin sonradan rayona rəhbərlik edənlərin fermasında olduğu bilindi”.
dia-az.life-ın məlumatına görə, şikayətçilər „Gündəlik Naxçıvan“ vasitəsi ilə aidiyyəti qurumlara müraciət edərək, məsələnin araşdırılmasını, onlardan qanunsuz tutulan pulların geri verilməsini tələb edirlər.

Geri qayıt