Əsas Səhifə > Cəmiyyət, Manşet > Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ...

Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ...


30-10-2023, 10:59
Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ...
Naxçıvan Perinatal Mərkəzində (keçmiş Doğum Mərkəzi) keçirdiyi əməliyyatdan bir gün sonra 43 yaşlı Sveta Xudiyeva vəfat edib.

DİA.AZ xəbər verir ki, yaxınları onun ölümündə mərkəzin həkimlərini günahkar sayırlar. Onlar deyir ki, həkimlər 700 manat rüşvət alsınlar deyə, fiziki vəziyyəti əməliyyata hazır olmayan xəstəni bıçaq altına salıblar. Xəstənin əməliyyata hazır olması üçün isə, Bakıda təcili müalicəyə ehtiyacı var imiş. Yaxınları deyir ki, rüşvət əllərindən çıxmasın deyə, həkimlər onu Bakıya aparmağa imkan verməyiblər.

Rüşvət içində boğulan NAXÇIVAN SƏHİYYƏSİ...

DİA.AZ-ın məlumatına görə mərhumun oğlu Cəlil Xudiyev „Gündəlik Naxçıvan“a deyir ki, ölüm ayağında olan anasını görmək üçün həkimlər ondan əlavə olaraq, 260 manat rüşvət alıblar:
„Anam fibromadan əziyyət çəkirdi və əməliyyata ehtiyacı var idi. Lakin, oktyabrın 9-da mərkəzə gətirdikdən sonra məlum oldu ki, onun qan faizi çox aşağıdır, üstəlik ayaqlarında tromplar var. Bu şəkildə əməliyyata salmaq olmazdı. Tanış həkimlər bizə dedi ki, təcili Bakıya aparılmalıdır ki, əməliyyata hazır olması üçün bu problemlər aradan qaldırılsın. Ancaq, mərkəzin baş həkimi Kifayət Məmmədova və həkim – mama – ginekologu Nəzakət Gülməmmədova buna imkan vermədilər. Nəzakət Gülməmmədova dedi ki, 700 manat verin, 2-3 gün özümüz burada müalicə edib, sonra əməliyyata salacağıq. Sığortamız olduğunu bildirsək də, xeyri olmadı. Anamı itirməmək üçün 700 manatı verməyə razılaşdıq. Onu reanimasiyaya saldılar. Axşam evə qayıdarkən, anamla görüşmək istədik. Görüşə icazə vermək üçün baş həkim Kifayət Məmmədova şəxsən özü bizdən 260 manat aldı“.
Cəlil Xudiyev deyir ki, elə həmin gün həkimlər onlardan xəbərsiz anasını əməliyyat ediblər:
“700 manatı mənimsəmək üçün, heç bir müalicə aparmadan anamı bizdən xəbərsiz əməliyyata götürüblər. Bilə-bilə ki, yaşamaq şansı çox aşağıdır. Əməliyyatdan bir gön sonra oktyabrın 11-də anamın ölüm xəbərini verdilər. Bizim heç bir razılığımız, imzamız olmadan özbaşına hərəkət edib həkimlər. Buna görə onlar məsuliyyət daşıyır. Anam mərkəzin həkimlərinin acgözlüyü və məsuliyyətsizliyi üzündən ölüb. Buna görə adıçəkilən həkimlər məsuliyyət daşıyır”.
Babək rayon Qoşadizə məhəllə sakini Cəlil Xudiyev bildirir ki, anasının ölümünün araşdırılması üçün müvafiq qurumlara müraciətlər ünvanlayıblar.
Bir neçə ay əvvələ kimi Doğum Mərkəzi adlanan bu müəssisədə rüşvət və səhlənkarlıq ucbatından ana və körpə ölümləri ilə bağlı tez-tez şikayətlər olunur. Şikayətçilərin sözlərinə görə, doğuşa gələn xəstələrin hamısından ehtiyac oldu, olmadı 1000 manat rüşvət alıb, məcburi qeysəriyyə əməliyyatı edirlər. Bu pulu verməyənlər isə, körpələri ilə birlikdə ölümə tərk edilirlər.

Geri qayıt