Əsas Səhifə > Cəmiyyət, Manşet > Naxçıvanda YÜZLƏRLƏ MƏKTƏBLİ ÇƏTİN DURUMDA

Naxçıvanda YÜZLƏRLƏ MƏKTƏBLİ ÇƏTİN DURUMDA


3-11-2023, 11:33
Naxçıvanda YÜZLƏRLƏ MƏKTƏBLİ ÇƏTİN DURUMDA
Babək rayon Nehrəm qəsəbəsində məktəbsiz qalan 600 şagird təhsilini davam etdirmək üçün yağış, qar demədən kilometrlərlə məsafə qət etməli olur. Onların əvvəl getdiyi 3 saylı məktəb iki ildən çoxdur ki, təmir adı ilə bağlanmış, daha sonra isə təmir-quraşdırma işləri zamanı bir hissəsi yenidən uçmuşdu. Həmin məktəbin şagirdləri isə, bərpa işləri gecikdirildiyindən evlərindən xeyli aralıdakı Nehrəm qəsəbə 1 saylı məktəbinə getməyə məcbur olurlar.
Məktəbin təmirinin başa çatması üçün isə, lazımi maliyyənin olmadığı bildirlir. DİA.AZ xəbər verir ki, yerli sakinlərin „Gündəlik Naxçıvan“a verdikləri məlumata görə, təmir üçün ayrılan maliyyə müvafiq orqanlar tərəfindən mənimsənilib:
“ Kifayət qədər maliyyə ayrılır, amma maliyyə olmadığını deyirlər. Bir ara məktəbin tikintisinin özəl şirkətlərdən birinə verildiyi bildirildi. Sonra onun rəhbərinin həbs olması ilə bağlı məlumatlar yayıldı. İndi isə iş tamamı ilə dayanıb. Övladım bu il 1-ci sinfə gedib. 6 yaşında uşağı 3 km məsafəyə hər gün aparıb, gətirməli oluram. Qarlı, boranlı, yağışlı gündə bunun nə qədər çətin olduğunu anlamaq lazımdır. Hər şeyə pul tapılır, amma, 600 nəfər şagirdin oxuduğu uçmuş bir məktəbin təmirinə, yenidən bərpasına yox”
Başqa bir şikayətçi, Cəfər Qəribov da 3 saylı məktəbin tikilib başa çatdırılmadığından, məktəblilərin və valideynlərin əziyyət çəkməsindən şikayətlənib. “ Bəzi evlər hətta 3 saylı məktəbdən kilometrlərlə uzaq idi. İndi məsafə bəzi ailələr üçün daha da uzaqlaşıb. Uşaqlar avtomobil yolu ilə gedib-gəlirlər. Onları maşın vurmaq təhlükəsi də yaranır. Qarşıdan qış gəlir. Hər kəsin də avtomobili yoxdur ki, uşaqları məktəbə aparsın”.
Nehrəm qəsəbəsindəki 3 nömrəli tam orta məktəb 2021-ci ilin ortalarından təmir adı ilə bağlanıb. 2022-ci il martın 31-də təmir zamanı binanın divarlarından biri çöküb. Qəza nəticəsində 3 fəhlə həlak olub, biri isə yaralanmışdı. Qəzaya səbəb, təmirə ayrılan vəsaitin mənimsənilməsi göstərilirdi.

Geri qayıt