Əsas Səhifə > Cəmiyyət, Manşet > Kəngərlidə camaatdan `YARDIM` adı altında PUL YIĞILIR

Kəngərlidə camaatdan `YARDIM` adı altında PUL YIĞILIR


17-11-2023, 10:54
Kəngərlidə camaatdan `YARDIM` adı altında PUL YIĞILIR
Kəngərli rayonunda mədəniyyət işçilərindən qazi və şəhid ailələrinə yardım adı altında pul yığılır. Bu pulu vermək məcburi olsa da, onlardan pulu öz xoşları ilə verdikləri ilə bağlı imza vermək tələb olunur. Bu pulların şəhid ailəsi və qazilərə yardım üçün nəzərdə tutulmuş Naxçıvan „Yardım“ Fonduna köçürüldüyü bildirilir.
Mədəniyyət işçilərindən Q. Məmmədov fondun yaradılmasını təqdir etsə də, məcburi pul yığılmasına etiraz edir:
“Deyilənə görə, Naxçıvan Mədəniyyət Nazirliyi şəhid ailələrinə, qazilərə və müharibə veteranlarına “Yardım” Fondu yaradıb. Bu gözəl təşəbbüsdür, biz də dəstəkləyirik. Lakin, bu könüllü olmalıdır, hər kəs imkan daxilində kömək etməlidir. İşçiləri buna məcbur etmək yolverilməzdir. Məcburi qaydada alırlar. Sonra da özləri yazdığı bir sənədə imza atdırılar ki, guya hər şey qanuni və könüllü həyata keçirilir. Biz həm də dəqiq bilmirik ki, bu pullar həqiqətən təyinatı üzrə xərclənir. Çünki, heç bir hesabat təqdim etmirlər”.
Adının çəkilməsini istəməyən digər şikayətçi isə deyir ki, müxtəlif tədbirlər altında onlardan tez-tez qanunsuz pullar tutulur:
“Tez-tez müxtəlif tədbirlər adı ilə müxtəlif miqdarda pul toplanır. Bu dəfə də qazilərə “Yardım“ fondu adı ilə yığırlar. Həyat yoldaşım da bu sahədə işləyir. Hər birimizdən məcburi qaydada 25 manat alıblar. Etirazımız yoxdur. Hər birimiz şəhid ailəsinə, qazilərimizə dəstək olmalıyıq. Lakin, tanıdığımız çoxlu sayda qazi var ki, böyük ehtiyacları var. Onlara yardım edən yoxdur. Bizi narahat edən yığılan pulların təyinatı üzrə xərclənməsinə olan inamsızlıqdır“.


Mənbə: "Gündəlik Naxçıvan"
Təqdim etdi: DİA-AZ.COM (Ərsoyun Bloqu)

Səhifəmiz bütün maraqlı tərəflərin rəyləri üçün açıqdır...

Geri qayıt