Əsas Səhifə > Cəmiyyət, Manşet > Meşələr gözgörəsi MƏHV OLUNUR...
Meşələr gözgörəsi MƏHV OLUNUR...20-12-2023, 16:52 |
“Yardımlı rayonunun Kürəkçi, Dağüzü, Peştəsər kənd ərazilərindəki meşələrdə ağaclar məhv edilir”. Bunu Meydan TV-yə ekofəal Məhəmməd Adıyev deyib. Məhəmməd Adıyev ali təhsilli ekoloqdur, bu sahədə çalışır. Deyir ki, dəfələrlə müraciət etməsinə baxmayaraq ağacların qırılmasının qarşısının alınması üçün işlər görülmür, əksinə onun özünü bir müddətlik işdən kənarlaşdırıblar. Sonradan fəhlə kimi işə bərpa oluna bilib. İşdən çıxarılması təhlükəsinə baxmayaraq meşələrin məhv olunmasına göz yumanların cəzalandırılmasını istəyir. “Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı regional meşə təsərrüfatı birliyində fəhlə kimi çalışıram. Ağacların məhv edilməsi ilə bağlı nazirliyə, o cümlədən aidiyyatı orqanlara müraciətlər etmişəm. Sosial şəbəkələrdə bununla bağlı video görüntülərə minlərlə baxış var”,-M.Adıyev bildirib. Şikayətçi söyləyib ki, ona susması ilə bağlı təkliflər də olub, lakin faktların ciddi araşdırılmasını tələb edib: “Təxminən 15-20 gündür əsasən palıd ağacları kütləvi qırılıb, Masallı və Bakıdakı sexlərə satılır. Siyahı tutmuşam, sağlam ağaların qırıldığını sübut edə bilərəm. Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı araşdırmağa başlayıb, lakin çox da ümidli deyiləm”. Ekofəal nazir Muxtar Babayevdən yoxlamaları nəzarətə götürməyi, həmçinin nazirliyin mütəxəssisləri ilə birgə hüquq-mühafizə orqanlarının da yoxlamalara qatılmasını istəyib: “Əks halda müəyyən fasilələrlə ağacların qırılması davam etdiriləcək”. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən meşələrin bilərəkdən məhv edilməsi ilə bağlı sualları cavablandırmayıblar. Bununla belə qaynar xətt xidmətindən müraciətin qeydiyyata alındığını deyiblər. DİN Mətbuat xdmətinin Lənkəran regional qrupunun baş inspektoru Məhəmməd Rzayev Meydan TV-yə bildirib ki, M.Adıyev polisə müraciət etməyib. Həmin məsələ Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən araşdırılır. Geri qayıt |