Əsas Səhifə > Cəmiyyət, Manşet > Gömrük Komitəsi NK-nın qərarından sui-istifadə edir

Gömrük Komitəsi NK-nın qərarından sui-istifadə edir


19-02-2024, 09:07
Gömrük Komitəsi NK-nın qərarından sui-istifadə edir
Nazirlər Kabineti 29 mart 2023-cü ildə istehsal müddəti 10 ildən çox olan minik avtomobillərinin Azərbaycana gətirilməsini qadağan edib. 94 saylı qərar dərc edildikdən 30 (otuz) gün sonra qüvvəyə minib.

Nazirlər Kabineti (NK) qərarına dair izahında müxtəlif səbəblər göstərib. Səbəblər sırasında ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılması da var.

Qərarın qəbulunda insanların həyat və sağlamlığı əsas götürülür. Amma bu qərar, Nazirlər Kabinetinin izahında göstərildiyi kimi, Azərbaycan vətəndaşlarının heç də hamısının həyat və sağlamlığına müsbət təsir etmir. Əksinə, Dövlət Gömrük Komitəsinin NK-nın qərarını əsas gətirib yaratdığı süni problemlər bəzi insanların əsəblərini tarıma çəkir, sağlamlıqlarına zərbə vurur, üstəlik, onları müflisləşdirir.

Hazırda Azərbaycanın xeyli sayda vətəndaşı Gömrük Komitəsinin yaratdığı süni problemlərdən və özbaşınalıqlardan əziyyət çəkir. Bunu onların müxtəlif KİV-lərə göndərdikləri şikayət məktubları da təsdiqləyir.

Qusar rayon sakinləri də Gömrük Komitəsinin yaratdığı problemlərlə üzləşiblər. Rayon sakinləri Eduard Əlibalayev, Xədicə İsayeva və Ramin Vəlibəyov Reyting.az-a yazıblar ki, Koreyadan aldıqları avtomobilləri Azərbaycana gətirə bilmirlər, Gömrük Komtəsi əsassız olaraq buna imkan vermir.

Onların aldığı 4 ədəd “KİA Sorento” marakalı avtomobil xeyli müddətdir Gürcüstan ərazisində qalıb və ödənişli dayanacaqlarda saxlanılan avtomobillər üçün sahibləri əlavə maliyyə ödəmli olurlar ki, bu da vətəndaşlarımızın zərərinədir.

Gömrük Komitəsi avtomobillərin ölkəyə buraxılmamasına səbəb kimi NK-nın məhdudiyyətini əsas gətirsə də, gömrükçülərin əsaslandırması məntiqli deyil, qərarla ziddiyyətli məqamları və sui-istifadə halları var.

Avtomobillər ölkə xaricində alınarkən həmin ildə istehsal edilmiş texnikanın Azərbaycana gətirilməsinə hər hansı qadağa olmayıb. Azərbaycan vətəndaşları onları aldıqdan sonra isə istehsal müddəti 10 ili keçmiş avtomobillərin ölkəmizə gətirilməsi qadağan edilib. Hansı ki, həmin vaxt artıq sözügedən avtomobillər Azərbaycana yola salınmışdı və onların uzaq Koreyadan gəmilər vasitəsi ilə Azərbaycan sərhəddinə - Gürcüstana gətirilməsi xeyli vaxt aparıb. Bu, avtomobillərin alınaraq Azərbaycana gətirilməsi üçün beynəlxalq səviyyədə tanınan müxtəlif sənədlərdə də əksini tapıb (Sənədlərin surəti əlavə olunur).

Həmin avtomobillərdən biri 2010-cu il, ikisi 2012-ci il, biri 2013-cü ildə istehsal edilib. 2013-cü il istehsalı olan avtomobil isə logistika problemi səbəbindən sonradan qadağaya məruz qalan avtomobillərin siyahısına düşüb. Yəni avtomobil alınarkən istehsal müddəti 10 il olmasa da, gömrükçülərin özbaşınalığı, əsassız bəhanələri, qeyri-qanuni tələbləri səbəbindən Azərbaycan ərazisinə gətirilməsi ləngiyib və bu müddət ərazində texnikanın istehsal tarixi 10 ilə çatıb.

İddia olunur ki, gömrükçülər Azərbaycan vətəndaşlarının haqlı tələblərinə - əmlaklarının ölkəyə buraxılmasına nəinki məhəl qoymur, əksinə, onlara hədə-qorxu gəlməkdən də çəkinmirlər. Hətta vətəndaşların beynəlxalq sənədləri saxtalaşdırdığını da bildirirlər ki, bu da gülüş doğurur. Çünki belə bir qanunsuzluq baş versəydi, bunu Azərbaycan gömrükçülərindən əvvəl digər ölkələrin müvafiq qurumları müəyyən edərdi. Üstəlik, bu sənədlərin üzərindəki kodları dünya logistik sisteminə daxil etməklə saxta olmadığını müəyyənləşdirmək mümkündür.

Dövlət Gömrük Komitəsinin Azərbaycan vətəndaşlarından avtomobillərin ölkəyə gətirilməsi üçün tələb etdiyi əsas sənədlərdən biri də bank vasitəsi ilə ödəniş qəbzidir. Vətəndaşlarımız isə avtomobili alarkən Azərbaycan vətəndaşı İlqar Alik oğlu Əliyevin Koreyadakı şirkəti vasitəsi ilə ödəniş ediblər. Hətta sahibkar İlqar Əliyev də Gömrük Komitəsinə müraciətində bunu təsdiqləyib və problemin həllinə kömək istəyib.

Bildirilir ki, avtomobillər İ. Əliyevin Koreyadakı şirkətinə məxsus olub, NK-nın məlum qərarından 10 gün əvvəl, Azərbaycana yola salınarkən adıçəkilən şəxslərə satılıb.

Şirkətdə buna dair sənədlər də var. Bu sənədlərdən biri Koreya dövlətinə məxsus olan və dünyada tanınan Eksport sənədi, digərləri - BL və B OFF LOADİNG sənədləridir. Bunların üzərindəki kodlara daxil olmaqla, dünya logistik sistemində avtomobillərin hansı tarixdə alındığını və nə vaxt Azərbaycana yola salındığını müəyyən etmək olar. Amma Gömrük Komitəsi təqdim olunan nə bu sənədlərə, nə də şirkət vasitəsi ilə ödəniş qəbzinə məhəl qoymur, ölkə vətəndaşlarını müflisləşdirir və qanunlara əməl etmir.

Qeyd olunur ki, avtomobillərə görə alınmış vəsaitlərin sonradan bank vasitəsi ilə ödənilməsinə də imkan verilməyib. Azərbaycan gömrükçülərinin bu özbaşınalığı isə vətəndaşlar üçün yaranmış problemin əsasına çevrilib və vətəndaş hüquqlarının pozulması ilə nəticələnir.

Vətəndaşlarımız üzləşdikləri problemlərlə bağlı Gömrük Komitəsinin adiyyəti şəxslərinə müraciətlər etsələr də, məsələ müsbət həllini tapmır. Hətta sabiq gömrük məmuru A. Aslanov problemin həllinə razılıq verib və rəsmi sənədin üzərinə "Həll edilsin" yazaraq, imza atsa da. Bu səbəbdən də, şikayətçilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdən və Gömrük Komitəsinin rəhbərliyindən problemin həllində kömək istəyirlər.

Onu da qeyd edək ki, Qusar sakinləri üzləşdikləri problem səbəbindən məhkəməyə müraciət edəcəklərini istisna etməyiblər. Çünki onlar Gömrük Komitəsinin tələblərini qanunsuz, gömrükçülərin əməlini özbaşınalıq sayırlar. Bir daha vurğulayırlar ki, avtomobillərin Koreyadan Azərbaycan sərhəddinə gətirilməsi 30 gündən də çox vaxt apara bilərdi və NK-nın məlum qərarının onlara şamil edilməsi qanunsuzluqdur.

Geri qayıt