Əsas Səhifə > Cəmiyyət, Manşet > FHN şefi təqaüdə çıxan bir insanın kiçik problemini həll edə bilmirmi?
FHN şefi təqaüdə çıxan bir insanın kiçik problemini həll edə bilmirmi?11-07-2024, 11:32 |
Ölkədə dövlət qurumları, nazirliklərin əksəriyyəti sanki iflic olublar. Bu dərəcədə şikəst fəaliyyətlə həmin strukturların necə mövcud olduqları heyrət doğurur. Çünki onlara edilən müraciətlərə heç tüklərini tərpətmirlər. Götürək elə Fövqəladə Hallar Nazirliyini. Maraqlıdır, nazir və nazirliyin əməkdaşları hər gün işə gəlib nə edirlər? Doğurdanmı mətbuatı izləmirlər, maraqlanmırlarmı kim nə ilə bağlı müraciət edib? Bəs, onların işi-gücü nədən ibarətdir? Misal üçün xeyli vaxtdır ki, Mirzəyev Pərviz Gülağa oğlu Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova müraciət edir, probleminin həll olunmasını istəyir, amma səs-səmir yoxdur. Bildirmişdi ki, 2005-ci ildən Dövlət Yanğından Mühafizə Xidmətinin Xətai rayon bölməsində işləyib, 2023-cü ilin dekabrında təqaüdə çıxıb, pensiyaya çıxandan sonra ona hesablama pulu verilməyib. Amma bu müraciəti nazir görməzdən gəlir. Hətta öz işçisinə qarşı belə laqeyddir. Şikayətçinin sözlərinə görə, 112 Xidmətinə də zəng edib, oradan isə deyilib ki, müraciətinizə baxılacaq. Amma indiyə qədər nə o müraciətə cavab gəlməyib, nə də nazir K.Heydərova media üzərindən etdiyi xahişə baxan var. Yəni bu qədər biganəlik olarmı? FHN şefi təqaüdə çıxan bir insanın kiçik problemini həll edə bilmirmi? Nə çətin işdir ki, nazir müvafiq bir tapşırıq versin? Ona görə də artıq cana doyan Pərviz Mirzəyev Prezident İlham Əliyevə üz tutaraq bildirib ki, nazir Kəmaləddin Heydərova etdiyi müraciət nəticəsiz qalıb. P.Mirzəyev dövlət başçısından xahiş edir ki, bu məsələ ilə bağlı FHN rəhbərliyinə, aidiyyatı struktura müvafiq tapşırıq verilsin, onun üçün böyük, nazirlik üçün kiçik bir məsələ olan bu problem həllini tapsın. Dövlət Yanğından Mühafizə Xidmətinin peşəkar əməkdaşlarından olmuş P.Mirzəyev təəssüf edir ki, uzun müddət işlədiyi qurumun rəhbərliyi onun bu müraciətlərini susqunluqla qarşılayır və cavabsız qoyur. O, ümid edirdi ki, nazir Kəmaləddin Heydərov təqaüdə çıxmış keçmiş işçisinə münasibətdə qayğıkeş, diqqətcil olacaq, amma hesablama pulunu almaq üçün etdiyi xahişə quru cavab da gəlməyib. Odur ki, Prezidentə müraciət edərək bu işin müsbət həllini tapması üçün göstəriş verməsini xahiş edir. Anaxeber.İnfo Geri qayıt |