Əsas Səhifə > Cəmiyyət, Manşet > "Qazaxlı Alik" Ağstafa sakinlərinin canını boğazına yığıb
"Qazaxlı Alik" Ağstafa sakinlərinin canını boğazına yığıb27-03-2014, 12:46 |
DİA.AZ: - Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa oğlu 1-ci Qarabağ savaşı dönəmində “Qazaxlı Alik” kimi tanınan və adı bir çox qalmaqallı olaylarda hallandırılan Alik Muradovdan prezident İlham Əliyevə şikayət edib. Bir nüsxəsi də DİA.AZ-a göndərilən şikayət məktubunda deyilir: “Mən Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa oğlu cənab Prezidentimiz İlham Əliyevə müraciət edirəm. Ağtafa rayon Dağkəsəmən kəndində özünü Qarabağ döyüşçüsü kimi təqdim edən Muradov Alikin (Qazaxlı Alik) və ona kənd sakinlərinin torpaqlarının mənimsənilməsində köməklik göstərən dövlət orqanlarının özbaşnalığı pik həddə çatıb. Dağkəsəmən kəndində mənimlə birlikdə 4 ailənin torpağını özünü Qarabağ döyüşçüsü kimi təqdim edərək mənimsəyir. Kimə şikayət ediriksə, heç kim bizim şikayətimizə baxmır. 2004-cü ildə mənə verilmiş həyətyanı torpaq sahəsinin həmkəndlim Muradov Alik Fuad oğlu tərəfindən zəbt olunması barədə 05.06.2013 cü il tarixində Ağstafa rayon məhkəməsinə iddia ərizəsi yazmışdım. 9 ay süründürməçilikdən sonra ekspertiza təyin olundu. 13.03.2014 tarixdə gələn ekspertiza və Torpaq Xəritəçəkmə Komitəsindən gələn Etibar Əliyev, onunla gələn nümayəndələr şikayət elədiyim Alik Muradovun torpaq sahəsini ölçmədilər, onun sənədi ilə faktiki olan torpaq sahəsini tutuşdurmadılar. Heç olmasa qaralama kimi istifadə olunan qeydiyyatı belə götürmədilər. 9 ay mübahisə doğuran torpağın müqəddaratı 20 dəqiqə müddətində olan baxışla yekunlaşdı. Bu 9 ay müddət ərzində torpağımın əlimdən alınmaması barədə şikayətinmin əvəzində Alik Muradov mənim sahibkarlıq fəaliyyəti göstərdiyim, ailəliklə işləyib çörəkpulu qazandığım qanuni sənədlə mənə məxsus olan yeməkxananı Ağstafa rayon məhkəməsinin hakimi Kamil Rzayevin çıxardığı qərəzli qərarla, heç bir araşdırma aparmadan 11.07.2013 tarixdən 30.09.2013 tarixədək həbslə bağlatdırıb, 8 nəfərdən ibarət ailə üzvlərimizin çörəyini kəsdi. Hörmətli Prezidentimiz, sizin sahibkarlıq fəaliyyətinin heç kim tərəfindən müdaxilə olunmaması göstərişləri hakim Kamil Rzayev tərəfindən kobudcasına pozularaq fəaliyyət göstərdiyim yeməkxana 2 ay 20 gün müddətdə bağlı qaldı. Bu günə kimi də səbəbini başa düşə bilmirik. İndiyədək mən və digər torpağı zəbt olunmuş kənd sakinləri hansısa orqana şikayət etmişiksə süründürməçiliklə qarşılaşmıq. Mən başa düşə bilmirəm dövlətimizin qanuni sənədlə mənə məxsus olan torpağı niyə kimsə məndən qanunsuz yolla almalıdır. Torpağı mənə dövlətimiz verib sadəcə dövlətə verə bilərəm. Nəinki hansısa özünü Qarabağ döyüşçüsü kimi təqdim edən birinə. Hörmətli cənab Prezidentimiz bir Azərbaycan vətəndaşı kimi bu barədə araşdırılma aparılması üçün adiyatı orqanlara tapşırıq verməyinizi sizdən xahiş edirəm”. Qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq... Geri qayıt |