Əsas Səhifə > Cəmiyyət, Manşet > AKADEMİK ƏDALƏTSİZLİK!!!
AKADEMİK ƏDALƏTSİZLİK!!!30-07-2024, 10:12 |
"AMEA-da ənənəvi həqiqi və müxbir üzvlərin seçiləcəyi deyilir. Seçilsinlər, nə olar ki, hətta adlara və titullara təşnə olduğumuzu nəzərə alıb akademiya sistemində çalışanların 80-90 faizini tərəddüdsüz akademik üzv etmək qəbahət deyil. Bir şərtlə ki, onlara üzvlüyə görə əlavə imtiyaz, israfçı maaş və ya aylıqlar verilməsin, yəni ədalətsizliyi və rüşvəti stimullaşdıran titul əlavələri ləğv edilsin!..." dia-az.life xəbər verir ki, bunu MEA Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru İdris Abbasov qeyd edib. Dilçi-alimimiz daha sonra əlavə edib: "Bir dəfə düstur edib yadda saxlamaq lazımdır ki, vəzifə maaşlarından əlavə onlara 1500-2000 AZN titul maaşı verilməsi ədalət prinsipini və tarazılığı pozur. Qeyri-bərabər müftə titul maaşları elmi mühitə böyük zərbə vurur, etik və mənəvi-əxlaqi prinsipləri pozur. Alimə maddi əlavələr yalnız gördüyü işə görə verilməlidir! Təsəvvür edin, dostbazlıq və qara-qura yollarla akademik edilmiş, ziyanlı bir elmlər doktorunun aylığı 3000-5000, hətta lap iri akademkiklərinki 10 000-15 000 min manata çıxırsa, canını fəda edib iş ortaya qoyan, ölkə üçün, cəmiyyət üçün faydalı olan həqiqi alim 300-500 manatla lağa qoyulur, işgəncə edilir. Elmi müəssisədə özləri iri rüşvətlə, "gəlir"lə məşğul olduqları halda, kasıblara da "min bir xırdavat" rüşvəti üçün şərait yaradırlar. Beləliklə, dövlət inancının alt-üst edilməsi prosesi başlanır. Dərinə getdikcə pullu titulun səbəb olduğu çox dəhşətli mənzərələr ortaya çıxır! Təkrar edirəm ki, maddi əlavələr, mükafatlar titula görə yox, konkret işə görə verilməlidir. Əks təqdirdə, pullu titul uğrunda mübarizədə rüşvət və "qaçaqmalçılıq" əvvəlkindən daha şüurlu şəkildə bəh-bəh deyib qəh-qəh çəkəcək... Acı akademik təcrübədən dərs çıxarmayacağıqsa, vay bizim istiqbalımıza!" Geri qayıt |