Əsas Səhifə > Cəmiyyət, Manşet > “BakıKart”ı KİMLƏR VƏ NİYƏ ÇÖKDÜRÜ(B)R?

“BakıKart”ı KİMLƏR VƏ NİYƏ ÇÖKDÜRÜ(B)R?


2-09-2024, 11:24
“BakıKart”ı KİMLƏR VƏ NİYƏ ÇÖKDÜRÜ(B)R?
“İşləmir, hesabda olan pul qaytarılmır”, “Artıq mobil tətbiqi telefonumdan sildim”, “90% ehtimalla bundan sonra işləməyəcək”, “Təəssüf ki, tətbiqdə nasazlıq yaranan gündən bəri müvafiq qurumun mobil tətbiqin 100 mindən çox istifadəçisinə dolğun rəsmi məlumat verməməsi saymazlıqdır...” Bütün bu şərhlər sosial şəbəkələrdə avqustun 7-dən bəri sərnişinləri çətin vəziyyətdə qoyan “BakıKart”ın, daha doğrusu, onun idarəçilərinin ünvanına sel kimi yağır. Bir aya yaxındır, işləməyən “BakıKart” mobil tətbiqinin taleyinin necə olacağı hələ də müəmmalıdır. Sosial şəbəkələrdə şikayətlər bununla bitmir. Aidiyyəti qurumlara ünvanlanan etirazların da aradı-arası kəsilmir. “Mobil tətbiq istifadəyə veriləndə AYNA bütün yaranan problemləri onlara yönəltməyimizi bildirmişdi. Hətta müsahibə zamanı yaranan problemlərin dərhal aradan qaldırılacağı diqqətə çatdırılmışdı, indi tətbiq yararsız vəziyyətdədir, qurum rəsmilərindən kimsə çıxıb açıqlama verməyi lazım bilmir. Qorxuram, deyələr ki, “bizlik deyil””, “Bu tətbiq ötən ilin əvvəlində də problemlə üzləşmişdi. Hətta proqramdan qeydiyyatdan keçənlərin datası oğurlanmışdı. Bu gün “BakıKartın direktorunun işdən çıxması da bir ayrı maraqlı məqamdır...” kimi şərhlər də az deyil. Bildirilir ki, paytaxt ərazisində əksər dayanacaqlardan “BakıKart” terminalları uzun müddətdir, yığışdırılıb. İndi avtobusdan istifadə edən sərnişinlər kart hesabını artırmaq üçün ya metro keçidlərinə qədər getməli, ya da “Milliön” terminallarına üz tutmalıdırlar. Bir çox ərazilərdə “Milliön” terminallarında da tez-tez texniki problem yaşandığı deyilir. “Birbank” vasitəsilə ödəniş məbləği seçənlər isə bildirirlər ki, 30 dəqiqə ərzində QR kodu istifadə etmədikdə, yüklənən pul “batır...” Problemin uzun müddətdir, həllini tapmamasında ən çox tənqid hədəfinə çevrilən isə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyevdir...

Mövcud problemlə bağlı Pravda.az-a fikirlərini bölüşən nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bir sıra təkliflər səsləndirib.

“Çox təəssüf ki, belə bir problem var və narahatlıq doğurur. Çünki insanlar artıq 1 ilə yaxın idi ki, “BakıKart” tətbiqindən istifadə edirdilər. Düzdür, ödəniş üçün “m10”, “Birbank” kimi bəzi alternativlər mövcuddur. Lakin yaxşı olardı ki, bu çeşid bir az da artırılsın. Bir neçə bank da bu ödəniş sisteminə qoşulsun. Digər tərəfdən, avtobusun harada olduğunu izləmək baxımından alternativ yoxdur. Daşıyıcı şirkətlərin öz marşrutlarını göstərmələri şərti ilə AYNA tərəfindən sosial şəbəkə səhifəsində vətəndaşlara avtobusu izləmə imkanı yaradılsın. İstənilən risk zamanı, yəni tətbiqdə hər hansı problem yaşanarsa, sərnişin alternativ variantdan istifadə edərək həm də ödəniş edə bilsin. Beləliklə, problemlər minimum narahatlıqla aradan qaldırılsın. Belə halların baş verməməsi üçün çeşidlər çox olmalıdır. Bu, ictimai nəqliyyatdan daha aktiv istifadə edən insanları ictimai nəqliyyata daha çox meyilləndirəcək”, - ekpsert bildirib.

Geri qayıt