Əsas Səhifə > Cəmiyyət, Manşet > Beyləqanın icra başçısı vəzifə başında çox qalmayacaq
Beyləqanın icra başçısı vəzifə başında çox qalmayacaq17-04-2014, 12:44 |
Yerlərdə özlərini küllü-ixtiyar sahibi kimi aparan bəzi icra başçılarının qanunsuz əməlləri ilə bağlı çox yazılıb. Onlarla icra başçısı isə bu kimi əməllərinə görə, sərt şəkildə cəzalandırılıb, vəzifələrini itiriblər və s. Amma deyəsən görülən bu tədbirlər yerlərdəki qanunsuzluqları tam olaraq aradan qaldırmaqda acizdir. Belə olmasaydı ayrı-ayrı icra başçılarının qanunsuz əməlləri ilə bağlı yeni faktların şahidi olmazdıq. Elə “Unikal” qəzetinin redaksiyasına daxil olmuş konkret məsələlər əsasında qələmə alınmış bu yazıda həmin mövzudadır. Redaksiyamıza daxil olmuş şikayət isə Beyləqan rayonundakı məmur özbaşınalığı ilə bağlıdır.Qəzetimizə daxil olan məlumatlarda qeyd olunur ki, Beyləqan rayon icra hakimiyyətinin başçısı Vaqif Abdullayevin qanunlara söykənməyən idarəçiliyi rayonda dözülməz atmosfer yaradıb. Məlumat üçün bildirək ki, bundan əvvəl Xızı rayonuna rəhbərlik etmiş Vaqif Abdullayev Beyləqan rayon icra hakimiyyətinin başçısı vəzifəsinə 2012-ci ildə təyinat alıb. Yəni, onun rayona rəhbərlik etməsinin elə də böyük tarixi yoxdur. Amma icra başçısı bu 2 il müddətində də “özünü unutdurmayacaq” şok əməllərə imza atmağa nail olub.İcra başçısı Vaqif Abdullayevin həyata keçirdiyi «islahat”lar nəticəsində durumu pisləşən Beyləqan camaatının torpaqları da əllərindən çıxır. Belə ki, rayonun icra başçısı yerli bələdiyyə sədrləri ilə əlbir olaraq, torpaq sahələrini satmaqla məşğuldur. Vəziyyətin dözülməzliyi o həddədir ki, torpaq sahələrinin ayrılma məsələsində rüşvət tələb olunduğundan camaat nə edəcəyini bilmir. Eyni zamanda rayona ayrılmış küllü miqdarda dövlət vəsaitinin xərclənməsində şəffaflığın olmaması da daxil olan məlumatlar arasındadır. “Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, icra başçısı hansısa səbəbdən rayondakı bütün işləri əslən İmişli rayonundan olan bir iş adamına həvalə edir. Hazırda Beyləqanın icra başçısı ilə həmin iş adamını bağlayan şübhəli tellərlə bağlı araşdırmalarımız davam edir və odur ki, bu məsələyə yenidən qayıdacağıq. Hələliksə Vaqif Abdullayevin rayondakı sahibkarlara qarşı qanunsuz əməllərinə işıq salmağa çalışaq.Beyləqanın icra başçısı Vaqif Abdullayevin yerli sahibkarlarla hər zaman problemləri olub. Bu baxımdan yalnız bir faktı xatırlatmaq kifayətdir ki, bir müddət öncə iş adamı Tərlan Kamaloğlu ilə aralarındakı yaranmış münaqişədə icra başçısı döyülərək, xəsarət almışdı. O zaman məsələ kifayət qədər böyümüş və icra başçısı “yuxarılar” tərəfindən ciddi şəkildə tənbeh olunmuşdu. Amma bu hadisədən sonra bir çoxları elə zənn edirdi ki, Vaqif Abdullayev baş verənlərdən nəticə çıxaracaq. Amma gözlənilənlərin tam əksi baş verdi və icra başçısının sahibkarlarla problemləri davam edən xətt üzrə inkişaf etdi.Vaqif Abdullayevin qanunsuz təzyiqləri ilə üzləşən sahibkarlardan biri isə Beyləqan rayonunda fəaliyyət göstərən Şirə Zavodunun direktoru Həsən Quliyevdir. Qəzetimizə daxil olan məlumatlara görə, icra başçısı bütün tələb olunan qanuni sənədlərlə zavod direktoruna məxsus olan 1,5 ha ərazini heç bir qanuna söykənmədən 80 min manata Şakir İsmayılov adlı şəxsə satıb. İcra başçısının bu qanunsuz hərəkətindən haqlı narazılıq ifadə edən Həsən Quliyev isə məhkəməyə müraciət edərək öz hüquqlarının bərpası istiqamətində fəaliyyətə başlayıb. İlkin məhkəmə instansiyası da Həsən Quliyevə məxsus olan 1,5 ha ərazinin digər bir şəxsə satılmasını qanunsuz sayaraq zavod direktorunun iddiasını əsaslı sayıb. Hazırda isə həmin iş Ali Məhkəmənin icraatındadır. Mənbəmizin sözlərinə görə bu icra başçısının sahibkarlara qarşı ilk qanunsuz addımı deyil və bu günə qədər müxtəlif iş adamlarına məxsus ərzilər heç bir əsas olmadan icra başçısı tərəfindən satılıb. Mənbəmiz iddia edir ki, artıq sahibkarlar Beyləqandakı bu dözülməz vəziyyətlə bağlı Prezident Adminstrasiyasına da müraciət ünvanlamağı düşünürlər. İcra başçısının qanunsuzluqlarının cəzasız qalmayacağı isə şübhəsizdir. Hər halda İsmayıllı və Quba iğtişaşlarının indi də Beyləqanda təkrarlanmasını heç kim arzulamaz. Geri qayıt |