Əsas Səhifə > Cəmiyyət, Manşet > Digər icra başçıları Nizami Sadıqovun aqibətini yaşamaq istəmir

Digər icra başçıları Nizami Sadıqovun aqibətini yaşamaq istəmir


13-05-2014, 12:23
Digər icra başçıları Nizami Sadıqovun aqibətini yaşamaq istəmir
DİA.AZ: - Bəzi rayon icra hakimiyyəti başçılarına qadağa tətbiq olunub. Bu barədə DİA.AZ-ı bilgiləndirən Nazirlər Kabinetindəki mötəbər mənbə bildirir ki, icra başçılarının mətbuata verdikləri açıqlamalarında özlərinin əleyhinə formalaşan fikirləri daha da möhkəmləndirmələri heç də «yuxarıların» xoşuna gəlməyib.

Mənbənin iddialarına görə bu səbəbdən icra başçılarına mətbuatla təmas qadağan edilib və onların nəzərinə çatdırılıb ki, əleyhlərinə rəylərin formalaşmasının qarşısını alsınlar, amma özləri «bu prosesdə iştirakçı olmasınlar».

Xatırladaq ki, bu günlərdə Ağdam rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nizami Sadıqov məhz belə bir «yanlışı» buraxması səbəbindən vəzifəsindən alınıb. Bildirək ki, Nizami Sadıqovun qumarda 50 min manat pul uduzması ilə bağlı xəbərlər yayılmışdı.

O isə mətbuata açıqlamasında belə bir reaksiyası ilə diqqətə gəlmişdi: “Bu məlumatlar tamamilə yalan, cəfəngiyat və təxribat məqsədi daşıyır. Mən ümumiyyətlə, “QAİ Şahin” adında adam tanımıram. Kim nə yazırsa, yazsın, əgər bizim əleyhimizə nəsə pis şey yazırlarsa, deməli, o adamlar Azərbaycana düşmənçilik edirlər. Erməni kəşfiyyatı hər zaman işləyir, bizi izləyir. Bu cür məlumatları görüb deyəcəklər ki, burada bir icra başçısı var, avaranın biridir. Belə şey etmək olmaz, bu təxribatdır. Vallah, mən “QAİ Şahin” adında adam tanımıram”.

Hər halda, belə and-aman edən şəxs həm də dolayı yolla torbada pişiyin olduğunu da etiraf edirmiş kimi görünür.

Məlumatlı mənbənin dia-az.life-a bildirdiklərindən o da aydın olur ki, artıq icra başçılarından bəziləri yeni uyğulamaya uyğun olaraq mətbuat işlərini tam olaraq humanitar məsələlər üzrə müavininə həvalə ediblər və özləri media ilə əlaqələrini kəsiblər.

Geri qayıt