Əsas Səhifə > Cəmiyyət, Manşet > Şəkidə sabiq icra başçısının qardaşına qarşı imza toplanılır

Şəkidə sabiq icra başçısının qardaşına qarşı imza toplanılır


17-07-2014, 15:54
Şəkidə sabiq icra başçısının qardaşına qarşı imza toplanılır
DİA.AZ: - Şəki Bazarında fəaliyyət göstərən şəxslər rayonda imza toplayaraq, onu prezident İlham Əliyevə, MTN başçısı Eldar Mahmudova, Baş prokuror Zakir Qaralova və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriblər. Bu barədə DİA.AZ-a zərərçəkmişlərin hüquqlarını müdafiə edən, YAP Şəki təşkilatının qurucusu və sədri olmuş Valeh Yusifli məlumat verib.

O bildirib ki, 2004-2010-cu illərdə şəhərin icra başçısı olmuş Nazim İbrahimovun qardaşı Ülfət İbrahimov yüzlərlə sadə vətəndaşı aldadaraq, onlara «Şəki-Bazar» ASC-nin nəzdində fəaliyyət göstərən bazarda yer verəcəyi adı altında pul alıb. Amma həmin şəxslərin heç birinə yer verməyib. V.Yusifli qeyd edib ki, baş verənlərlə bağlı Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi Cinayət Məcəlləsinin 4 maddəsi üzrə cinayət işi qaldırsa da, Şəki Ağır Cinayətlər Məhkəməsi bəzi maraqlar fonunda onu məsuliyyətdən azad edib.

«Şəki Bazar» ASC-nin İdarə Heyətinin sədri Ülfət İbrahimovun aldatdığı yüzlərlə şəxsdən hələlik 23 nəfəri müraciətə imza atıblar. Məlumatda deyilir ki, 2009-cu ildə Şəkinin S.Mümtaz küçəsinin qərbində 2 ha ərazidə tikilməkdə olan bazara tamamlama işlərinin görülməsi üçün hər bir köşk üçün 550-600 AZN, dükanlar üçünsə kv.m asılı olaraq (12 kv.m-ə görə 2400 man, 18kv.m -3600 man və 24 kv.m-lik sahəyə görə 4200 man.) gələcəkdə 1-1,6 il ərzində icarə haqqı almamaq razılaşması əsasında pul yığıb. İndiyə qədər müəyyən edilən zərərin miqdarı 25660 AZN olub. Amma imza atanların sayı hər gün artmaqdadır.

V.Yusifli bu məsələnin çözülməsini, vətəndaşların pozulmuş hüquqlarının bərpa olunmasını və dəymiş zərərin ödənilməsini tələb etdiklərini vurğulayıb.

Geri qayıt