Əsas Səhifə > Cəmiyyət, Güney Press, Manşet > "Laçın" ticarət mərkəzində sahibkarlara qoyulan haqqın bahalaşması naazılıq yaratdı

"Laçın" ticarət mərkəzində sahibkarlara qoyulan haqqın bahalaşması naazılıq yaratdı


2-09-2014, 14:04
"Laçın" ticarət mərkəzində sahibkarlara qoyulan haqqın bahalaşması naazılıq yaratdı
Prezident İlham Əliyev sahibkarlığın inkişafına böyük önəm verir. Bunu heç kim inkar edə bilməz. Ölkə başçısı sahibkarlığın inkişafını ümumilikdə ölkəmizin inkişafı kimi qəbul edir və müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamlarına münbit şəraitin yaradılması barədə lazımi şəxslərə öz tapşırıqlarını verir. Məlum olduğu kimi, prezident dəfələrlə yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbər şəxslərinə sahibkarların işinə kənar müdaxilə etməmələri ilə bağlı ciddi xəbərdarlıqlar edib.

Prezident İlham Əliyevin vurğuladığı kimi irihəcmli istehsal gücünə malik sənaye müəssisələrinin yaradılması, iş adamlarına maddi, mənəvi, hüquqi dəstəyin verilməsi kiçik və orta sahibkarlığın güclənməsi üçün başlıca amildir: "Mənim sahibkarlardan tələblərim bundan ibarətdir ki, yaşadıqları bölgələrdə və fəaliyyət göstərdikləri sahələrdə yaxşı işləsinlər, vergiləri vaxtında versinlər. Dövlət qarşısında onların heç bir borcu olmasın. İş yerləri yaratsınlar, bizneslərini daha da genişləndirsinlər, daha da yaxşı yaşasınlar, daha da zəngin olsunlar. Mən hesab edirəm ki, bu fikirlə sahibkarların fikirləri arasında heç bir fərq ola bilməz. Əlbəttə ki, sahibkarlar müxtəlif sosial layihələrə qoşulduqda bu, mənim onlara, necə deyərlər, münasibətimi daha da yaxşılaşdırır". Bütün bunlara baxmayaraq, orta və xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin fəaliyyətinə müəyyən müdaxilələr edilir. Belə ki, bəzi iri iş adamları onların tabeliyində çalışan insanların işinə süni əngəl yaradırlar. Etibarlı mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, paytaxtın tanınmış obyektlərindən hesab edilən "Laçın" ticarət mərkəzində vəziyyət kritik həddə çatıb. Buna səbəb isə ticarət mərkəzinin rəhbərliyinin bir neçə gün əvvəl yer pullarını heç bir səbəb olmadan artırmasıdır. Adının gizli qalmasını istəyən dükan sahibləri qəzetimizə bildirdilər ki, icarə pullarının artırılması məqsədli şəkildə həyata keçirilir: "Bir neçə ay əvvəl ticarət mərkəzinin ikinci mərtəbəsində, həmçinin qızıl şöbəsində təmir işləri aparıldı. Təmir işlərinin həyata keçirilməsindən ötrü bazar rəhbərliyi dükan sahiblərinin hər birindən müəyyən miqdarda nəysə yığdı. Həmin vaxt bəzi sahibkarlar buna etiraz etdi. Lakin onların etirazına əhəmiyyət verən olmadı. Bir neçə gün öncə isə aylıq yer pullarını qaldırdılar. Səbəbini soruşuruq deyirlər ki, gedin öz işinizlə məşğul olun. Bundan sonra ayda 2 min manat icarə haqqı verən sahibkar 3 min manat verməli olacaq. Alverin zəif olduğu bir vaxtda "arenda"nın qaldırılması bizim işimizi çətinə saldı. "Laçın" ticarət mərkəzinin rəhbəri Maqsud müəllimin adamları bildirir ki, şərait kimin xoşuna gəlmirsə çıxıb gedə bilər. Kim etiraz edirsə, həmin adamın dükanını dərhal boşaldıb başqasına icarəyə verirlər. Belə haqsızlıq olar?" Mənbə vurğulayır ki, hələlik geyim dükanlarının aylıq icarə haqqı qaldırılıb: "Amma dolaşan söz-söhbətlərə görə, qızıl və digər şöbələrdə də yer pullarının artırılacağı gözlənilir. Belə çıxır ki, burdan qazandığımız bütün xeyiri mərkəzin rəhbərinə çatdırmalıyıq. Budur sahibkarlığın inkişafına göstərilən qayğı? Maqsud müəllim niyə imkan vermir ki, 5-10 manat pul qazanıb ailəmizi dolandıraq? Sağlığına qismət hər gün bir maşında gəzir. Onun sahibi olduğu var-dövlət göz qamaşdırır. Bəs bizim rahat yaşamağımıza niyə şərait yaratmır? Bir neçə dükan boşaldılıb. Dükan sahibləri bu şərtlər əsasında işləyə bilmirlər. Dərdimizi hara deyəcəyimizi bilmirik. Maqsud müəllimin pul yığanları deyir ki, özünüzü əbəs yerə yormayın onsuz da bu adamın arxasında güclü qüvvələr dayanıb. Mərkəz saihibinin arxasında hansısa vəzifəli şəxs dayanıb deyə başımıza müsibət açmalıdır?" Narazı dükan sahiblərinin sözlərinə görə, yer pulları azaldılmasa, aidiyyəti instansiyalara şikayət məktubu ünvanlayıb etirazlarını sivil formada bildirəcəklər: "Mərkəzin rəhbər işçiləri bizimlə kobud rəftar edirlər. Elə bil ki, biz onların qabağında quluq. Üzləşdiyimiz qanunsuzluqlara tab gətirə bilmirik. Əgər aylıq icarə haqqı əvvəlki qiymətə endirilməsə aidiyyəti dövlət qurumlarının qarşısında toplaşıb etirazımızı bildirəcəyik. "Laçın" ticarət mərkəzində hər ay külli miqdarda vəsait vergidən yayındırılır. Əlaqədar dövlət orqanları bunu bilsin və gəlib yoxlama aparsınlar. Xahiş edirik şikayətimizi qəzetinizdə dərc edin, bəlkə kimlərsə bizə kömək göstərdi". Məsələ ilə bağlı qarşı tərəfin fikirlərini öyrənmək üçün göstərdiyimiz cəhdlər uğursuz alındı. Yəqin ki, rəsmi qurumlar səviyyəsində yaranmış problemə tezliklə reaksiya veriləcək və sahibkarların şikayətinə qulaq asan tapılacaq.

Qarşı tərəfi də dinləyə bilərik.

Geri qayıt