Əsas Səhifə > Cəmiyyət, Manşet > Masallı rayon icra hakimiyyətinin başçısı 65 yaşlı qadından nə istəyir?
Masallı rayon icra hakimiyyətinin başçısı 65 yaşlı qadından nə istəyir?13-10-2014, 14:08 |
DİA.AZ: - Masallı rayon sakinlərinin şikayətlərinə və sözünü deyə bilməyən bir çox vətəndaşların fikirlərinə əsaslanaraq hazırlanmış və hər həftənin ikinci günü rayonun icra başçısı Rafil Hüseynovun qəbuluna düşmək ümidilə bura gələn yüzlərlə sakini narahat edən problemlərdən bəhs edən materiallar görəsən aidiyyatı olan orqanların diqqətini cəlb edə bilirmi? Yaşından asılı olmayaraq icra hakimiyyətinin qarşısında qəbul üçün ümidsizlik içərisində növbə gözləyən vətəndaşlarımızı, qəbuldan çıxan kasıb əhalinin göz yaşlarını görmək heç də ürəkaçan mənzərə deyil. Görəsən bir soruşan tapılacaqmı ki, 65 yaşlı qəddi bükülmüş bir ananı bura xahişə gəlməyə nə məcbur edib? Yəqin ki, tapılacaq. Amma bunun nə zaman olacağını kim bilir? Bizim isə əlimizdən gələn budur ki, şikayətçilərin fikirlərini qəzetimiz vasitəsilə yuxarı instansiyaların diqqətinə çatdıraq. Bu dəfə də Masallı rayon sakini Abbasova Gülsurə Əlirza qızına olunan haqsızlıqları qələmə almışıq. Daha doğrusu bu material Gülsurə ananın adından onun öz oğlu Nicat Abbasov tərəfindən hazırlanıb. Amma əslində bunun işin mahiyyətinə heç bir aidiyyatı yoxdur. Təki materialı oxuyub, bu işə bir əncam çəkən tapılsın... DİA.AZ bildirir ki, Nicat Abbasov anası Gülsurə xanımın adından yazır: “Ölkə prezidentimiz cənab İlham Əliyev öz xalqını sevir və xalqının rifahı üçün əlindən gələn hər bir köməkliyi göstərir. Hər bir məmura, rəhbər işçiyə də dönə-dönə tapşırır ki, çalışdıqları sahədən asılı olmayaraq, hər zaman xalqın mənafeyini qorusunlar. Sevindirici haldır ki, bütün rayonlarda abadlıq, quruculuq işlərinin görülməsi günü-gündən vüsətlənir. Lakin bu gün Masallıda həmin bu işlər sakinlərin rifahı naminə deyil, rayon rəhbərlərinin varlanması və eyni zamanda da ölkə rəhbərliyinə nə vasitə ilə olur-olsun hesabat verilmək məqsədilə görülür. Cənab İlham Əliyev deyib ki, “Mən hər bir Azərbaycan vətəndaşının prezidentiyəm. Mülk, ev, bir də hər hansı bir tikili sökülərsə, vətəndaş incidilmədən ona dəyən zərər ödənilməlidir. Hər nə ediriksə xalqımızın mənafeyi üçün, rifahının yaxşılaşdırılması üçün edirik, edəcəyik”. Bəs bu sözlərin müqabilində Rafil Hüseynov nə edir? Yol çəkilməsi adı ilə vətəndaşlardan rüşvət toplayır. İmkansızlıqdan bu rüşvəti verə bilməyənlərin isə mülkünü dağıdır, viran qoyur. Mənim rəhmətlik qaynatamdan rəhmətlik yoldaşıma və ondan da mənə, oğluma, gəlinimə və iki nəvəmə miras qalmış 6 sot mülkiyyətimdə olan torpaq üzərində dükanım var. Bunu sənədlərim də təsdiq edir ki, torpaq mənə mirasdır. 1992-ci il dekabr ayında yoldaşım rəhmətə gedəndən sonra, güzəranımızı təmin etmək üçün 1993-cü ilin may ayında dükan tikib qardaşımla işlətməyə başladım. 2005-ci ildə Masallı rayonuna Qəzənfər Ağayev RİH başçısı təyin olunanda, rayonda bütün dükan sahiblərinə göstəriş verdi ki, dukanlar yenidən qurulmalı və rayona gözəl görkəm verməsi üçün səliqəli olmalıdır. Düzəldilməyən dükanlar söküləcək. Mən də məcburiyyətdən banka girərək, boğazımızdan kəsərək və fəhləliyinə qədər özüm və oğlum edərək, 2010-cu ilin iyun ayında nəhayət ki, dükanı təmir edib gözəl görünüşlü mağaza vəziyyətinə gətirdik. Hələ də banklardan götürdüyüm vəsaitin faizlərini dükanın gəliri ilə bir təhər ödəyib, ailəmizin də dolanışığını təmin edib yaşayırdıq. Qəzənfər Ağayev başçı olan vaxt qəbulunda oldum və ondan tikiliyə görə sərəncam istədim. O da mənə sərəncam verə bilməyəcəyini dedi. Söylədi ki, sən dükanı indi tikməmisən və sənin həyətyanı sahəndə olduğundan sərəncam verə bilmərəm. Mən çıxarış almaq üçün Cəlilabad Rayonu Reyster İdarəsinə müraciət etdikdə, mənim adıma olan JN-305 A saylı torpaq şəhadətnaməsinin cizgizisi səhvən ayrı torpaqda göstərildiyindən çıxarış verə bilməyəcəklərini bildirərək, mənə Masallı Məhkəməsinə müraciət etməyi məsləhət gördülər. 2011-ci il 25 yanvarda məhkəmə qətnamə verərək torpaq, üzərində olan 5 otaqlı ev və 70 kv.m olan dükanı mənim adıma təsdiq edərək qərar çıxardı. Sonra mən Cəlilabad Rayon Reyster İdarəsinə çıxarış üçün müraciət etdikdə məndən 5000 AZN pul istədilər. Mən də bu pulu verə bilmədim və beləliklə çıxarış da ala bilmədim. Bu ilin əvvəllərində Masallı rayonunda yol genişləndirilməsi və tikintisi ilə bağlı mənə bildirdilər ki, sənin dükanın sökülməlidir. Mən də sənədlərimi götürüb rayon icra hakimiyyətinə getdim ki, torpağa, evə və dükana aid olan sənədlərimi göstərim. Ordan mənə bildirdilər ki, sənin sənədlərin qanunsuzdur dükan sökülməlidir, icazəsiz tikilidir. Mənə miras qalmış torpaq üzərində 1993-cü ilin may ayında tikdiyim dükan necə icazəsiz tikili kimi ola bilər? Mənim adıma olan torpaq üstə tikdiyim dükan icazəsiz tikilidirsə, bu 21 il ərzində neçə icra başçısı təyin olunub və heç biri icazəsiz tikili olduğunu demədən, indi icazəsiz tikili kimi sökülməlidir? Abadlaşma ilə əlaqədar olaraq sökülməlidirsə, onda mənə dəyən zərər necə olsun? Mənə icra nümayəndəliyindən məktub göndərdilər ki, sənin dükanının pilləkəni plana düşür, sökülməlidir. Mən bununla razı oldum və pilləkəni söküb, ayrı istiqamətdən qoyaram dedikdə, üstümə hücum edib qışqırdılar ki, dükan sökülməlidir, başçı belə deyib, vəssalam. Bildirdim ki, axı cənab prezidentimiz öz çıxışlarında yerli icra orqanlarına çatdırır ki, bizim vəzifəmiz insanların rifahının yaxşılaşdırılması üçün düzgün xidmət etməkdir. Bundan sonra Rafil Hüseynov və işçiləri mənim həyətimə gələrək: “sən razılıq ver dükanın bir metrini sökək və olduğu kimi də təmir etdirəcəyik” - deyə söz verdilər. Mən razı olmadıqda başçı dedi ki, sənin əlində olan qətnaməni ləğv etdirmək üçün Apellyasiya məhkəməsinə müraciət edəcəyəm və qətnaməni də ləğv etdirəcəyəm. 2014-cü ilin aprel ayıda məni məhkəməyə verdilər. Mənə də Apellyasiya məhkəməsindən məktub gəldi ki, verilən qətnamə qüvvəsində qalır, heç bir əsası olmadan şikayət olunub icra hakimiyyəti tərəfindən. Sonra mənə dəfələrlə xəbər etdilər ki, razılaş dükanın bir metrini söküb özümüz də düzəldəcəyik. Mən də səmimiyyətimizdən, başçının müavinlərinin şirin vədlərinə inandığımdan razı oldum. Amma bu günə qədər hec bir təmir işi aparılmayıb. Artıq dükan qəza vəziyyətində olduğuna görə 2014-cü ilin sentyabr ayında mən yenə də başçının qəbuluna getdim. Mənə yüksək səslə: “get özün düzəlt, yoxsa səni verərəm məhkəməyə, qərarını ləğv edərəm” deyərək, əlini stola çırpdı. Mən: “məhkəmə qərarı qüvəsində saxladı” dedikdə isə, cavab verdi ki, boş şeydi, hər şey mənim əlimdədir, ləğv etdirərəm bu dəqiqə, məhkəmə də mən deyənləri deyəcək. Sonra məni təkrar Şirvan şəhər Apellyasiya məhkəməsinə verdiyindən: “get məhkəmədə qərar bilinəcək”-dedi. Nəhayyət Rafil Hüseynov istədiyini edib məhkəmədən güc yolu ilə (özlərinin dediyi kimi hakimlərə rüşvət verməklə), 29 sentyabr 2014-cü ildə qətnamənin ləğvinə qərar aldı. Özünün dediyi kimi , öz xeyrinə. Bu da bizim Şirvan “ədalət məhkəməsi”... Indi özlərini daha da güclü göstərib, haqsız olaraq mənim dükanımın sökülməsini tələb edir. Niyə? Camaat görsün ki, başçı sözündə duran işgüzar insandır? Bu haqsızlıq deyilmi bizə qarşı? Nə istəyir Rafil Hüseynov? Bərdə rayonunun sakini gəlib məni ata-baba torpaqlarımızdan çıxarıb, qovub hara göndərəcək? O bizi məcburi köçkün, yoxsa didərgin etmək istəyir? Yoxsa bütün bu sualların cavabı kimi, barışıq olaraq rüşvətmi istəyir mən təqaüdçü qadından? Hazırda dükanımız darmadağın edilib, yağan yağışlar oranı pis vəziyyətə qoyub. Buna görə çəkdiyim maddi əzab bir yana, mənəvi əzaba kim cavabdeh olacaq? Bu gün Masallıda Dövlət başçımız cənab İlham Əliyevin göstərişinə, tapşırıqlarına əməl olunmur, insanlar incidilir, məmurlar vəzifələrindən sui-istifadə etməklə haqlarımızı tapdalayırlar. Mən, 65 yaşlı anaya və ailəmə göstərilən təzyiqlərə izin verməyin, xahiş edirəm mənə köməklik göstərəsiniz. Böyük hörmət və ehtiramla: Abbasova Gülsurə Əlirza qızının adından oğlu Nicat Abbasov.” Geri qayıt |