Əsas Səhifə > Cəmiyyət, Manşet > Masallıda xəzinə qalmaqalı: 40 milyon dollar niyə geri qaytarıldı?

Masallıda xəzinə qalmaqalı: 40 milyon dollar niyə geri qaytarıldı?


18-11-2014, 14:19
Masallıda xəzinə qalmaqalı: 40 milyon dollar niyə geri qaytarıldı?
Masallıda inanılmaz bir qalmaqalın üstü açılıb. JAM.AZ-a verilən məlumata görə, qalmaqala səbəb Qızılağac kəndində yerləşən, qədim ərazi olaraq tanınan Həzitəpə deyilən yerdə aşkarlanan xəzinə olub.

Məlumatda deyilir ki, Həzitəpə qədim yaşayış məskəni olmaqla yanaşı, həm də məşhur xanlardan birinin qalası olub. Qeyd edilir ki, həmin qalada böyük həcmdə qızıl var və bu barədə hələ xeyli əvvəldən kənd camaatı arasında əfsanələr dolaşırmış. Məsələnin əfsanədən reallığa çevrilməsi isə ərazini almaq istəyən xarici vətəndaşın Masallı rayon İcra Hakimiyyətinə müraciət etməsindən sonraya təsadüf edib.

JAM.AZ-a verilən xəbərdə vurğulanır ki, xaricdən gələn şəxs əlində Həzitəpədə xəzinənin olmasını əks etdirən konkret xəritə olduğunu bildirib. Bunun üçün İcra Hakimiyyətinə əraztdə qazıntılar aparmaq üçün 40 milyon dollar təklif etdiyi də verilən məlumatlar sırasındadır. Lakin rayon rəsmiləri həmin ərazini satmaqdan imtina ediblər. Bunun ardından daha bir neçə şəxs əraziyə iddia etsə də, Masallı İcra Hakimiyyəti oranı satmaqdan yenə imtina edib.

Mənbələrin bildirdiyinə görə, xarici vətəndaşlarla İcra Hakimiyyəti arasında vasitəçilik edən şəxs isə Qızılağac kənd İcra Nümayəndəsi Şamil Məmmədov olub. Deyilənlərə görə, təklif olunan 40 milyon dolların 1 milyon dollarlıq hissəsi də bu şəxsə çatacaqmış.

Qeyd edilir ki, Masallı İcra Hakimiyyəti başçısının müavinləri Nəsir Muxtarlı və Adəm Məmmədov məsələnin bilavasitə içində olduqlarından özləri işə girişiblər. JAM.AZ-a verilən məlumatda deyilir ki, adıçəkilən şəxslər təcili olaraq əraziyə baxış keçiriblər və qazıntı işlərinə hazırlaşırlar. Belə ki, onlar xüsusi briqada hazırlayaraq, Həzitəpə ərazisinə dərman səpdiriblər. Dərmanın səpilməsinə səbəb isə Həzitəpə ərazisində xeyli sayda zəhərli ilanların olmasıdır. Həmin dərman isə ilanların keyləşməsinə və ərazidən uzaqlaşmasına yardımçı olmalıdır.

Mənbənin bildirdiyinə görə, Adəm Məmmədov bilavasitə məsələ ilə maraqlanır və mütəmadi olaraq ərazidə aparılan kəşfiyyat işləri ilə maraqlanır. Nəzarətində olan proseslə bağlı məlumatlandırdığı şəxs isə digər müavin Nəsir Muxtarlıdır. Çünki bu işi şərikli şəkildə həyata keçirirlər.

Məlumatda qeyd edilir ki, iki müavinin birgə layihəsinə maneçilik törədən şəxs isə Qızılağac kənd bələdiyyəsinin sədri Mina Quliyevadır. Bakıda geniş əlaqələri olan xanım Quliyeva maksimum şəkildə Nəsir Muxtarlı və Adəm Məmmədovun Həzitəpədə qazıntı işləri aparmasına maneçilik törətməyə çalışır. Elə bu səbəbdəndir ki, YAP-ın Qızılağac özək təşkilatının sədri olan M.Quliyevanın bələdiyyə seçkilərinə iştirakına maksimum maneçilik yaradılır. Onun yerinə isə 4 dəfə həbsdə olmuş kəndin icra nümayəndəsi Şamil Məmmədovu gətirmək istəyirlər. Səbəb də budur ki, Məmmədov müavinlərin və icra başçısının dediyi bütün işləri qeyri-şərtsiz yerinə yetirəcək.

Məlumatda xəzinə məsələsindən icra başçısı Rafil Hüseynovun xəbərdar olduğu deyilsə də, onun qazıntı işlərinə qarışıb-qarışmadığı barədə heç bir bilgi yoxdur. Mənbə qeyd edir ki, əgər həqiqətən də Zəhitəpə deyilən ərazidən xəzinə tapılarsa və bui şin Bakıdakılardan xəbərsiz edilməsinin üstü açılarsa, o zaman təkcə həmin məsələyə əl qoymuş müavinlərin deyil, elə icra başçısının da başı ciddi şəkildə ağrıyacaq.

Yazıda adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq. Araşdırmamız davam edir.

Geri qayıt