Əsas Səhifə > Cəmiyyət, Manşet > Gədəbəydə bələdiyyə sədri aldığı rüşvəti borc kimi təqdim etdi - "Zirəddin Səfərov yalan danışır"
Gədəbəydə bələdiyyə sədri aldığı rüşvəti borc kimi təqdim etdi - "Zirəddin Səfərov yalan danışır"24-11-2014, 12:29 |
Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) zəng edən Gədəbəy rayonu, Söyüdlü kənd sakini Bayramova Mahizər Qoşqar qızı bildirib ki: “Ötən ilin oktyabr ayında Gədəbəy bələdiyyəsinin sədri Səfərov Zirəddin Rüstəm oğlu məndən 3 min manat rüşvət alaraq torpaq sahəsi verəcəyini vəd eləmişdi. Ancaq həmin vaxtdan 1 ildən artıq keçməsinə baxmayaraq bələdiyyə sədri mənə nə torpaq verir, nə də pulumu qaytarır”. Mahizər Bayramova müxbirimizə onu da bildirib ki, kənd məktəbində müəllimə işləyir, həyat yoldaşı dünyasını dəyişib, məktəbli övladı var və çətin durumdadır… Müxbirimiz Gədəbəy bələdiyyəsinin sədri Zirəddin Səfərovla əlaqə saxlayaraq münasibətini öyrənib. Bələdiyyə sədri əvvəlcə rüşvəti aldığını inkar eləsə də sonradan etiraf elədi ki: “ Mən Mahizər Bayramovadan 3 min manat pul almışam, ancaq o pul rüşvət deyil. Mən maşın almaq istəyirdim 3 min manatım çatmırdı, ona görə də Mahizər Bayramovadan 3 min manat borc aldım”. Müxbirimiz sonradan Mahizər Bayramova ilə yenidən əlaqə saxlayaraq bələdiyyə sədrinin fikirlərinə münasibət öyrənib. O, bildirib ki: “Zirəddin Səfərov yalan danışır… Nə borc, nə maşın almaq? Zirəddini belə əməllərinə görə bu ilin aprel ayından bələdiyyə sədrliyindən uzaqlaşdırıblar, möhürü əlindən alıblar, yeni bələdiyyə seçkisinədək rayon bələdiyyəsinin üzvü olaraq qalır. Xahiş edirəm dövlət orqanları mənə kömək eləsin”. Yenidən Zirəddin Səfərovla əlaqə saxlayanda, o,müxbirimizə bələdiyyə sədrliyindən guya öz xahişi ilə uzaqlaşdırıldığını bildirdi. Geri qayıt |