Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakının iki mərkəzi rayonunda yaşıllıqları gözgörəsi məhv edirlər...

Bakının iki mərkəzi rayonunda yaşıllıqları gözgörəsi məhv edirlər...


27-11-2014, 09:30
Bakının iki mərkəzi rayonunda yaşıllıqları gözgörəsi məhv edirlər...
“Bakıda yaşıllıqlar məhv edilir, “ağac soyqırımı” həyata keçirilir. Bütün bu kimi halların günahkarları icra başçıları, memarlar və nəzarət orqanlarıdır. Əvvəlcə ağaclar olan ərazi hasara alınır və heç bir normativ qaydalara riayət edilmədən kəsilir. Belə davam eləsə Bakıda bir ədəd də olsun ağac qalmayacaq. Tikilən yeni hündür mərtəbəli binaların ətrafında ilk olaraq yaşıllıq zolağının salınması əsas götürülməlidir. Amma bizdə tamamilə bunun əksi mövcuddur.”

Təbiəti Mühafizə Cəmiyyətinin sədri Bakir Nəcəfov Analitik.az-a bunları deyib əlavə etdi ki, tikinti layihəsində yaşıllıq zolağının salınması göstərilsə də, buna əməl edilmir: “İş bitəndən sonra görürsən ki, yaşıllıqdan əsər-əlamət yoxdur. Məsələn, layihədə göstərilir ki, ərazidə 100 ağac olacaq. Tikintidə iş bitəndən sonra baxırsan ki, bir ağac da yoxdur.” B. Nəcəfov Bakıda yaşıllıqların daha çox məhv edildiyi ərazilərin adlarını da açıqladı: “Ən biabırçı hal Yasamal, Nəsimi rayonlarında, Memar Əcəmi metrosunun və “Pioner” kinoteatrının ətrafındadır. Orada olan yaşıllıqlar tamamilə məhv edilib. Yasamal rayonunda məhəllədaxili yaşıllıqlar məhv olub. Yanğın keçidləri tutularaq tikinti işləri aparırlar. Xətai rayonunda Günəşli ərazisində 5 və 9 mərtəbəli binaların arasında elə yaşıllıq yoxdur ki, məhv edilməsin.”

Ekoloq vurğuladı ki, Sabunçu rayonunda isə daha acınacaqlı vəziyyətdir: “Rayonun icra başçısı binaların arasında, ətrafda nə qədər ağaclar var hamısını qırdırıb ərazini tikinti şirkətlərinə verib. Yol kənarında nə qədər tikinti işləri aparılar axı?.. Əkilən ağaclar hamısı reklam xarakterlidir. Ərazidə 100 ağac əkilibsə, diqqət etsəniz orada 2 ağacın qaldığını müşahidə etmək olar. Bakıxanov qəsəbəsində orta yolda ağacları qırıb yolu genişləndirmək istəyirdilər. Bu halın qarşısını rəhbərlik etdiyim təşkilat aldı.”

Ekspert Dərnəgül yolunda da xeyli ağacın məhv edildiyini dedi: “Yol genişləndiriləndə nə qədər ağacları qırdılar. Amma sənəddə qeyd olunmuşdu ki, ağaclar köçürüləcək. Ağac köçürmək üçün maşınlar da var. Amma ağacları köçürmək əvəzinə, onların sonuna çıxırlar. Yaxınlaşıb soruşanda da adama deyirlər ki, sən bilirsən bu tikinti kimindir? Cənab prezident tapşırıb. Prezident tapşırmayıb ki, ağacları kəs. Ölkə başçısı deyib ki, ağacları da qoru. Məsələn, aeroporta gedən yolda nə qədər ağaclar köçürüldü.”

Təbiəti Mühafizə Cəmiyyətinin sədrinin sözlərinə görə, yaşıllıq qənimlərinin əksəriyyətinin, tikintinin aparılması üçün sənədləri də olmur: "Onlardan sənəd tələb edəndə isə qəribə halla üzləşirsən. Gedirsən həmin ərazidə nə tikildiyini öyrənməyə. Heç birinin sənədi olmur və deyirlər ki, icra başçısı bilir. Sonra da adamı şərləyirlər ki, gəlib məndən pul tələb edirlər.”

B. Nəcəfov deyir ki, əslində yaşıllıq zonasında tikinti aparmaq üçün bir sıra prosedurlar həyata keçirilməlidir: “İlk növbədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməlidir. Nazirlik həmin əraziyə baxış keçirir. Aparılacaq tikinti dövlət əhəmiyyətlidirsə və məsləhət olarsa rəy verir. Sonra Yaşıllaşdırma İdarəsinə müraciət edilir. Normativ aktla orada olan ağaclar ya köçürülür, ya da kəsilir. Hansısa şəxsin müraciəti əsasında bu, mümkün deyil. Söhbət yalnız dövlət əhəmiyyətli layihələrdən gedir. Yoxsa Gədəbəydən, Ordubaddan gəlib mən burda bina tikmək istəyirəm, bu, mümkün deyil.”

Cəmiyyət rəhbəri problemdən çıxış yolunu ağacları qanunsuz kəsən məmurların cəzalandırılmasında görür: “Bu gün paytaxtda yaşıllıqlarının axırına çıxmaq istəyirlər. Prezident İlham Əliyev, eləcə də Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən bu kimi hallara qarşı mübarizə aparılsa da, təəssüf ki, bu problem həllini tapmayıb. Bir icra başçısı və ya məmur cəzalandırılmasa, yəqin ki, nəticə olmayacaq. ”

Geri qayıt