Əsas Səhifə > Cəmiyyət, Manşet > Şok: Şəkidə "vətənə xəyanət" ittihamı ilə həbsdə olmuş şəxsə vəzifə verilib

Şok: Şəkidə "vətənə xəyanət" ittihamı ilə həbsdə olmuş şəxsə vəzifə verilib


4-12-2014, 12:23
Şok: Şəkidə "vətənə xəyanət" ittihamı ilə həbsdə olmuş şəxsə vəzifə verilib
Şəki Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Elxan Usubovun adı indiyə qədər müxtəlif qalmaqallarda, xoşagəlməyən məsələlərdə hallandırılıb. Məmur isə müxtəlif media qurumlarına verdiyi açıqlamaların demək olar ki, hamısında barəsində yazılanların həqiqət olmadığını bildirib. Bu, ölkəmizdə sanki ənənə halını alıb.

Yəni bu vaxta kimi hansısa vəzifəli şəxslərin mətbuatda özü ilə bağlı gedən tənqidlərə sağlam münasibət göstərməsinin şahidi olmamışıq. Bu öz yerində. Məlum olduğu kimi, yerli icra hakimiyyəti orqanlarının rəhbər şəxslərini, yəni icra başçılarını vəzifəyə prezident təyin edir. Ölkə başçısı vəzifəyə qoyduğu şəxslərə etimad göstərir. Əfsus ki, bəzi məmurlar cənab prezidentin etimadını istənilən səviyyədə doğrulda bilmirlər. Belə ki, icra başçılarından bir neçəsi yerli sakinlərə əlavə problemlər yaradır ki, nəticədə əyalətlərdə narazılıq halları artır. Digər tərəfdən, əksər hallarda icra başçıları özlərinə düzgün komanda yarada bilmirlər. Şəkidəki etibarlı mənbələrdən aldığımız məlumatlara görə, icra başçısı Elxan Usubovun rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin etdiyi Nizami İsmayılovun keçmişi qaranlıq məqamlarla zəngindir. Mənbənin verdiyi bilgilərə görə, adıçəkilən şəxs bir neçə il əvvəl dövlətə xəyanətdə ittiham edilərək həbs olunub. Elxan Usubov isə dövlətə xəyanət maddəsi ilə ittiham edilərək həbsdə yatmış Nizami İsmayılovu Şəki Şəhər İcra Hakimiyyətində məsul vəzifəyə təyin edib: "Məlumatınız olsun ki, Elxan Usubov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Şəki Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilən zaman rayona tək gəlməyib. İcra başçısı Nizami İsmayılovu da özü ilə bərabər Ağstafadan Şəkiyə gətirib və icra hakimiyyətində şəhər təsərrüfatı şöbəsinə baş məsləhətçi təyin edib. Deyilənə görə, Nizami İsmayılov Ağstafa İcra Hakimiyyətində işlədiyi vaxtlarda Elxan Usubovla birgə bir sıra qeyri-qanuni işlərə imza atıb. Onlarla səmərələşdirici və elmi təklifin müəllifi kimi təqdim edilən Elxan Usubovun bu addımını isə səmərələşdirici saymaq çətindir. Çünki Şəki İcra Hakimiyyətində baş məsləhətçi işləyən Nizami İsmayılov dövlətə xəyanət edib. Belə bir şəxsə vəzifə verilməsi heç cür başadüşülən hal deyil". Mənbənin verdiyi məlumatda o da bildirilir ki, Elxan Usubovla yaxın münasibətlərə malik olan Nizami İsmayılov icra başçısından sonra Şəkidə əsas söz sahibidir: "Baş məsləhətçi başçının bəzi işlərini aparır. Hətta Elxan müəllimin müavinləri belə ona artıq-əskik söz deyə bilmirlər. Rayon rəhbəri dövlətə xəyanət etdiyinə görə həbsdə yatan şəxsə geniş imkanlar yaradıb. Şəki camaatı Nizami İsmayılovu icra başçısının "sağ əli" kimi tanıyır, habelə onu rayonun ikinci icra başçısı adlandırırlar. Şəkidə həyata keçirilən abadlıq, təmir və tikinti işləri zamanı hansı idarə rəhbərinin nə qədər yardım edəcəyini məhz Nizami İsmayılov müəyyən edir. Belə ki, baş məsləhətçi bir müddət əvvəl Mərkəzi Xəstəxananın baş həkimi Məcid Əliyevi və Suvarma Sistemləri İdarəsinin rəisi Fərahim Qarayevi rayonda aparılan təmir-tikinti işlərinə cəlb edib. Halbuki, onun bunu etməyə haqqı və ixtiyarı yoxdur". Xatırladaq ki, bu ilin may ayında prezident tərəfindən dövlətə xəyanət edən şəxslərin cəzalarının ağırlaşdırılması ilə bağlı Cinayət Məcəlləsinin 274-cü maddəsinə təklif edilən dəyişiklik Milli Məclisə göndərilib. Dəyişikliyə əsasən, dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq ölkə vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə 12 ildən 20 ilə qədər azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq. Təbii ki, ən böyük cinayət dövlətə, prezidentə xəyanət etmək və onun maraqlarını satmaqdır. Kim dövlətə və onun maraqlarına xəyanət edirsə, heç bir halda bağışlanmamalıdır. Bizə çox maraqlıdır görəsən, Elxan Usubov hansı xidmətlərinə görə, Nizami İsmayılovu icra hakimiyyətində baş məsləhətçi vəzifəsinə təyin edib. Məgər, 180 min nəfərə yaxın əhalisi olan Şəkidə başqa adam tapılmadı ki, həmin vəzifəyə qoyulsun. Görünür, Nizami İsmayılov Ağstafada Elxan müəllimin işinə yaradığı üçün onu özü ilə Şəkiyə gətirib. Amma biz və bizim kimi on minlərlə insan dövlətə xəyanət edən şəxslərin vəzifədə oturmasının əleyhinəyik. Yəqin ki, yuxarı instansiyaların söz sahibləri məsələyə dərhal öz münasibətini bildirəcək.
\\ gundelik-baku.com \\

Qarşı tərəfi də dinləyə bilərik...
Geri qayıt