Əsas Səhifə > Cəmiyyət, Manşet > “Zaminbank”ın Göyçay filialının müdirinə qarşı daha bir şok ittiham

“Zaminbank”ın Göyçay filialının müdirinə qarşı daha bir şok ittiham


5-12-2014, 14:34
“Zaminbank”ın Göyçay filialının müdirinə qarşı daha bir şok ittiham
DİA.AZ: - Dünən “Zaminbank”ın Göyçay filialının müdiri İlqar Fərzəliyevin qanunsuz əməlləri ilə bağlı bir faktı diqqətinizə təqdim etmişdik. Bu gün DİA.AZ eyni bank işçisinə qarşı daha bir faktı diqqətinizə təqdim edir.

“Zaminbank” vasitəsilə evindən məhrum edilən Səidə Babayeva da dövlət başçısına, eləcə də hüquq-mühafizə orqanlarının rəhbərlərinə ünvanladığı məktubda bankın Göyçay filialının müdiri Ilqar Fərzəliyevin qanunsuzluğundan şikayətlənib. Hazırda bir azyaşlı qız uşağı və 75 yaşlı anası ilə qohum-əqrəbanın küncündə sığınacaq tapan Səidə xanım yazır ki, “Zaminbank”dan 3000 manat kredit götürmək üçün Göyçay rayon filialına müraciət edib.

Rayonda yerləşən iki otaqlı evinə baxış keçirilsə də, filialın müdiri ona işləmədiyini əsas gətirərək, kredit ayırmaqdan imtina edib. Təxminən iki ay sonra “Aqrokredit” MMC-nin işçisi Tural Şıxəliyev və qohumu Cahan Babayeva ona zəng edərək, “Zaminbank”dan pul götürə biləcəklərini deyib və ondan Göyçaydakı notariusa gəlməyini istəyiblər:

“Mən notariusa gəldim. Həmin vaxt Tural Şıxəliyev mənə etibarnaməyə imza atmağı təklif etdi və mən də oxumadan imzaladım. 3000-i nə vaxt alacağımı soruşdum, cavab belə oldu ki, yaxın vaxtlarda pulu alıb mənə verəcəklər. Bir müddət sonra mənə məlum oldu ki, Tural Şıxəliyev mənə məxsus əmlakı ipoteka olaraq qoymaqla, 10 min manat kredit götürüb və qaçıb gizlənib. Mən məcburiyyət qarşısında götürülmüş kredit borcunu, faizilə birlikdə hər ay 752 manat olmaqla, təxminən 10 ay ödədim. Aylıq kreditin ödənilməsində 5 gün gecikmə olduğundan bank müdiri və işçiləri mənə hədə-qorxu gəlməyə başladı. Onlar məni polis və məhkəmə ilə hədələyərək, evi satıb banka pulu ödəməyimi tələb etdilər. Hüquqi savadım olmadığından 15 günlük gecikməyə görə bank müdiri Ilqar Fərzəliyev məni cəzalandırmaqla təhdid edib, evi ”Zaminbank"ın öz işçisi Mövlamova Yaqut Əflatun qızına 20 min 410 manata satmağa məcbur etdi. Halbuki, əmlakın dəyəri təxminən 40 min manat idi. Mən əmlakın girov qoyulmasına, bankdan kredit götürülməsinə görə heç bir sənədə imza atmamışam. Buna baxmayaraq, evim faktiki əlimdən alındı. 40 minlik evimin satışından mənə cəmi 12 min manat pul verilib".

Səidə Babayeva əmindir ki, bu məsələdə filial müdiri Ilqar Fərzəliyevlə Tural Şıxəliyev əlbir olub.

Maraqlıdır ki, Səidə Babayeva dələduzluğa məruz qaldığı haqda hüquq-mühafizə orqanlarına müraciət etsə də, onun şikayətinə əhəmiyyət verən yoxdur: “Dəfələrlə Göyçay Rayon Polis Şöbəsinə müraciət etmişəm ki, Tural Şıxəliyev dələduzluğa görə cəzalandırılsın. Amma polis faktiki onu cəzalandırmaqdan imtina edir. Bu adamı gətirib dindirmirlər, mənimlə üzləşdirmirlər, onu tapmağın mümkün olmadığını deyib, bu əsasla da cinayət işi başlamaqdan imtina edirlər. Savadsızlığımdan istifadə edib məni süründürürlər. Göyçay polisində rəis Islam Hümbətov mənə deyir ki, Tural Şıxəliyev Sumqayıtdadır, ”Ford" maşını sürür, get, tap gətir, dindirək. Məgər onu tapıb gətirməyə mənim səlahiyyətim var? Yerini, maşınını bilirlər, amma gətirib cəzalandırmaq istəmirlər. Inanın, azyaşlı qız uşağı ilə, 75 yaşlı qoca anamla küçələrdə qalmışam..."

Bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Geri qayıt