Əsas Səhifə > Cəmiyyət, Manşet > Nizaminin icra başçısı əlil ailəsinin başına oyun açır

Nizaminin icra başçısı əlil ailəsinin başına oyun açır


26-12-2014, 13:26
Nizaminin icra başçısı əlil ailəsinin başına oyun açır
Redaksiyamıza daxil olmuş növbəti şikayət ərizəsində bir ailə faciəsindən bəhs olunur. Allaha şükürlər olsun ki, bu hadisə insan tələfatı ilə nəticələnməyib. Lakin kasıb bir ailənin son sığınacaq yeri olan şəxsi mənzillərinin yanaraq yararsız hala düşməsi də razılaşın ki, özü-özlüyündə artıq bir faciədir. Hələ üstəlik bu ağır məqamda həmin ailəyə əl tutan, yardım edən bir kəsin olmadığı da nəzərə alınsa bu insanların düşdükləri vəziyyəti təsəvvür etmək heç də çətin olmaz. Amma gəlin məsələnin mahiyyətini daha düzgün dərk etmək üçün zərər çəkmişin bizə təqdim etdiyi ərizəyə müraciət edək. Beləliklə, Bakı şəhər sakini, Q.Qarayev pr. ev 59, mənzil 47 ünvanında yaşayan vətəndaş, II qrup əlil Dursun Xıdır qızı Məmmədova yanğına məruz qalmış həmin mənzildə oğlu, qızı, gəlini və iki nəvəsi ilə birlikdə yaşadıqlarını bildirir. Şikayətçinin sözlərinə görə onun övladlarının da hər ikisi əlildirlər. Elə bu səbəbdən də heç yerdə işləmirlər. Artıq bu deyilənlərdən məlum olur ki, Dursun xanımın ailəsi bir sıra maddi çətinliklərlə üz-üzədir. Baş vermiş hadisə isə onların vəziyyətini bir qədər də çətinləşdirirb. Dursun xanım öz ərizəsində bildirir ki, onun həmin ərəfədə yaşadıqları ərazinin, yəni Nizami rayonunun İcra Hakimiyyəti strukturları ilə hansısa mübahisəsi olub. Bu barədə yetərincə məlumatımız olmasa da, ərizədə Nizami RİH tərəfindən D.Məmmədovanın məhkəmə araşdırmasına cəlb olunduğu qeyd edilıir. Diqqəti cəlb edən bir məqam da budur ki, məhz yanğın baş verən gün və saatlarda, 21 noyabr 2014-cü il, saat 2-3 radələrində Dursun xanım məhkəmədə olub. Şikayətçinin sözlərinə görə məhz onun evdə olmaması səbəbindən yanğının qarşısının alınması üçün vaxtında tədbirlər görülməyib. Belə ki, həmin vaxt evdə olan digər ailə üzvlərindən böyüklər məhz əlillikləri səbəbindən lazımi tədbirləri görə bilməyiblər. Evin gəlini isə yanğının ilk dəqiqələrindən yalnız körpələrinin xilas olması üçün çalışıb və qısa zamanda tüstüdən boğulmaya məruz qalıb. Həmçinin körpələrdən də biri tüstüdən boğularaq, yalnız təcili yardım həkimlərinin səyləri nəticəsində həyatda qalıb.Daha sonra Dursun xanım öz ərizəsində bildirir ki, yanğın nəticəsində evdəki əşyaları da yanaraq, ümumilikdə ailəyə 10000 (on min) manat məbləğində ziyan dəyib. Qeyd edək ki, bu fakt tərtib olunmuş və qonşular tərəfindən imzalanmış aktda da öz təsdiqini tapmışdır. Bundan sonra isə D.Məmmədova kömək üçün Nizami RİH-nin başçısı Tahir Budaqova müraciət edib. Lakin bu müraciətin nəticəsi elə baş vermiş hadisənin özündən heç də az acınacaqlı olmayıb. Şikayətçinin sözlərinə görə o, başçının özü və RİH-nin əməkdaşları olan İlyas Cabbarov və Taryel Zeynalov tərəfindən təhqirlərə məruz qoyularaq, icra hakimiyyətinin binasından qovulmuşdur. Maraqlıdır ki, Dursun xanımın Milli Məclisin deputatı, cənab Rövnəq Abdullayevə müraciətindən sonra hörmətli millət vəkili də Nizami RİH-nin rəhbərliyinə bu məsələnin həlli üçün müraciət etmişdir. Lakin, bundan sonra da RİH tərəfindən heç bir tədbir görülməmişdir.Beləliklə, bu gün Dursun Məmmədovanın ailəsi evsiz-eşiksiz, əmlaksız və ev əşyalarını itirmiş halda, çox acınacaqlı bir vəziyyətdədirlər. Dursun xanımın növbəti müraciəti isə Milli Məclisin sədri cənab Oqtay Əsədova ünvanlanıb. Ümid edirik ki, ən azından bu müraciət məzlum ailənin düşdükləri ağır durumdan çıxmasına vəsilə olacaqdır. Lakin Nizami RİH-nin rəhbərliyi tərəfindən faciə yaşamış bir ailənin taleyinə aşkar nümayiş etdirdiyi belə bir etinasızlıq, heç bir izahı olmayan və Azərbaycan dövlətinin nüfuzuna xələl gətirə biləcək bir əməl kimi qiymətləndirilməlidir...

Geri qayıt