Əsas Səhifə > Cəmiyyət, Manşet > Neft Akademiyasında sessiya bazarlığı
Neft Akademiyasında sessiya bazarlığı16-01-2015, 11:38 |
Məlum olduğu kimi yeni ilin ilk günləri Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) kollektivi üçün dramatik hadisə ilə əlamətdar oldu. Yanvar ayının 1-i, gecə saatlarında akademiyanın rektoru Siyavuş Qarayev vəfat etdi. Son yayımlanan açıqlamalara görə hazırda ADNA-da rektorun vəzifələrini müvəqqəti olaraq tədris işləri üzrə prorektor Vaqif Qurbanov həyata keçirir. Mövzuya keçməzdən əvvəl istərdik ki, biz də qəzetimizin kollektivi adından mərhumun ailəsinə və yaxınlarına baş sağlığı verək. Allah rəhmət eləsin.Lakin həyat davam edir. Hətta ən böyük şəxsiyyətlərin belə bu həyatdan gedişi necə deyərlər, dünyanın gərdişini durdura bilməz. Azərbaycanın ən qocaman və ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Dövlət Neft Akademiyası öz tarixi boyunca dəfələrlə həm adının, həm də bu müəssisəyə rəhbərlik edən şəxslərin dəyişilməsinə şahid olub. Amma bu dəyişikliklər akademiyanın funksionallığına heç zaman təsir göstərməyib. İstər burada aparılan elmi araşdırmalar, istərsə də ölkənin neft sənayesi üçün yüksək ixtisaslı kadrların hazırlanması prosesi hər zaman fasiləsiz olaraq davam edib. Yəqin ki, bundan sonra da belə olacaq. Bununla belə, elmi-tədris müəssisəsinə rəhbərlik edən birinci şəxsin qəfil vəfatı xüsusən tədris prosesinin gedişində müvəqqəti də olsa, müəyyən problemlərin yaranmasına səbəb ola da bilər. Hələ bu müəssisənin daxilində qarışıq vəziyyətlərin yaranmasında maraqlı olan simalar da olarsa, bu zaman problemlərin bir müddət davam edə biləcəyi ehtimalı da artar. Redaksiyamıza ADNA-dan təqdim olunan məlumatlarda isə akademiyanın bəzi konkret əməkdaşlarının da məhz bu niyyətdə olduqları bildirilir. Belə ki, mənbənin iddialarına görə akademiyanın bəzi fakültə dekanları yaranmış vəziyyətdən sui-istifadə etməklə, özlərinin “bulanıq suda balıq tutmaq” məharətlərinin geniş miqyaslı nümayişinə rəvac veriblər. Konkret adlara gəldikdə isə, mənbəmiz bu xüsusda Materialşünaslıq fakültəsinin dekanı Sakit Abbasovun xüsusi canfəşanlığını qeyd edir. Bu arada azacıq haşiyədən çıxaraq bir məqamı qeyd etmək istərdim. Məsələ bindadır ki, bu sətirlərin müəllifinin yaxın dostlarından biri də məhz Neft Akademiyasının məzunlarındandır. Amma o uzaq illərdə akademiyanın adı Azərbaycan Neft və Kimya İnstitutu (AzNKİ) idi. Bax elə həmin dövrdə də hesab olunurdu ki, AzNKİ-də oxumaq, respublikanın bütün digər ali təhsil ocaqlarından qat-qat çətindir. Əlbəttə ki, bu çətinlik burada dərs deyən müəllimlərin tələbkarlıqları və prinsipiallıqları şərtlənirdi. Tələbələr bu müəllimlərdən hətta kafi qiymətin belə almağın yeganə yolunun oxumaqdan keçdiyinə əmin idilər. Buna görə də AzNKİ-nin məzunları istər SSRİ-nin, istərsə də bir çox digər dünya ölkələrinin neft-kimya sənayesi sahələrində ən arzuolunan mütəxəssislər idilər. Bu gün isə...Aldığımız məlumatlarda bildirilir ki, Sakit Abbasov bu gün də rəhbərlik etdiyi fakültədə təhsil alan tələbələr üçün qiymət almağa tək bir yol qoyur. Lakin bu yol oxumaq deyil, rüşvət verməkdir. Həm də iddialara görə bu yol təkcə tənbəl tələbələr üçün deyil. Belə ki, Sakit Abbasovun təyin etdiyi qaydalara görə bu gün Neft-mexanika fakültəsində tam “tolerantlıq” bərqərar olub. Yəni oxuyan və oxumayan tələbələr arasında heç bir fərq qoyulmur - pul hamıdan yığılmalıdır. Bir imtahana görə müəyyən edilmiş orta qiymət isə təxminən 100 manat civarındadır. Mənbə öz açıqlamalarında bunu da qeyd edir ki, ADNA-nın rektorunun vəfatı ilə əlaqədar yaranmış bəzi müvəqqəti boşluqlar Sakit Abbasov kimi “elm xadimlərinin” daha da aktivləşməsini stimullaşdırıb... \\ bizimdovr.az \\ Geri qayıt |