Əsas Səhifə > Cəmiyyət, Manşet > İsmayıllıda maliyyə böhranı: Nazirin qardaşı büdcə təşkilatlarını iflic gününə salıb

İsmayıllıda maliyyə böhranı: Nazirin qardaşı büdcə təşkilatlarını iflic gününə salıb


18-02-2015, 13:31
İsmayıllıda maliyyə böhranı: Nazirin qardaşı büdcə təşkilatlarını iflic gününə salıb
Dövlət səviyyəsində regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə həyata keçirilən tədbirləri heç kim dana bilməz. Məhz ölkə rəhbərliyinin göstərdiyi səy nəticəsində bu gün Azərbaycanın əksər rayonlarında geniş abadlıq-quruculq işləri həyata keçirilir, əhalinin asudə vaxtlarını rahata keçirə bilmələri üçün parklar salınır və sair. Bütün bunların hamısı təqdirəlayiq haldır.

Əfsus ki, bəzi yerli icra hakimiyyəti orqanlarının rəhbər işçiləri, eləcə də xırda rütbəli məmurlar ölkə rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan sui-istifadə edirlər. Belə ki, bir sıra rayonların inkişafı məqsədilə büdcədən ayrılan vəsaitlərin xərclənməsi məsələsində qanun pozuntularına yol verilir. Bəzi icra başçıları maliyyə idarələrinin rəisləri, habelə büdcədən maliyyələşən digər dövlət orqanlarının rəhbərləri ilə əlaqəli şəkildə büdcə pullarını öz maraqları naminə sərf edirlər. Başqa sözlə desək, bəzi məmurlar dövlətin pulunu öz halal pulu kimi necə gəldi xərcləyir. "Gündəlik Bakı" qəzeti olaraq dəfələrlə bu məsələyə toxunub fəaliyyətində nöqsanlar olan maliyyə idarələri barədə cəmiyyəti məlumatlandırmışıq. Üzülərək bildirmək istəyirik ki, Maliyyə Nazirliyinin rəhbərliyi yazdığımız məqalələrə vaxtında reaksiya vermir. Buna görə də yerli maliyyə idarələrinin bir çoxunda qanunsuzluqlar hər keçən gün daha da artır. Neqativ hallar Maliyyə Nazirliyinin İsmayıllı rayonu üzrə maliyyə idarəsindən də yan keçməyib. İsmayılı rayonunda fəaliyyət göstərən iş adamları, həmçinin ayrı-ayrı idarə, müəssisə və təşkilat rəhbərləri rayon maliyyə idarəsindən və onun rəisi Radim Müslümovdan ciddi şəkildə narazılıq edirlər. Məsələ ilə bağlı əldə etdiyimiz bilgilərdə qeyd olunur ki, məhz İsmayıllı Rayon Maliyyə İdarəsinin rəisi Radim Müslümovun müdaxiləsindən sonra bir çox sahibkar rayonun abadlıq, quruculuq işləri və digər xidmətlərin göstərilməsi üçün keçirilən tenderlərdə iştirakdan məhrum qalırlar. İdarə rəisinin bir sıra iş adamlarının keçirilən tender komisyalarına təqdim etdikləri sənədləri müxtəlif bəhanələrlə geri qaytardığını vurğulayan məlumatlı şəxsin iddiasına görə, dolayı yolla sahibkarlara bildiriblər ki, mütləq rayon maliyyə idarəsindən razılıq alınmalıdır: "Çünki sonda vəsait İsmayıllı Rayon Maliyyə İdarəsi tərəfindən ayrılacaq. Elə buna görə də iş adamlarına Radim müəllimlə dil tapmaq məsləhət görülür. İdarə rəisi isə öz növbəsində onun "şərt"lərinə əməl edən şirkətlərin tenderdə iştirakını təmin edir, digərlərini isə oyundan kənar vəziyyətdə saxlayır. Bunun səbəbi isə artıq bütün rayon sakinlərinə bəllidir. İdarə rəisi bu yolla, yəni özünə yaxın müəssisələr vasitəsilə dövlət büdcəsindən ayrılan vəsaitləri təyinatdan kənar xərclərə sərf etməklə məşğuldur. Məhz bunun nəticəsində rayon maliyyə idarəsinin rəisi bir xeyli var-dövlətə sahiblənib. Radim Müslümovu bölgədə tanımayan yoxdur. O, bu vəzifəyə qədər Ağsu Rayon Maliyyə İdarəsinin rəisi işləyirdi. Ağsuda ciddi maliyyə yeyintiləri üzə çıxandan, həmçinin idarə rəisinin vəzifəsinə təhlükə yaranandan sonra o nazir qardaşı Səlim Müslümovun yardımı ilə İsmayıllı rayonuna transfer oldu. İdarə rəisi Ağsuda törətdiyi qanunsuzluqları İsmayıllıda təkrarlayır. Rayonun icra başçısı Mirdaməd Sadıqovla qohum olan Radim Müslümov onun xeyir-duası ilə bəzi əməliyyatları çox rahat şəkildə həyata keçirir". Sözügedən məmurun dövlət büdcəsindən ayrılan vəsaitlərə şərik durduğunu deyən məlumatlı mənbənin sözlərinə görə, İsmayıllı Rayon Maliyyə İdarəsi tərəfindən bəzi idarə və müəssisələrə verilən pullarda kəsir əmələ gəlir: "Ona görə ki, idarə rəisi büdcə təşkilatları üçün ayrılmış pulların bir qismini özünə götürməyə çalışır. Həmin idarə və müəssisə rəhbərlərinə deyir ki, yalnız bu şəkildə onlara hər il pul ayrılmasına şərait yarada bilər. Bundan əlavə o, ilin sonlarında büdcə təşkilatları ilə anlaşaraq onlar üçün büdcədən əlavə pulların ayrılmasını həyata keçirir. Hər hansı bir idarə və müəssisə rəhbəri əlavə olaraq pul tələb edirsə, bəribaşdan maliyyə idarəsinin müdirinə onun müəyyən hissəsini verməlidir". Başqa bir iddiaya görə, uzun müddətdir vəzifədə işləyən Radim Müslümov anadan olduğu Ağsu rayonunda böyük biznes şəbəkəsi yaratmağa müvəffəq olub. Mənbəmiz vurğulayır ki, Ağsunun ən bərk gedən obyektləri, o cümlədən "Gözəl Ağsu" istirahət məkanı, super marketlər, avtoyuma məntəqələri və daha nələr Radim Müslümova məxsusdur. Qaynağımız həmçinin onu da bildirdi ki, idarə rəisi qardaşı Səlim Müslümovun himayəsi altında Maliyyə Nazirliyində yüksək vəzifəyə keçmək barədə fikirləşir. Sonda maliyyə naziri Samir Şərifov cənablarından İsmayıllı Rayon Maliyyə İdarəsinin fəaliyyətini yoxlatdırmasını xahiş edirik. İnanırıq ki, idarədə yoxlamalar aparılsa, bir sıra qaranlıq məqamlara aydınlıq gətiriləcək.

Bəli, aydınlıq gətiriləcək mədəniyyət, təhsil, səhiyyə idarələrində nələrin baş verdiyi gün kimi aydın olacaq.
\\ GünBakı \\
Geri qayıt