Əsas Səhifə > Cəmiyyət, Manşet > Oromi qardaşlarının şirkəti vətəndaşa qarşı fırıldaqda ittiham olunur
Oromi qardaşlarının şirkəti vətəndaşa qarşı fırıldaqda ittiham olunur1-04-2015, 14:03 |
Bu gün Azərbaycanda xarici avtomobil markalarının çoxluğu və müxtəlifliyi ilə artıq heç kəsi təəccübləndirmək olmaz. Son bir neçə ildə ölkəmizdə bir çox iri avtomobil şirkətlərinin rəsmi nümayəndəlikləri və servis mərkəzləri açılaraq müştərilərin xidmətinə verilmişdir. Əhali arasında avtomobillərə olan tələbat artımını nəzərə alan avtomobil istehsalçıları Azərbaycanda öz fəaliyyətlərini daim genişləndirirlər. Əlbəttə ki, bu şirkətlər arasında mövcud olan sağlam rəqabət onların fəaliyyətlərinə, istehlakçılara göstərilən xidmətin səviyyəsinə təsir etməyə bilməz. Qeyd etmək lazımdır ki, 1996-ci ildən fəaliyyət göstərən “Hyundai Azerbaijan” şirkəti hazırda ölkənin ən böyük satış və servis şəbəkəsinə malikdir. Həm də ötən illərin statistikasına görə “Hyundai” markası ölkəmizdə ən çox satılan avtomobillərin arasında liderliyə yüksəlib. Şirkətin servis mərkəzləri isə təkcə Bakıda deyil, bir çox bölgələrdə də fəaliyyət göstərirlər. Lakin bütün bunlara baxmayaraq, şirkətin nəzdində fəaliyyət göstərən bəzi “Hyundai Servis” mərkəzləri heç də həmişə öz müştərilərini razı sala bilmirlər. Bu xüsusda ölkə mətbuatında dərc olunan məlumatlarda da həmin servis mərkəzlərində vətəndaşların incidilməsi, onların hüquqlarının pozulması hallarına ara-sıra rast gəlindiyindən xəbər verilir. O cümlədən, bu günlərdə redaksiyamıza daxil olmuş daha bir şikayət ərizəsində Gəncədə fəaliyyət göstərən “Hyunda Servis” mərkəzində baş vermiş xoşagəlməz bir insident barədə açıqlamalar təqdim edilir. Şikayətçi qismində çıxış edən vətəndaş Əliyev Şamil Fəzail oğlu öz ərizəsində bildirir ki, o, “KİA Cadenza” markalı avtomobilin sahibidir. Bir neçə ay bundan əvvəl bu avtomobil qəza nəticəsində əzilərək, istismara yararsız hala gəlmişdir. Təmirin kifayət qədər böyük məbləğə başa gələcəyini bilən Şamil Əliyev bir müddət hansı servis mərkəzinə müraciət etmək barəsində qərarsız olmuşdur. Lakin sonradan bəzi tanışları ona qiymət ucuzluğuna görə məhz Gəncədə fəaliyyət göstərən “Hyundai Servis” mərkəzini məsləhət görüblər. Sonda bu təklifi qəbul edən sürücü qəzalı avtomobili Bakıdan Gəncəyə aparıb. Şikayətçinin sözlərinə görə avtomobili tam diaqnostika etdikdən sonra, servis mərkəzində təmirin 3500 manata başa gələcəyini bildiriblər. Təbii ki, bu məbləğə görüləcək bütün işlərin və dəyişdiriləcək ehtiyyat hissələrinin qiyməti daxil edilib. Şamil Əliyev bildirir ki, onunla danışıqları aparan şəxs mərkəzin direktor müavini Ruslan müəllim olub. Bundan sonra sürücü müəyyən edilmiş məbləği mərkəzə ödəyərək, avtomobilini təmirə qoyub. Nəhayət bu yaxınlarda Şamil Əliyev təmir və bərpası başa çatan avtomobilini təhvil alaraq, onu daimim yaşadığı Bakı şəhərinə gətirib. Lakin avtomobilin istismarının ilk günlərindən sürücü müəyyən problem və nasazlılqlarla üzləşib. Buna görə də avtomobil yenidən avtodiaqnostika mərkəzlərindən birinə gətirilib. Elə xoşagəlməz məqamlar da bu zaman aşkar olunub. Avtomobilin diaqnostikası zamanı məlum olub ki, Gəncə “Hyundai Servis” mərkəzində həyata keçirilən təmir zamanı istifadə olunan ehtiyyat hissələri heç də yeni olmayıblarmış. Hətta Şamil Əliyev bildirir ki, o, bu faktı təsdiq edən ekspert rəyi də almışdır. Halbuki, Gəncə “Hyundai Servis” mərkəzində şikayətçiyə guya ki, istifadə olunmuş yeni ehtiyyat hissələrinin qablaşdırıldığı qutuları da təqdim ediblər. Bu da məlum olub ki, avtomobilin normal istismarı üçün həmin hissələr mütləq yeniləri ilə əvəz olunmalıdırlar. Lakin ölkəmizə xarici valyuta ilə alınıb gətirilən bu ehtiyyat hissələrinin qiymətləri də ABŞ dollarının kursunun qalxması ilə əlaqədar təxminən 30% yüksəlmişdir. Bundan sonra yenidən Gəncəyə gedən Şamil Əliyev durumu Ruslan müəllimə izah etmiş və aldadıldığına görə, mərkəzə ödədiyi pulu geri tələb etmişdir. Lakin bu zaman müştəri haqlı tələbinin müqabilində kobudluq və təhdidlərlə üzləşməli olmuşdur. Rüslan müəllim mərkəzin direktoru Vüsal müəllimin güclü əlaqələri olmasını əsas gətirərək, aldadılmış müştəriyə onun heç bir şey əldə edə bilməyəcəyini demiş və “öz başını ağrıtmadan” çıxıb getməyi məsləhət görmüşdür. Əli heç yerə çatmayan müştəri isə bundan sonra mətbuat vasitəsilə problemi müvafiq orqanların diqqətinə çatdıraraq, onların köməyinə ümid etməli olub... \\ bizimdovr.az \\ Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq Geri qayıt |