Əsas Səhifə > Cəmiyyət, Manşet > Nazim İbrahimovun qələmini niyə qırıblar...
Nazim İbrahimovun qələmini niyə qırıblar...5-05-2015, 11:38 |
Prezident İlham Əliyevin harınlamış məmur və məmur övladları ilə bağlı xəbərdarlığından sonra bəziləri özünü yığışdırmalı oldu. Hətta bir neçə yüksək rütbəli məmurun bu cür faktlara görə, işdən azad olunması, həbsə atılması da baş verdi. “Unikal”ın məlumatına görə, yaxın ətrafı, daha dəqiq desək, övladının dəbdəbəli həyat tərzi sürməsini nümayş etdirməsi Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimova da problem yaradıb. Belə ki, bir müddət öncə komitə sədrinin oğlu Elnur İbrahimovun sərvəti barədə saytlarda fotolar, yazılar yer almışdı. Yazıda Elnur İbrahimovun şəxsi təyyarə ilə səyahət etdiyi, bahalı yaxtalara sahib olduğu vurğulanır:“Elnur səyahət eləməyi çox xoşlayır. Amma adi “Aerobus-320" tipli təyyarədə tərləyə-tərləyə uçmaq və səninlə qonşu kresloda oturmuş hansısa kök bir xalanın tər iyini udaraq əzab çəkmək Elnurluq deyil. Biznes-klassda uçmaq da artıq dəbdən düşmüş səyahət sayılır. Elnur xüsusi komfortu və əlahiddə xidməti, yəni açıq desək, şəxsi təyyarədə uçmağı sevir. Azərbaycanlı məmurun oğlunun həyat tərzi yalnız Bakı gənclərinin çox sevdiyi ingilisdilli V.I.P. abbreviaturasına daxil olan xidmət və rahatlıq üzərində qurulub. Mövsümün ən qızğın vaxtında Maldiv adalarında istirahət etmək? Niyə də olmasın?! İstirahət günlərində, boş vaxtlarında dostları da götürüb İstanbula gəzməyə getmək? Heç bir problem yoxdur! Bu, sevimli oğlundan heç nəyi əsirgəməyən məmur atanın əlində nə çətin işdir ki?! Budur, o, katerdə şütüyür, qiyməti isə təyyarəyə baxanda qəpik-quruşdur. Bakıda bu cür nəqliyyatın kirayəsinin bir saatı 500 manata başa gəlir. Sıradan vergiödəyicisi bu əyləncə vasitəsini heç kirayə də götürə bilməz, o ki qaldı onu almaq... Boş-bekarçılıqdan bezəndə Elnur paytaxtın ən elitar restoranlarında bahalı alkoqollu içkilər içməklə, habelə DJ-liklə də məşğul olur. Yəni özünün vaxtaşırı olaraq təşkil etdiyi qapalı məclislərində “val fırladır”. Hərdən də belə məclisləri vətənində deyil, Parisdə təşkil edir ki, bütün dostları, hətta çoxdandır Bakıda yaşamayanlar da gələ bilsinlər". Sözsüz ki, komitə sədrinin oğlunun həyat tərzi ilə bağlı bu yazı gündəmə bomba kimi düşdü və böyük rezonans doğurdu. Həmin dövrdə ölkə başçısının harınlamış məmurlarla bağlı xəbərdarlığı yeni idi və bu səbəbdən də Nazim İbrahimovun sərt şəkildə cəzalandırılması an məsələsi idi. Ona görə də həmin dövrdə Nazim İbrahimov mətbuata çıxaraq, oğlunun əməlləri ilə bağlı açıqlama verdi. Sözsüz ki, o, yazılanları “cəfəngiyyat” adlandırıb: “Mənim belə bir əmlakdan xəbərim yoxdur. Əgər o yazını yazan jurnalist həmin əmlakın ünvanını mənə göstərsə, hamısını ona bağışlayacağam. Özünü ciddi hesab edən media belə yoxlanılmamış məlumatı verməməlidir”. Nazim Ibrahimov bu tipli yazıları Azərbaycan iqtidarında olanlara qarşı “şər atmaq, ləkə yaxmaq, dövlət adamlarını nüfuzdan salmaq üçün planlı addım” adlandırıb: “Bir sıra müxalifət mətbuatında dövlət və hökumət adamlarına qarşı bu cür addımlar atılır. Bunların da demək olar ki, tam hissəsi şayiələrdir, həqiqətə uyğun deyil. Bu, sadəcə Azərbaycan iqtidarına sədaqətli olan adamları ləkələmək, onları cəmiyyətə tamam başqa cür təqdim etmək məqsədi daşıyır”. Təbii ki, N.İbrahimovun bundan başqa cavabı ola bilməzdi. Dövlət məmurunun milyonluq, bəlkə də milyardlıq əmlaka necə sahib olması sualına cavab vermək çətindir. Hələ üstəlik övladının bütün bunları nümayişkəranə göstərməsi komitə sədrini daha böyük zərbə altında qoydu. “Unikal”ın apardığı araşdırma zamanı bir sıra ilginc məlumatlar əldə etmişik. Öncə onu qeyd edək ki, məlum yazıdan sonra Nazim İbrahimovun oğlu Elnur İbrahimov İnstagram sosial şəbəkəsindəki akkauntunu bağlayıb. Bununla məlum olur ki, artıq N.İbrahimov həmin məqalədən sonra ciddi xəbərdar edilib. Bu barədə bizi bilgiləndirən hakimiyyətdəki mənbə deyib ki, həmin söhbətdən sonra N.İbrahimovla bağlı “yuxarılar”ın mövqeyi qətiləşib: “Onsuz da Nazim İbrahimovun fəaliyyətindən ciddi narazılıqlar var. Onun diaspora işini gücləndirməkdən daha çox müxtəlif ölkələrdə biznes strukturları qurması və burada dövlətin ona verdiyi yetkililərdən sui-istifadə etməsi onunla bağlı mənfi rəy formalaşdırmışdı. Amma onun oğlunun dəbdəbəli həyat tərzini əks etdirən materialların yayılması Nazim İbrahimova qarşı inamsızlığı daha da gücləndirib. Artıq Nazim İbrahimovun karyerasını bitirməklə bağlı ilkin qərar var. Bunun nə zaman gerçəkləşəcəyini deyə bilmərəm, amma onun vəzifədə uzun müddət qalmayacağı qətidir”. Göründüyü kimi, səmərəsiz fəaliyyəti, vəzifə səlahiyyətlərindən sui-istifadə daha bir yüksək çinli məmurun karyerasına son qoymaqdadır. Nazim İbrahimovun təkcə vəzifədən kənarlaşdırmaqla cazasının bitib-bitməyəcəyi hələ sual altındadır. Çünki artıq vəzifə dövründə qanunsuz əməllərə görə hesab sorulması tendensiyasına start verilib. Bu isə N.İbrahimov üçün daha acınacaqlı sonluq vəd edir. Geri qayıt |