Əsas Səhifə > Cəmiyyət, Manşet > Gəncə səhiyyə sisteminin ağlamalı halı...
Gəncə səhiyyə sisteminin ağlamalı halı...24-06-2015, 11:42 |
Məlum olduğu kimi, iqtisadiyyatımızın bütün sahələrində nəzərə çarpan ümumi inkişaf ayrı-ayrılıqda götürülmüş hər hansı sahədə neqativ halları qətiyyən istisna etmir. Məsələn, respublikamızın səhiyyə sistemində əsaslı islahatların həyata keçirildiyi və bir çox istiqamətlərdə kifayət qədər inkişafa nail olunmasına rəğmən, bu gün bəzi rayon və bölgələrimizdə səhiyyənin durumu hələ də son dərəcə acınacaqlı vəziyyətdədir. Ötən saylarımızda bu mövzuya toxunaraq biz belə bir fikir irəli sürmüşdük ki, bölgələrdə səhiyyə, təhsil və digər bu kimi strateji əhəmiyyət kəsb edən sahələrdə mövcud olan vəziyyətə görə rayonun istisnasız olaraq bütün hakimiyyət orqanları və yerli ictimaiyyət məsuliyyət daşıyırlar. Digər tərəfdən isə hər bir sahəyə təhkim olunmuş, müəyyən vəzifə imtiyazları ilə səlahiyyətləndirilmiş və bu sahənin mütəxəssisi sayılan konkret rəhbər şəxslər vardır. Təbii ki, bu şəxslərin məsuliyyəti də daha artıq olmalıdır. Məlum olduğu kimi ötən ilin noyabr ayında Səhiyyə naziri Oqtay Şirəliyevin əmri Gəncə şəhər Səhiyyə İdarəsinin müdiri vəzifəsinə Azərbaycan Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kafedra müdiri, tibb elmləri doktoru Əlikram Məmmədov təyin olunmuşdur. Həmçinin qeyd etmək lazımdır ki, Əlikram Məmmədovun fəaliyyəti ölkə rəhbərliyi tərəfindən də yüksək qiymətləndirilmiş və prezident İlham Əliyevin sərəncamı ilə Əlikram Məmmədov “Əməkdar həkim” fəxri adına layiq görülmüşdür.Bununla belə, təəssüf hissi ilə də olsa, qeyd etmək lazımdır ki, bu gün Gəncə səhiyyəsi hələ də bir çox nöqsanlarla diqqəti cəlb etməkdədir. Artıq qəzetimizin ötən saylarında dərc etdiyimiz materiallarda da biz, redaksiyamıza Gəncə şəhər 3 saylı poliklinikasında yer almış bəzi neqativ hallardan bəhs edən məlumatların daxil olduğunu bildirmişdik. Bu xüsusda məlumatı təqdim edən mənbə baş həkim Rasim Hüseynovun rəhbərlik etdiyi bu poliklinikada vəziyyətin həddindən artıq acınacaqlı olduğunu bildirir. Qeyd olunur ki, xəstələr 3 saylı poliklinikanın baş həkimindən tutmuş, tibb bacılarına qədər hamıya pul ödəməli olurlar. Belə ki, pul verməyən xəstələr nə əməlli müayinədən keçə bilmirlər, nə də onlara doğru-dürüst müalicə təyin olunmur. 3 saylı poliklinikada yaranmış vəziyyətdən şikayətlənən digər şəhər sakini isə həmin tibb müəssisəsinin rəhbərliyini həm də saxta arayışların verilməsində ittiham edir. Açıqlamada idia olunur ki, bu tibb müəssisəsində xəstəlik kağızlarının (bülleten), 88 saylı forma və digər arayışların verilməsi artıq çoxdan əsil kommersiya fəaliyyətinə çevrilib. Daxil olan digər bir məlumatda isə 3 saylı poliklinikada tətbiq olunan “ölü canlar” üsulu ilə dövlət vəsaitlərini mənimsəmə hallarından bəhs olunur. Bildirilir ki, poliklinikanın baş həkimi bu tibb müəssisəsinin kadrlar üzrə mufəttişi ilə əlbir olaraq, ştatdan əlavə şəxsləri poliklinikanın işçisi kimi rəsmiləşdirməklə adı olub, özü olmayan bu işçilərin əməkhaqlarını mənimsəyirlər.Lakin 3 saylı Gəncə şəhər poliklinikasında baş verənlərə dair açıqlamaların qəzetimizdə artıq bir neçə dəfə dərc olunmasına baxmayaraq, Gəncə şəhər Səhiyyə İdarəsinin rəhbərliyi tərəfindən hələ də bu tibb müəssisəsinin fəaliyyətinin araşdırılması istiqamətində heç bir addım atılmamışdır. Həmçinin, yeni aldığımız məlumatlarda mənbə israrla bildirir ki, dərc olunan tənqidi materiallar ümumiyyətlə nə Gəncə şəhər Səhiyyə İdarəsində, nə də 3 saylı poliklinikada heç bir reaksiyaya səbəb olmamışdır. Hətta, yerli sakinlər tərəfindən ölkə mətbuatına göndərilən “həyəcan siqnalları” da Əlikram Məmmədovun narahatlığı üçün yetərli əsas olmamışdır. Belə nəticəyə gəlmək olar ki, 3 saylı poliklinikanın baş həkimi Rasim Hüseynov, yuxarı instansiya rəhbərliyi ilə istənilən halda “dil tapa biləcəyinə” qətiyyən şübhə etmir... Geri qayıt |