Əsas Səhifə > Cəmiyyət, Manşet > Buralar yəqin Oqtay Şirəliyevin nəzərindən yayınıb...

Buralar yəqin Oqtay Şirəliyevin nəzərindən yayınıb...


11-08-2015, 11:38
Buralar yəqin Oqtay Şirəliyevin nəzərindən yayınıb...
Redaksiyamıza yeni daxil olan məlumatlarda Sumqayıt şəhər 1 saylı Doğum Evinin fəaliyyətində yer almış çeşidli qanun pozuntularından bəhs edilir. Bu xüsusda aldığımız açıqlamalarda son vaxtlar ümumiyyətlə Sumqayıt şəhər səhiyyə sisteminin olduqca ağır duruma düşdüyü bildirilsə də, mənbələr bu sahədə ən zəif nöqtələrdən birinin də məhz 1 saylı Doğum Evi olduğunu xüsusi vurğulayırlar. İlk növbədə məlumatlarda bilıdirilir ki, müəssisənin baş həkimi Sevda İsgəndərli burada doğuşların qəbulunu əsil biznes fəaliyyətinə çevirib. Həm də bu biznes Sumqayıtın iqtisadiyyatını təmsil edən digər özəl sahələrlə müqayisədə daha çox gəlir gətirməsi ilə seçilir. Amma buna təəccüblənmək lazım deyil. Məsələ bundadır ki, baş həkimin təhriki ilə, 1 saylı Doğum Evində “göstəricilərin yüksəldilməsi” məqsədilə bəzi qanunsuz tədbirlərə əl atılır. Lakin bu barədə bir qədər sonra daha ətraflı açıqlama verəcəyik.Hələlik isə qeyd etmək istərdik ki, əldə etdiyimiz məlumatlarda 1 saylı Doğum Evinin bir çox məqamlarda məhz özəl tibb müəssisləri kimi fəaliyyət göstərdiyi vurğulanır. Məsələn, bildirilir ki, bu müəssisənin qəbul şöbəsində doğuşa gələn xanımlardan dərhal 350 manat məbləğində ödəniş etmək tələb olunur. Hətta maraqlananlara belə bir məlumat da verilir ki, həmin məbləğin 80 manatı doğuşu qəbul edəcək həkimə, 40 manatı kiçik personala və qalan 230 manatı da baş həkimə çatır. Lakin bu, gələcək ananı sonrakı ödənişlərdən də azad etmir. Belə ki, şöbəyə gətirildikdən sonra ana olmağa hazırlaşan xanımlar burada elə münasibətlə rastlaşırlar ki, onların növbəti pul tələblərini də yerinə yetirməkdən başqa çarələri qalmır. Yenicə doğmuş qadının xəstəxanada ən azı 3 gün qalması tələb olunur ki, bunun da müqabilində ödəniləcək məbləğ təxminən 200-300 manat civarında müəyyənləşdirilib. Doğum evində işləyən tibb bacıları, baxıcılar və digər işçilərə də bu müddət ərzində 100 manata qədər pul xərclənir ki, nəticədə hər doğuş təxminən 700-800 manata qədər başa gəlir. Həmçinin aldığımız məlumatlara görə, Sevda İsgəndərli burada dünyaya uşaq gətirmək istəyən hər anadan pul almaqla yanaşı, doğum evinin hər bir işçisindən də aylıq haqq tələb edir. Həm də bu haqq ay ərzində müəssisənin xidmətlərindən istifadə etmiş insanların sayından asılı olaraq dəyişmir. Belə ki, müəssisənin sanitar və texniki personalı hər ay 5 manat, tibb bacıları 10 manat və həkimlər isə 20 manat olmaqla “fond pulu” ödəmək məcburiyyətindədirlər. Mənbə bildirir ki, bütün bu rəqəmlər bir müddət əvvəl Səhiyyə Nazirliyi tərəfindən 1 saylı Doğum Evində keçirilmiş xüsusi yoxlama zamanı müəssisənin əməkdaşlarından birində aşkarlanmış bir dəftərçədə qeyd olunmuşdu. Solmaz adlı həmin əməkdaşın adı müəssisənin ştat cədvəlində liftçi kimi qeyd olunsa da, onun əsas vəzifəsi hər ay siyahı üzrə ödənişləri yığıb, baş həkimə təhvil verməkdən ibarət olub. Maraqlıdır ki, bu faktın aşkarlanmasından sonra, Solmaz işdən azad olunsa da, baş həkim Sevda İsgəndərli sadəcə “yüngül narahatlıq” keçirməklə yaxasını qurtara bilib.İndi isə, yuxarıda qeyd etdiyimiz kimi, 1 saylı Doğum Evində “göstəricilərin” necə yüksəldilməsi məsələsinə bir qədər aydınlıq gətirək. Mənbələrin iddialarına görə, müəssisənin həkimi Aziyə Hacıyeva bir gündə qəbul etdiyi doğuşların sayını süni şəkildə artırmaq məqsədilə, xüsusi preparatlardan istifadə edir. Açıqlamaya görə, bu preparatlar hamiləliyin son günlərini yaşayan anaların orqanizminə daxil edilərkən, orada gedən təbii proseslərə katalizator təsiri göstərir və doğuşun vaxtını bir neçə günə qədər yaxınlaşdırır. Bu isə təbii ki, normal hal deyil və bu kimi müdaxilələr böyük ehtimalla cinayət əməli kimi qiymətləndirilə bilər. Yaxşı olardı ki, Səhiyyə Nazirliyinin rəhbərliyi tərəfindən bu məsələnin araşdırılması üçün təxirə salınmadan müvafiq tədbirlər görülsün...

Geri qayıt