Əsas Səhifə > Cəmiyyət > AXCP-dən istefa verəni hədələyiblər
AXCP-dən istefa verəni hədələyiblər17-08-2015, 18:02 |
AXCP-də son aylarda yaşanan böhran kritik həddə çatıb. Təsadüfi deyil ki, keçən həftə qurumdan iki funksionerin istefası reallaşdı. Bunlar Gəncə şəhər şöbəsinin üzvü, partiyanın Qərb bölgəsi üzrə kuratoru, əməkdar müəllim Sabir Məmmədov və hazırda həbsdə olan Sumqayıt təşkilatının sədri İsa Qurbanov oldu. Hər iki funksioner getmələrinin səbəbi kimi, rəhbərliyin siyasətindən narazı olduqlarını bildirdilər. Hətta İ.Qurbanov həbsxanadan göndərdiyi müraciətdə YAP-a keçdiyini açıq şəkildə bəyan etdi. Hər iki şəxsin istefasına AXCP-nin mövqeyi maraqlı oldu. Qurumun mətbuat orqanı funksiyasını icra edən “Azadlıq” qəzetindəki məlumatda S.Məmmədovun ümumiyyətlə, AXCP üzvü olmadığı qeyd olunub. Qəzetdə gedən xəbəri olduğu kimi təqdim edirik: “AXCP-dən ayrılma səbəblərini partiyanın idarəçilik sistemindəki nöqsanlarla izah etməyə çalışan bu şəxsin iddialarının nə dərəcədə əsaslı olduğunu öyrənmək üçün qurumun Gəncə şəhər Məclis sədri Qaçay Abbasovla əlaqə saxladıq. Məlum oldu ki, Sabir Məmmədov ümumiyyətlə, AXCP-nin üzvü olmayıb. Qaçay Abbasovun dediklərindən: “Sabir Məmmədov 2013-cü il seçkiləri ərəfəsində AXCP-yə üzv olması üçün ərizə ilə müraciət etmişdi. Həmin vaxt o, Milli Şuranın prezidentliyə namizədi Cəmil Həsənlinin seçki kampaniyasına öz təşəbbüsü ilə könüllü kimi qoşulmuşdu. Biz də onun ərizəsini qəbul etdik. Lakin ona rəsmi üzvlük vəsiqəsi verilməyib. Çünki partiya rəhbərliyinə təqdim etdiyi sənədlərə baxış keçirilməmiş, onun Azərbaycan Demokratiya və Rifah Hərəkatında fəaliyyət göstərməsi haqda məlumat aldıq. Başqa təşkilatda fəaliyyət göstərən birisinin AXCP-dən istefa verdiyini bəyan etməsi sadəcə gülüncdür”. “Yeni Müsavat”a müraciət edən Sabir Məmmədov AXCP rəhbərliyini yalançılıqda suçladı. O, “Azadlıq” qəzetində istefası ilə bağlı barəsində gedən məlumatda Qaçay Abbasovun adından fikirlər yazıldığını bildirdi : “Mətbuata Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi olmağımla bağlı vəsiqə təqdim etmişəm. Bundan əlavə, Əli Kərimlinin öz imzası olan partiya üzvlüyümü təsdiq edən bileti də göstərmişəm. Partiya vəsiqəmin nömrəsi 400201-dir. 1 fevral 2012-ci ildən həmin partiyanın üzvüyəm. Qeyd olunur ki, guya Gəncə AXCP Məclisinin sədri Qaçay Abbasov üzv olmağımı inkar edib. Bildirib ki, belə bir üzvümüz yoxdur. Onun özü ilə danışdım. And içdi ki, belə bir açıqlama verməyib, “Azadlıq” qəzeti onun adından yazı dərc edib. O, beş-altı partiya üzvünün yanında mənə dedi ki, əgər belə sözlər desəm, səndən üzr istəyərəm. Açıqca dedi ki, Gözəl Bayramlı onun adından açıqlama uydurub. İstefamdan sonra Gözəl üzərimə gəldi. Mənə deyir ki, niyə “Yeni Müsavat”a açıqlama verirsən? Mən də dedim ki, belə məsləhət gördüm. “Yeni Müsavat”da obyektivliyinin olduğunu bildirdim. Qayıdıb mənə deyir ki, nə ilə sübut edə bilərsən? Gözümlə gördüklərimə uyğun addımlar atdığımı dedim. İstefamdan peşman deyiləm. Bunu Gözələ də dedim”. Sabiq partiya funksioneri Gözəl Bayramlının onu hədələdiyini də qeyd etdi: “Gözəl mənə dedi ki, səninlə hesablaşacağıq. Mənə möhkəm hədə-qorxu gəldilər. Üzvlər mənə deyirlər ki, sən qorxursan? Bunlar insanları qorxu altında partiyada saxlayırlar. Hamı onlardan bezib. Heç nədən qorxum yoxdur. Hesab etmirəm ki, mənə təhlükə yaratmağa gücləri çatsın. Əli Kərimlinin partiyada nələrin baş verdiyindən xəbəri var. Qarşısını almaq üçün tədbirlər görmürsə, demək o da bu yolun yolçusudur. Partiyanın daxilində nizam-intizam olar. Qaydanı pozan hər bir üzv partiyadan xaric olunmalıdır. Amma belə şəxslər AXCP rəhbərliyi tərəfindən himayə edilir. Gözəl ikiüzlü adamdır. Samuxda mənə dediyi sözü Gəncədə dandı. İstefamdan sonra Əli bəy bir dəfə də olsun, mənə zəng etmədi. Təkcə Gözəl Bayramlı zəng vurdu. O da məni hədələmək üçün. “Yeni Müsavat”a müsahibə verməkdə düz etdiyimi ona da dedim. Belə bir partiya mənə lazım deyil. Orada saxtakarlıqla işləməkdən başqa əllərindən bir iş gəlmir. Məni Cəmil Həsənlinin səlahiyyətli nümayəndəsi təyin ediblər. Amma “Azadlıq” qəzeti yazır ki, belə bir şey yoxdur. Bunların iç üzləri budur. Seçkilər ərəfəsində mənə digər partiyalardan pullar təklif olundu. Amma nə digər partiya keçdim, nə də təmsil olunduğum partiyanı satdım. İnsanda ən təmiz varlıq vicdandır”. S.Məmmədov Müsavat başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun yaratdığı Demokratiya və Rifah Hərəkatının üzvü olduğunu açıqladı: “İyunun 28-dən bu hərəkata qoşuldum. Ellada Məmmədli təsis iclasında iştirak edirdi. Qaçay bəyin özü də ADR-in üzvüdür. Burada cəbhəçilərdən bu qurumun üzvü olanlar çoxdur. “Azadlıq” qəzetinin yazdıqları böhtandır. Birbaşa Əli Kərimlinin tapşırığı ilə məlumat yazılıb. Bunların siyasəti bundan ibarətdir”. İ.Qurbanovun istefası ilə bağlı sosial şəbəkələrdə status paylaşan partiya lideri Əli Kərimli onun addımını təzyiqlərlə əlaqələndirib. AXCP sədri onun həbsinin gizlədilməsinin səbəbləri barədə geniş məlumat verib: “İsa Qurbanov İlham Əliyevə son müraciətində azadlığa çıxmaq üçün ondan istənilən hər şeyi etdi. Keçmiş əqidə yoldaşlarını təhqir edib, yamanladı. YAP-a keçdiyini bəyan etdi. Bütün bunlardan sonra indi nə istəyirsiniz? Adamı azad edin, getsin ailəsinin yanına, öz ömrünü yaşasın”. Adından açıqlama yazıldığı iddia edilən Qaçay Abbasovun özü ilə danışmağa nail olduq. O, açıqlamasının təhrif olunduğunu etiraf etdi: “Demişəm ki, Sabir müəllimin mən də ərizəsi olmayıb. Bəzi fikirlər adımdan yazılıb. Amma üzvü olması ilə bağlı ərizəsinin şahidi olmamışam. Partiyanın üzvü olduğunu da deyə bilmərəm. Mən onu 2013-də tanımışam. Cəmil bəyin səlahiyyətli nümayəndəsi kimi. Sonradan bildirdi ki, AXCP-nin Qərb üzrə səlahiyyətli nümayəndəsidir. Qəzetdəki yazılar mənə aid deyil. Mənə zəng edib fikir almaq istəyiblər. Demişəm ki, təşkilatın sədrindən alın. Sabir müəllim və mən ADR-in üzvüyük”. Geri qayıt |