Əsas Səhifə > Cəmiyyət, Manşet > Əhliman Əmiraslanov istefa ərizəsi yazıb

Əhliman Əmiraslanov istefa ərizəsi yazıb


19-08-2015, 11:37
Əhliman Əmiraslanov istefa ərizəsi yazıb
Azərbaycan Tibb Universitetinin rektoru, millət vəkili Əhliman Əmiraslanovla bağlı "Unikal” qəzetinin redaksiyasına olduqca ilginc məlumatlar daxil olub. Səhihliyinə şübhə etmədiyimiz həmin informasiyada bildirilir ki, Əhliman Əmiraslanov artıq rektor vəzifəsi ilə vidalaşır, onun hətta istefa ərizəsi yazdığı da daxil olan məlumatlar arasındadır.

Əhliman Əmiraslanovu bu postda əvəzləyəcək şəxsin kimliyi belə məlumdur. Olayın ilginc təfərrüatları haqda bir qədər sonra, hələliksə Əhliman Əmiraslanovun sonunu gətirən səbəblər haqda bəzi qeydlərə nəzər salaq. Məlumat üçün bildirək ki, Əhliman Əmiraslanov millət vəkili, Azərbaycan Tibb Universitetinin rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, AMEA-nın biologiya elmləri bölməsinin akademik-katibi, Azərbaycan Tibb Universiteti onkologiya kafedrasının müdiri, Azərbaycan Tibb Universitetinin onkoloji klinikasının ditrektorudur. O, həm də ATU-nun Tədris-Cərrahiyyə Klinikasına rəhbərlik edir. Maraqlı məqamlardan biri isə budur ki, 1992-ci ildə prezident Əbülfəz Elçibəyin Azərbaycan Tibb Universitetinə təyin etdiyi Əhliman Əmiraslanov indiyə qədər də həmin universitetin rektorudur.
Başqa sözlə, Əhliman Əmiraslanov 23 ildir bu ali tibb ocağına rəhbərlik edir. Onun rəhbərliyi dövründə isə ali məktəb inkişaf etmək əvəzinə, geriləyib. Bu ali məktəbin dünya tibb ali məktəblərinin reytinq cədvəlində adı yoxdur. Çünki tədris sovet tibb təhsilinin şinelindən hələ də çıxa bilməyib. Bu ali məktəbdə 20-30, hətta 40 il bundan öncə kafedra müdiri vəzifəsini tutanlar elə indi də yerlərindədirlər. Başqa sözlə, universitet yenilənmir. Belə çıxır ki, həmin kafedralarda kadr hazırlığı işləri aparılmır. Tam perspektivsizliyə düçar olmuş gənc və orta yaşlı alimlər ölkəni tərk edirlər.
Diqqət edin, Əhliman Əmiraslanov indiyə qədər universitetin onkologiya kafedrasında müdir vəzifəsini tuta biləcək kadr yetişdirə bilməyib. Sual olunur, bu qədər vəzifələri tutan belə bir Azərbaycan alimi necə vaxt tapıb həm də kafedraya rəhbərlik edir?
Onun rəhbərlik etdiyi Onkoloji Klinikada isə vətəndaşların dərisini soymaqla yanaşı, onlarda xəstəliklərinin müalicə olunmasına ümidsizlik yaradırlar. İnsanlar həftələrlə USM-dən keçmək üçün növbələrə dururlar. Əsəb gərginliyi, həkim etinasızlığı bu klinikanı başına götürüb. Ölkənin üzdə olan həkimlərindən biri olan Əhliman Əmiraslanov nədən başqa klinikaların USM-nə inanmır? Əməliyyatdan sonra xəstələrə müəyyənləşdirilmiş məbləğ xanım assistent və həkimlər tərəfindən alınır. Dəhşət burasıdır ki, verilən məbləğin müqabilində vətəndaşlara qəbz belə verilmir.
İndi isə Əhliman Əmiraslanovun monopoliyasında olanlara diqqət edin. Azərbaycan Dövlət Tibb Universiteti, Tibb Universitetinin Onkoloji Klinikası, ATU-nun Tədris-Cərrahiyyə Klinikası, Azərbaycan Milli Elmlər Akademiyasının biologiya elmləri bölməsi və s.
"Unikal” qəzetini məlumatlandıran mənbənin sözlərinə görə, Azərbaycan Tibb Universitetindəki yarıtmaz idarəçiliklə bağlı müvafiq orqanlara özündə konkret faktları əks etdirən müraciətlər öz nəticəsini verib. Belə ki, həmin şikayətlərin araşdırılması zamanı ortaya doğurdan da ciddi korrupsiya halları çıxıb. Elə bütün bunlardan sonra da Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanovun tutduğu vəzifədən uzaqlaşdırılması qərara alınıb. Yuxarıda da qeyd etdiyimiz kimi, artıq rektor taleyi ilə barışmaq zorunda qalaraq, istefa ərizəsioni belə yazıb. Onun vəzifədən uzaqlaşdırılması qərarının isə yaxın günlərdə ictimailəşəcəyi bildirilir.
Əhliman Əmiraslanovu bu postda əvəz edəcək şəxsin kimliyinə gəlincə isə, bildirək ki, onun adı redaksiyamıza bəllidir. Sadəcə, müəyyən səbəblər üzündən hələlik onun adının açıqlanmasına lüzum görmürük. Yalnız onu qeyd edə bilərik ki, Azərbaycan Tibb Universitetinə gətirilməsi nəzərdə tutulan yeni rektor namizədi Moskvada yaşayan həmvətənimizdir.
Mövzuya qayıdacağıq.

Geri qayıt