Əsas Səhifə > Cəmiyyət, Manşet > Bu rayonda əlil acından ölür, məmur cah-cəlal içində...
Bu rayonda əlil acından ölür, məmur cah-cəlal içində...28-08-2015, 11:15 |
Gədəbəy rayonunu girdabına almış məmur özbaşınalıqları nə saymaqla bitmək bilir, nə də yazmaqla. Artıq dəfələrlə qeyd olunduğu kimi, bu rayonda dərin köklər atmış və icra başçısı Ramiz Yediyarovun hələ də rəhbərlik etdiyi korrupsioner məmur kontingentinin Gədəbəydə hədəfə aldığı əsas zümrə məhz yerli sahibkarlar və iş adamlarıdır. Lakin bu heç də o demək deyil ki, rayon əhalisinin sahibkarlıq fəaliyyətilə məşğul olmayan digər hissəsi bütün problemlərdən azad, asudə həyat keçirirlər. Əsla belə deyil. Gədəbəydə məmurlar ümumiyyətlə heç kimə nə göz, nə də işıq vermirlər. Əksinə, bu məmurlar kimdən nə mümkündürsə, alırlar – rüşvət, “haqq”, obyekt, torpaq və sairə. Torpaq demişkən, qeyd etmək olar ki, bu gün Gədəbəydə davamlı olaraq müxtəlif maxinasiyalara məruz qoyulan subyektlərdən biri kimi də məhz elə torpaq sahələri çıxış edir. Həm də bu xüsusda rayon rəhbərliyi bütün digər sahələrdən daha çox aqressivlik nümayiş etdirir. Elə aldığımız çoxsaylı məlumatlarda da mənbələr vurğulayırlar ki, Ramiz Yediyarov rayonun ən münbit torpaqlarını öz qohumlarının və yaxın adamlarının adlarına alaraq sənədləşdirməklə məşğuldur. İcra başçısının gözünə xoş gələn torpaq sahəsinin artıq başqa bir şəxsə məxsus olduğu aşkarlandıqda isə, icra başçısı bütün prinsipləri bir kənara ataraq, həmin ərazini sadəcə zor gücünə zəbt edir. İş o yerə çatıb ki, rayonun hətta əlil vətəndaşları belə torpaq məsələlərində ciddi haqsızlıqlara məruz qoyulurlar. Ötən saylarımızda dərc etdiyimiz materiallarda biz bir neçə dəfə bu mövzuya dair bəzi açıqlamalar təqdim etmişdik.Məsələn, bir müddət əvvəl aldığımız məlumatda qeyd olunmuşdu ki, Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Qüdrət Paşayev və Aqrar islahatlar üzrə müavin Rüstəm Nağıyev hətta əlbir olaraq, ikinci qrup əlil Sürəyya Məmmədovaya məxsus olan torpaq sahəsinin təxminən 4 sotunu qeyri-qanuni olaraq onun əlindən alıblar. Açıqlamada bildirilmişdi ki, bu məmurlardan hansısa həmin torpaq sahəsində özünə ev tikdirir. Sürəyya Məmmədovanın isə, heç şikayətlərini də dinləyən olmamışdı. Çarəsiz qalan əlil qadın da düşdüyü vəziyyətlə barışaraq, durumu belə şərh etmişdi: “Mən nə edə bilərəm axı, rayonda Ramiz Yediyarovun qoçuları Qüdrət Paşayev və Rüstəm Nağıyevdir. Mənim torpağımı da onlar zəbt ediblər. Qüdrət Paşayevdən soruşmaq lazımdır ki, bu neçə illər ərzində yığdığı pullar, tikdirdiyi malikanələr ona azlıqmı edir ki, ikinci qrup əlilin torpağını əlindən alır?” Biz Sürəyya xanımla tam razıyıq. Əlbəttə soruşmaq lazımdır. Amma təəssüflər olsun ki, soruşan yoxdur. Və soruşan olmadıqca, bu məmurların da əl-qolları daha geniş açılır, onların haqsızlıqlara məruz qoyduqları vətəndaşların da sayları durmadan artır.Bu günlərdə redaksiyamıza yenə də torpaq problrmi ilə bağlı daha bir Gədəbəy sakini müraciət edib. Maraqlıdır ki, bu vətəndaş da II qrup əlildir. Amma Sürəyya Məmmədovadan fərqli olaraq, Miskinli kənd sakini Fazil Abdullayev əlil statusunu 2011-ci ildə Xocavənddə hərbi xidmətdə olarkən, döyüş şəraitində yaralandıqdan sonra alıb. Fazil Abdullayev bildirir ki, bir müddət bundan əvvəl o, ev tikmək və məişət şəraitini yaxşılaşdırmaq məqsədilə qanunla müəyyən olunmuş qaydada torpaq sahəsi almaq üçün Gədəbəy Rayon İcra Hakimiyyətinə müraciət edib. Şikayətçinin deməyinə görə, onu qəbul edən icra başçısı məsələni həll etməyi həmin vaxt Aqrar islahatlar üzrə müavini olan Rüstəm Nağıyevə tapşırıb. Amma bu tapşırıq necə verilibsə, Fazil Abdullayev indiyə kimi torpaq sahəsi ala bilmir. Şikayətçi xüsusi olaraq qeyd edir ki, artıq düz üç dəfə qəbulda olub və ondan tələb olunan bütün sənədləri də hazırlayıb təqdim edib. Amma bütün bunlara baxmayaraq, torpaq sahəsi ayrılmır ki, ayrılmır...\\bizimdovr.az\\ Geri qayıt |