Əsas Səhifə > Cəmiyyət, Manşet > Cahangir Əsgərov Abbas Abbasovun həbs olunan qardaşına görə təşvişə düşüb
Cahangir Əsgərov Abbas Abbasovun həbs olunan qardaşına görə təşvişə düşüb29-08-2015, 12:16 |
Ölkədə iri oliqarxların problemli kreditləri ilə bağlı aparılan həbslər gündəmin əsas müzakirə mövzularındandır. Məlumat üçün bildirək ki, bu günə qədər bir neçə biznesmen və iş adamı Beynəlxalq Bankdan götürdükləri və dəyəri milyonlarla ölçülən kreditləri zamanında qaytarmadıqlarına görə həbsə atılmışdı. Hazırda həmin iş adamlarının bəzisi borcunu ödəyərək azadlığa çıxıb. Digərləri ilə bağlı müəmmalı situasiya isə hələ də davam etməkdədir. “Unikal” qəzetinin redaksiyasına isə bir müddət əvvəl həbs olunmuş baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun qardaşı ilə bağlı ilginc məlumatlar daxil olub. Məlumat üçün bildirək ki, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun qardaşı Nadir Abbasovun bir müddət öncə həbs olunmasıyla bağlı xəbərlər yayılmışdı. Xatırladaq ki, Nadir Abbasov Gəncənin keçmiş polis rəisi olub, istefada olan polkovnikdir. Onun bir müddət əvvəl Gəncədə keçmiş Yeyinti Ticarəti İdarəsinin bazasında soyuducular tikmək üçün kredit götürdüyü bildirilir. İddiaya görə, banka olan külli miqdarda borcunu qaytarmadığına görə onu DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağırıblar. Ondan krediti dərhal qaytarması tələb olunub və bir müddət adıçəkilən idarədə nəzarət altında idarədə saxlanılıb. Həmin vaxt baş verənlərlə bağlı hüquq-mühafizə orqanları ətraflı məlumatlar yaymasa da, bununla bağlı Gəncədəki mənbələr çox maraqlı açıqlamalarla çıxış etmişdi. Gəlin, həmin açıqlamalarla tanış olaq: “Abbasovlar qonşularla təmaslardan qaçırlar, hər hansı açıqlama vermirlər. Lakin eşitdiyimizə görə, Nadir Abbasovun banka 10 milyon dollar borcu olduğundan həbs edilib və hələ də nəzarətdədir”. Haşiyəyə çıxaraq əlavə edək ki, mətbuatda bir neçə gün əvvəl Abbas Abbasovun digər qardaşı Həmid Abbasovun həyat yoldaşının Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tərəfindən bağça müdiri vəzifəsindən azad olunduğu barədə də xəbər verilib. Məlumata görə, onun qızı da işdən çıxarılıb. Abbas Abbasovun kredit borcuna görə həbs olunmuş qardaşı ilə bağlı “Unikal”ın əldə etdiyi son məlumatlarda isə daha məşhur və tanınmış şəxslərin adları da hallanır. Redaksiyamıza daxil olan informasiyada bildirilir ki, Abbas Abbasovun qardaşı Nadir Abbasovun həbsindən dərhal sonra bəzi dairələr onun azadlığa çıxması üçün fəaliyyətə keçiblər. Mənbəmizin sözlərinə görə, hətta Rusiya Federasiyasında yaşayan azərbaycanlı milyonçu “AST” Telman kimi tanınan Telman İsmayılov Nadir Abbasovun borcunu tam olaraq ödəməyə hazır olduğunu bildirib. Onun belə bir təşəbbüslə çıxış etməsinin alt qatında isə daha bir azərbaycanlı məmurun dayandığı iddia edilir. Həmin iddiaya görə, Telman İsmayılovdan belə bir təşəbbüslə çıxış etməsini Abbas Abbasovla dostluq münasibətində olan “AZAL” prezidenti Cahangir Əsgərov xahiş edib. Geri qayıt |