Əsas Səhifə > Cəmiyyət, Manşet > Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində büdcə yeyintisi
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsində büdcə yeyintisi26-10-2015, 10:00 |
Mədəniyyət və Turizm Nazirliyinin rayon şöbələrində dövlət büdcəsindən ayrılan vəsaitin mənimsənilməsi haqda ötən saylarımızın birində məlumat vermişdik. Hətta bəzi rayon şöbələrinin müdirlərinin aparılan araşdırmalardan sonra vəzifədən uzaqlaşdırıldığını, dövlət büdcəsinin necə talandığını əks etdirən sənədləri də dərc etmişdik. Xatırladaq ki, dövlət büdcəsinin məmurlar tərəfindən necə talanmasını Hesablama Palatasının audit yoxlamaları üzə çıxarıb. Bu haqda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə məlumat verildikdən sonra nazirin göstərişi ilə Cəlilabad rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri İsa Allahverdiyev, Yevlax şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri İlqar Əhmədov işdən çıxarılıb. Bundan başqa Ağdam və bir neçə rayon mədəniyyət və turizm şöbələrində də aparılan yoxlamalarda da bu cür nöqsanlar üzə çıxıb. Ən böyük nöqsan elə nazirliyin əsas idarələrindən biri olan Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsində də qeydə alınıb. Musavat.com idarədə dövlət büdcəsindən ayrılan vəsaitin necə talandığını, yalan hesabatlarla “silindiyini” sübut edən sənəd əldə edib. Hesablama Palatasının 30 iyul 2015-ci il tarixli Q-115 saylı qərarında göstərilir ki, idarədə təxminən 1 milyon manata yaxın vəsaitin mənimsənildiyi üzə çıxıb. Hesablama Palatası müəyyən edib ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin 1 nömrəli maliyyə və iqtisad regional bölməsi tərəfindən işçilərin İstanbulda istirahəti üzrə xərc edilmiş 18.018 manat, Xızı rayonunun Altıağac qəsəbəsində treninqin təşkili üzrə xərc edilmiş 36.800 manat, Novruz bayramı şənliklərinin keçirilməsi üzrə 5850 manat, silinmiş mal-material qiymətlərinin dəyəri üzrə 47.932.4 manat, mərkəzləşdirilmiş xərclər hesabına verilən mal-materialların çatışmazlığı üzrə 152.783 manat, artıq ödənilmiş əmək haqqı üzrə 665.1 manat, artıq ödənilmiş ezamiyyə xərci üzrə 27.204.8 manat vəsaitin nəğd qaydada, 173.553.8 manat dəyərində mal-materialların natura formasında bərpası, 299.634.5 manat dəyərində mal-materialların isə digər uyğun mallarla əvəz edilməsi, muzeylərə alınmış 46.676.8 manat eksponatların əsas vəsait kimi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən əvəzsiz qaydada verilmiş mal-material qiymətliləri üzrə 560.280,0 manat ƏDV-nin uçota götürülməsi nəzərə alınsın. Bundan əlavə Hesablama Palatası idarənin tabeliyində olan musiqi məktəbləri, mədəniyyət evləri və kitabxanalar üzrə artıq saxlanılmış 108, ştatdankənar işçi adı ilə isə saxlanılmış 32 ştat vahidinin ixtisar edilməsi tapşırılıb. Hesablama Palatasının Kollegiyasının müvafiq qərarının 5.1-ci bəndinə əsasən Mədəniyyət və Turizm Nazirliyi öz növbəsində Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclər hesabına verilməsi rəsmiləşdirilmiş mal-materialların çatışmazlığı üzrə 66.936 manat, o cümlədən Şaroyev adına 35 saylı Musiqi məktəbi üzrə 11.490 manat, F.Əmirov adına 6 saylı Uşaq İncəsənət məktəbi üzrə 8510 manat, Bibi Heybət qəsəbə Mədəniyyət evi üzrə 12.000 manat və 5 saylı Uşaq İncəsənət məktəbi üzrə 6586 manat vəsaitin büdcəyə bərpasını təcili təmin etməlidir. Bundan başqa qeyd edilib ki, nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətə cəlb edilməsi təmin edilsin. Lakin onlar haqda hələlik heç bir tədbir görülməyib. Geri qayıt |