Əsas Səhifə > Cəmiyyət, Manşet > Yeni dəyişiklik yeni rüşvət rıçağına çevrilə bilər...

Yeni dəyişiklik yeni rüşvət rıçağına çevrilə bilər...


8-12-2015, 10:34
Yeni dəyişiklik yeni rüşvət rıçağına çevrilə bilər...
İnzibati Xətalar Məcəlləsinə edilən yeni dəyişikliklər layihəsində nəzərdə tutulan Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinin cərimələnməsi ilə əlaqədar məsələ geniş ictimai müzakirəyə səbəb olub. Bir sıra təhsil ekspertləri məcəlləyə təklif olunan dəyişikliyi dərindən düşünülməmiş yanlış bir addım kimi qiymətləndirir. Maraqlıdır, nəzərdə tutulan dəyişiklik hansı məqsədlərə hesablanıb və mümkün nəticələri nə ola bilər?

Hər şeydən öncə qeyd edək ki, belə bir sanksiyanın tətbiqi digər daha ciddi fəsadların yaranmasına gətirib çıxara bilər.Bu əslində övladının əməlinə görə valideynin cəzalandırılması anlamına gəlir. Hər şeydən əvvəl dərsdən yayınmanın səbəbləri hərtərəfli araşdırılmalı, genış müzakirə olunmalı, yaranan vəziyyətdən çıxış yolu kimi ilk növbədə daxili nizam-intizam qaydalarının gücləndirilməsi üzrə məktəbin məsuliyyətinin artırılması istiqamətində ciddi addımlar atılmalıdır.
Xatırladaq ki, Sovet dönəmində təhsildən yayınmaya görə məktəb rəhbərlərinə qarşı vəzifədən azad olunmaya qədər ən ağır cəza növləri tətbiq edilirdi. Rüb ərzində 40 saat dərs buraxan şagird isə proqram materialını mənimsəməmiş, biliyi isə qiymətləndirilməmış hesab olunaraq həmin şagirdin müvafiq olaraq payız imtahanına cəlb edilməsi və ya təkrar sinifdə saxlanılması barədə qəraq çıxarılırdı.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi səbəblər istisna olmaqla” şərtinə qalınca isə, belə səbəblər həmişə tapılıb və bundan sonra da tapılmayacağına heç kəs zəmanət verə bilməz. Nəzərə alsaq ki, dərsdən yayınmada maddiyatla bağlı məsələlərin də həlledici rolu vardır, onda bu cərimələrin əhalinin müəyyən sosial təbəqəsi üçün əlavə problemlər yaradacağını da istisna etmək olmaz. Hesab edirik ki, məhz dərs hesabına repetitor yanına, digər əlavə kurslara getmək üçün şərait yaradanlara qarşı cəza tədbirlərinin tətbiqi bu sahədə vəziyyətin normallaşmasına öz töhvəsini verə bilər. Məktəb mühitinin sağlamlaşdırılması istiqamətındə konkret tədbirlərin həyata keçırilməsi daha çox effekt verər, nəinki valideynlərin cərimələnməsi. Dərsdən yayınmadan daha ziyanlı tendensiya intişar tapmaqdadır ki, bu da təhsildən yayınmadır. Xüsusilə regionlarda minlərlə 7 yaşlı var ki, onlar təhsilə cəlb olunmayıblar. Məsələyə kompleks yanaşılmalıdır, cərimə çıxış yolu deyil, əksinə təhsildə yeni rüşvət mənbəyidir.
Bir məqamı da xüsusi vurğulamaq lazımdır ki, ölkə təhsilində daha ciddi problemlər var ki, məhz onların həlli yolları tapılmalıdır. Bu sırada isə dərs davamiyyətinə görə valideynlərin 100 manat məbləğində cəzalandırılması ən son sıralarda qərar tuta bilər. Amma nədənsə indi islahatlara məhz bundan başlamaq istəyirlər. Heç kəsə sirr deyil ki, bəzi təhsil ocaqları ən müxtəlif adlar altında rüşvətin toplandığı və böyük pulların dövr etdiyi birjaları xatırladır. Biz isə hamıya məlum olan bir həqiqəti təkrarən xatırladırıq ki, bu kimi məktəblərə ictimai etimad “sıfır nöqtəsi”nin altındadır, övladının təhsilli olmasını istəyən valideynin bir çıxış yolu qalıb: “Uşağının gələcəyi naminə onu məktəbə buraxmamaq, əvəzində boğazından kəsərək pul ödədiyi repititorlara ümid bağlamaq”.
Düzdür, respublikada özünün mütərəqqi ənənələri ilə seçilən, yüksək təhsil göstəriciləri olan çoxsaylı məktəblərimiz var. Amma etiraf olunmalıdır ki, bir sıra məktəblərdə hələ də neqativ hallar qalmaqdadır və məlum dəyişiklik bu neqativ hallar siyahısına yenisinin əlavə olunması ilə nəticələnəcək. Elə bu səbəbdən də sözügedən dəyişikliyə təhsil ekspertləri, ictimai təşkilatlar, hətta deputatlar səviyyəsində mənfi münasibət var. Hər kəs bir ağızdan dəyişikliyin mənfi fəsadlarından söz açır, amma necə deyərlər, artıq gecdi “Qatar gedib”. Bu “qatar”ın özüylə hansı problemləri gətirəcəyi isə gün kimi aydındır. Bunu təxmin etmək üçün nə Milli Məclisin deputatı, nə də Nostradamus olmağa ehtiyac var… Son dəyişiklik onsuz da rüşvətin əldən saldığı orta məktəblərdə rüşvətə yeni nəfəs verəcək. Başqa sözlə, məktəb direktorlarına unikal “rüşvət pası” göndərib.
Axı məsələnin başqa tərəfi də var. Heç əyalət məktəblərini demirik, paytaxt Bakının “göbəyində yerləşən” elə təhsil ocaqları var ki, orada siniflər normal qızdırılmır. İndi düşünək ki, bir çox məktəblərdə istilik olmadığına görə valideyn iki həftə uşağı məktəbə buraxmır ki, xəstələnməsin. O zaman 100 manat pul ödəməlidirmi? Məktəblərdə ən primitiv şəraitin təmin edilmədiyi halda valideynləri “100 manat qorxusu” altında saxlamaqla nəyə nail olmağa çalışır bunlar? Heç düşünmüsünüzmü bundan sonra proseslər necə inkişaf edəcək?
Bu məktəb direktorlarına, rayon, şəhər Təhsil Şöbələrinin rəhbərlərinə yeni qazanc fürsəti tanımaqdır. Tutaq ki, “X”-ın uşağı ay ərzində 7 gün dərsə gəlməyib. Direktor həmin “X”-ı kabinetinə çağırıb, onun qarşısında konkret şərt qoyacaq: “Ya 100 manat cərimə ödəməlisən, ya da ki... Baxıram, kasıb adamsan, buna imkanın yoxdu. Elə mənə 50 manat ver, məsələni həll edim”.
Bax belə, cənablar. Ayın sonunda atasından 50 ya 100 manat alınan şagird isə hər gün məktəb həyətində donaraq oxuduğu Azərbaycan himni ilə fəxr etməyəcək. Və bunun günahı təkcə həmin şagirddə olmayacaq.

Geri qayıt